AZ

Dünən keçirilən imtahanla bağlı abituriyentlərə VACİB XƏBƏR

Dünən I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. 36 minə yaxın abituriyent tələbə adını qazanmaq üçün mübarizə aparıb. 

Maraqlıdır, imtahanla bağlı ilkin nəticələr hansı yöndədir? Abituriyentlər arasında yüksək nəticə göstərənlər yenə çox olacaq? 

İmtahanla bağlı ümumi vəziyyəti “Yeni Sabah”a şərh edən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu ixtisas qruplarında kütləvi yüksək göstəricilərin olacağı ehtimal edilmir:

“Hər il qəbul imtahanlarından sonra suallarla bağlı geniş müzakirələr aparılır. Buna müəyyən qədər əsaslar da var. Çünki Dövlət İmtahan Mərkəzi imtahana dərsliklərdə yer almayan, öz vəsaitlərində olan suallardan salırdı. Bu da şəhər abituriyentləri üçün uyğun, qeyri-şəhər abituriyentləri üçün isə mürəkkəb bir vəziyyət yaradırdı. Amma bu il bildiyiniz kimi, həm buraxılış, həm də qəbul imtahanlarında məsələyə bir qədər aydınlıq gətirilib. İctimai qınaqdan sonra DİM nəhayət ki, imtahan suallarını tədrisin mahiyyətinə uyğun qurmağa başlayıb. Builki qəbul imtahanları ilə bağlı ciddi narazılıq və gərginlik müşahidə olunmur. Sözsüz ki, müzakirələr var, ancaq konkret iddialar yoxdur. 1-4-cü ixtisas qrupu bildiyimiz kimi, çox gərgin olur. Həmin istiqamət üzrə yüksək nəticələr çox az olur. Ona görə də, mən bu imtahanlardan kütləvi yüksək nəticələr gözləmirəm. 1-4-cü qruplarda fənn yükü çox ağırdır. Burada dəqiq elmlər çoxluq təşkil etdiyi üçün həmin qruplarda bir qədər çətinlik yaşanır”.

Ekspert, həmçinin, abituriyent valideynlərinə çağırış edib:

“Dünən bir nəfər abituriyentin intiharı ilə bağlı məsələ də gündəmə gəldi. Biz bu məsələ ilə bağlı ən çox valideynlərə səslənməliyik. Valideynlər xüsusilə bu həssas dövrdə, buraxılış və qəbul imtahanları ərəfəsində övladları ilə ehtiyatlı davransınlar. Fürsətdən istifadə edərək, valideynlərə demək istəyirəm ki, ali təhsil hər şey demək deyil. Şagird yüksək bal yığmayıb, ali məktəbə qəbul olmasa belə, gələcəkdə başqa sahədə, daha bacarıqlı bir sənətkar şəxs ola bilər. Belə məsələlərə görə, narahatlıq, gərginlik yaratmağa ehtiyac yoxdur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
editor.az

10Mənbələr