AZ

Erməni kilsəsi hakimiyyət istədi, Paşinyandan "nokaut" aldı

Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyalarına rəhbərlik etdiyini vurğulayan arxiyepiskop Baqrat - yəni Vazgen Qalstanyan - "müqavimətin ən genişmiqyaslı. qətiyyətli və radikal dövrü"nün başladığını bəyan edib.

Ermənistan Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuş (Tovuzqala) yeparxiyasının arxiyepiskopu İrəvandan Gümrüyə yürüş edərək etiraz aksiyalarının miqyasını və intensivliyini daha da artırmaq niyyətində idi.

Vazgen Qalstanyanın məramı alınmadı, çünki Gümrüdə onun mitinqinə qatılan ermənilərin sayı təxminlənəndən ən azı 15 dəfə az idi.

Statistikanın mənfi məcrada olduğunu görən V.Qalstanyan və ya keşiş Baqrat İrəvandakı son aksiya barədə bəyanatlar verməklə vəziyyəti "normallaşdırmaq" fikrinə düşüb.

Ermənistanın paytaxtında tərəfdarlarını XİN binası qarşısına toplayan və nazir Ararat Mirzoyanın onunla görüşməsini, sonra da istefa verməsini tələb edən keşiş Baqratın bu istəyi siyasi idiotizmin, yaxud da hakimiyyətə gəlmək istəyən şəxsin nə etməyəcəyi barədə nümunə sayıla bilər.

A.Mirzoyanın istefa tələbinin mənası və məntiqi nədir? Bunu keşiş Baqrat bilmirdi, çünki ona belə əmr verilmişdi.

Əmrin müəllifləri erməni kilsəsi (EAK), sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyan, habelə daşnaklar, ABŞ, Rusiya və Fransadakı erməni icmalarının diaspor təşkilatlarının rəhbəri, bir də kənardan maliyyələşən və idarə olunan müxalifət qruplarının başçılarının formalaşdırdıqları "anti-Paşinyan koalisiyası" idi.

Ermənistanın XİN-i hakimiyyətin, daha konkret olsaq, baş nazir Nikol Paşinyanın iradəsinin və mövqeyinin xaricə translyasiya olunduğu strukturdur. XİN başçısının dəyişməsi heç bir halda daxili siyasətə və proseslərə təsir edə bilməz. Keşiş Baqratın tələbinin marazmatik olması da bununla bağlıdır.

Amma hər şey göründüyü kimi bəsit deyil: Ararat Mirzoyanı vəzifəsindən kənarlaşdırmağa çalışan Ermənistanın sabiq prezidenti Robert Köçəryandır.

O, hakimiyyətə gəlmək və baş naziri postuna yiyələnmək üçün aprelin 19-da Tavuş (Tovuzqala) bölgəsində başlatdığı, rəsmi məqsədi Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiyanın, habelə yekun sülh müqaviləsinin imzalanmasının qarşısını almaq, prosesləri dayandırmaq olan aksiyalarla N.Paşinyanı hakimiyyətdən kənarlaşdıra biləcəyinə ümid edirdi.

Keşiş Baqratın sonradan İrəvana yürüşü, Ermənistan paytaxtının mərkəzində mitinqlər keçirməsi, tərəfdarlarına yolları bağlamağı tapşırması, sonda da dövlət qurumlarına və inzibati binalara hücumlar edilərək onların ələ keçirilə biləcəyini "istisna etməməsi" - bütün bunlar cəmiyyətdə hakimiyyətdən ciddi narazılığın olduğunu göstərməli idi.

Olmadı, protest elektoratı adlandırılan kütlənin sayı Paşinyanın postundan kənarlaşdırılması üçün əsla yetərli deyildi.

Keşiş Baqrat artıq ikinci ay davam edən etiraz aksiyaları ilə məqsədlərinin heç birinə nail olmasa da, ambisiyalarından qalmır.

Onun yeni bəyanatı isə ümumiyyətlə, ironiya ilə qarşılanıb.

"İndiki Ermənistan sovet Ermənistanının hüquqi varisi olduğundan erməni kilsəsi məhkəməyə müraciət etməli, sovet hakimiyyəti illərində kilsəmizə vurulmuş bütün zərərlərə və itkilərə görə təzminat tələb etməlidir. Eçmiədzin şəhəri də oranın əsl sahibinə, kilsəyə qaytarılmalıdır".

Keşiq Baqratın siyasi bisavadlığı bir yana - onun elementar məntiqi və ağlı belə, yoxdur.

Vaqarşapat və ya Eçmiədzin şəhəri heç zaman erməni kilsəsinə mənsub olmayıb.

Xatırladaq ki, 1375-ci ildə Kilikiyada erməni hakimiyyəti darmadağın ediləndən sonra erməni kilsəsinin yeri 1441-ci ildə İrəvan yaxınlığındakı Vaqarşapata köçürüldü.

Bundan başqa, ermənilər xristianlığı qəbul etməzdən və kilsə yaratmazdan əvvəl də mövcuddular: onlar Hindistanın indiki Mədrəs vilayətindəki qaraçı tayfalarının bir hissəsi kimi Qərbə doğru köç edərək Qafqazda, İranda və Anadoldu məskunlaşanda keşişlər yoxdular.

Əzəli alban yaşayış məskəni, indiki Eçmiədzin şəhərinin tarixi də Erməni Həvariyun (Apostol) Kilsəsinin tarixindən çox qədimdir.

Dövlətdən və xalqdan "təzminat" tələb edən keşiş Baqrat hələ də anlamır ki, belə marazmatik bəyanatlaı, xüsusilə də şouya çevirdiyi "etiraz aksiyaları" vasitəsilə ermənilər arasında onsuz da nüfuzunu sürətlə itirən kilsənin çəkisini həndəsi silsilə ilə azaltmaqdadır.

Məhz keşiş Baqratın aksiyaları Ermənistan hakimiyyətini son dövrlərdə aşkar və kobud şəkildə siyasətə müdaxilələrlə məşğul olan, hətta baş nazir postunu ələ keçirmək istəyən kilsəyə qarşı sərt addımlar atmağa vadar edib.

Ermənistanın baş naziri Nikol Paşinyan kilsənin ifrat "azadlığı"nın, daha doğrusu, özbaşınalığının, külli miqdarda maliyyə vəsaitini və əmlakı vergilərdən yayındırmasına son qoymaq qərarına gəlib. Eyni zamanda o, EAK-ı "kənar qüvvələrin təsir agentlərindən təmizləmək" niyyətini də açıqlayıb.

Məhz N.Paşinyanın bəyanatından sonra kilsə əmlakına vergi tətbiq edilməsi barədə qanun layihəsinin hazırlanmasına başlanıb.

Paşinyanın kilsə ilə ixtilafı əslində onun və komandasının Ermənistanda hakimiyyətə iddialı olan bütün qüvvələrlə mübarizəsinin tərkib hissəsidir.

Erməni kilsəsi xarici ölkələrdəki erməni diasporu və Ermənistanda əslən qarabağlı ermənilərdən ibarət, "qarabağlılar klanı" adlanan, sabiq prezidentlər Robert Köçəryanın və Serj Sarqsyanın başçılıq etdikləri strukturla işbirliyinə başlayaraq hakimiyyəti qəsb etmək niyyətindədir.

EAK-ın katolikosu 2-ci Qareginin özünü "ermənilərin mənəvi dayağı, ən böyük nüfuz daşıyıcısı" hesab etməsi onun ambisiyalarından xəbər verir.

Əgər əvvəllər Ermənistanın hakimiyyət dairələri erməni kilsəsinin başlıca ideologiyası olan revanşizmi, irqçiliyi, dini və etnik zəmində nifrəti, terrorçuluğu, ərazi iddialarını və saxta tarixi tam dəstəkləyərək milli-siyasi kursa çevirmişdisə, Paşinyan administrasiyası yürütdüyü siyasətdə və strategiyada bu zəhərli ideologemlərin çəkisini və sayını azaltmağa çalışır.

Azərbaycanla sülh danışıqları aparan, şərti dövlət sərhədinin delimitasiya və demarkasiya prosesinə başlayan Nikol Paşinyana indi həm daxildə, həm də erməni diasporunda ən ciddi maneələr yaradan əsas qüvvələrdən biri erməni kilsəsidir.

Keşiş Baqrat və onun təmsil etdiyi kilsə hakimiyyətə qarşı əvəllər milli-siyasi motivlərlə yüklənmiş şüarlarla ermənilərə müraciət edirdisə, indi "hakimiyyətin İblisə satılması, Paşinyanın dinə nifrət etməsi" ilə bağlı narrativləri ermənilər arasında yaymağa çalışır.

Katolikos 2-ci Karegin və keşişlər bilirlər ki, toplam intellektual səviyyəsi yüksək olmayan erməni cəmiyyətində belə çağırışlar mənasız sayıla bilməz.

Və məhz bu səbəbdən erməni kilsəsi etiraz aksiyalarının rəhbəri qismində ortaya arxiyepiskop Baqratı çıxararaq ermənilərin dini hisslərini istismar etmək, onların etibarından yararlanaraq ölkədə faktiki hakimiyyət uğrunda mübarizədə istifadə etməkdədir.

Erməni kilsəsi üçün baş nazir postunda keşiş Baqratla yanaşı, sabiq prezident Robert Köçəryan da sərf edir. Əgər marionet Vazgen Qalstanyan kilsədən, yəni Eçmiədzindən gələn bütün əmrləri yerinə yetirəcək fiqurdursa, Robert Köçəryan da hakimiyyətdə qalmaq üçün kilsə ilə mütləq dil tapmağa çalışacaq.

Di gəl, erməni kilsəsinin ümidləri puç olmağa məhkumdur. Keşiş Baqratın, yəni Vazgen Qalstanyanın başçılıq etdiyi aksiyaların heç bir perspektivi yoxdur.

Təbii ki, kilsə ilə qarşıdurmanın sərtləşməsi Nikol Paşinyanla hazırda aksiyaları dəstəkləyən və maliyyələşdirən erməni diasporu arasında onsuz da sərin münasibətləri daha da pisləşdirəcək.

Olsun, bütün bunlar Nikol Paşinyanın vecinə də deyil.

Elçin Alıoğlu
TREND

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
4
milli.az

10Mənbələr