AZ

Kanada parlamentinin önündə Azərbaycan bayrağı qaldırılıb - FOTOLAR

Kanadanın paytaxtı Ottavada ölkə parlamentinin binası önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib. 

Missiya.Az xəbər verir ki, "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Kanada Azərbaycan Evi, Ottava şəhərində yaşayan diaspor fəalları Nigar Əliyeva və Emin Qaranın birgə təşkilatçılığı ilə baş tutan mərasimdə Kanada parlamentinin deputatı Çandra Arya, Azərbaycanın və Türkiyənin Kanadadakı səfirliklərinin rəsmiləri, Ottava, Toronto, Monreal və digər şəhərlərdə yaşayan Azərbaycan icmasının fəalları, diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbirdə Kanada parlamentinin millət vəkili Çandra Arya, AR Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova və "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova çıxış ediblər. Kanada azərbaycanlılarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edən çıxışçılar bu möhtəşəm hadisənin tarixi, önəmi, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövlətinin dinamik inkişafı barədə fikirlərini söyləyib, tədbir iştirakçılarını bu şanlı gün münasibətilə təbrik ediblər.

Rəsmi hissənin sonunda Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız Səlhət Abbasova, Lalin Həsənova və Nigar Əliyeva tərəfindən Kanada parlamenti önündə səmaya ucaldılıb.

Tədbirdə "Mənim Azərbaycanım" həftəsonu məktəbinin şagirdlərinin ifasında bir sıra Azərbaycan rəqsləri və nağara ritmləri nümayiş olunub, Ottavada fəaliyyət göstərən "Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib. Parlament meydanında təşkil edilmiş tədbir “Yallı” rəqsinin ifası ilə tamamlanıb.

Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
9
missiya.az

10Mənbələr