AZ

Bakıda tezliklə "yaşıl dalğa"ya ehtiyac qalmayacaq: Tıxacdan qurtarmaq üçün hansı yeniliklər olacaq?

Günü-gündən abadlaşan Bakı turistlərin ən çox seçdiyi şəhərə çevrilir. İnsanyönümlü şəhərə doğru bir çox yeniliklərin tətbiq edildiyi paytaxtımızın avtomobil yollarında nəqliyyatın rahat və intensiv hərəkəti üçün bir sıra ciddi addımlar atılır. Doğrudur, hələ də nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan, sıxlıqlara səbəb olan nəqliyyat vasitələrinə, eləcə də avtoxuliqanlıq edən sürücülərə rast gəlirik. Amma necə deyərlər, Moskva bir günə inşa olunmayıb.
Şəhərdə baş verən hər bir hadisə aidiyyəti qurumların səlahiyyəti çərçivəsində müşahidə edilir və ehtiyac yarandıqda gündəlik baş verən hadisələrlə bağlı digər qurumlara da məlumat ötürülür. Evdən avtomobillə çıxmısınızsa, demək, artıq izlənirsiniz.
Bəzən deyirlər ki, necə olur ki, bir küçədə qəza baş verir və polis dərhal hadisə yerinə gəlir? Kimsə itkin düşür, dərhal son dəfə görüldüyü ərazi müəyyən edilir? - Bütün bunlar məhz paytaxt küçələrində quraşdırılan müşahidə kameraları vasitəsilə müəyyən edilir.
Oxu.Az-ın əməkdaşları bu dəfə sizi Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) və onun fəaliyyət istiqamətləri ilə tanış edirlər.
Adından da göründüyü kimi, burada intellektual idarəetmə sistemi tətbiq edilir ki, bu da digər idarəetmə üsullarından bir çox cəhətlərinə görə fərqlənir.
Mərkəzin əməkdaşları birbaşa paytaxt yollarındakı vəziyyətə nəzarət edirlər. Onlar monitorlar vasitəsilə mütəmadi olaraq müvafiq ərazilərdə xidmət aparan Dövlət Yol Polisi əməkdaşları ilə rabitə əlaqəsinə çıxırlar. Belə ki, yollarda baş verən qəza, işıqforlarda yaranan nasazlıq, sürücülərin yolun hərəkət hissəsində dayanaraq sıxlıq yaratmaları, eləcə də pik saatlarda nəqliyyat axınının daha intensiv olduğu yerlər barədə məlumat verirlər.
Çəkiliş boyunca monitorlardan müşahidə edirik ki, paytaxtın Yusif Səfərov, Rəşid Behbudov, Füzuli, 28 May küçələrində, eləcə də Bakı-Sumqayıt şosesində nəqliyyatın hərəkətində sıxlıq daha çoxdur. Eyni zamanda, günün ikinci yarısında Azadlıq prospekti, Koroğlu Rəhimov, Ağa Nemətulla, Zərifə Əliyeva küçələri istiqamətlərində də sıxlıqlar müşahidə edilir.
Bizi NİİM-in Mətbuat Xidmətinin rəhbəri Ömər Xıdırov müşayiət edir. Fürsətdən istifadə edib sürücü kimi özümü və digər hərəkət iştirakçılarını narahat edən bir çox suallara cavab tapmağa çalışıram.
- Avtomobil yollarında hər dəqiqənin hökmü var. Saniyələr içində tıxac, qəza, bədbəxt hadisə ola, eləcə də hansısa faciənin qarşısı alına bilər. Bəzən sürücülər yollarda tıxacları yaradan amillərdən birinin məhz yol infrastrukturu ilə bağlı olduğunu deyirlər. Bu əsaslıdır, yoxsa səbirsizlikdən irəli gələn arqumentdir?
- Hərəkətin daha intensiv olduğu küçə və prospektlərdə - Ziya Bünyadov, 8 Noyabr, Babək, Bakı-Sumqayıt şosesi, eləcə də Heydər Əliyev prospektində tək günün pik saatlarında deyil, digər vaxtlarda da nəqliyyatın sıxlığı müşahidə edilir. Bunun obyektiv və subyektiv səbəbləri var. Əsas amillərdən biri -yolların ölçülərinin nəqliyyat vasitələrinin sayına uyğun olmamasıdır. Digər bir səbəb günü-gündən sayı artan avtomobillərin daha çox Bakıda cəmləşməsidir. Bundan başqa, bəzi yaşayış binalarının yeraltı dayanacaqlarının, bir sıra ticarət obyektlərinin, ali təhsil müəssisələrinin dayanacaqlarının olmaması səbəbindən sürücülər avtomobilləri yolun hərəkət hissəsində və ya dayanma və durmanın qadağan edildiyi zonalarda park edirlər. Bu səbəbdən də həm həmin, həm də bitişik küçə və prospektlərdə sıxlıqlar yaranır.
Bəzi yollarda isə sıxlığa "butulka effekti" səbəb olur. Məsələn, Heydər Əliyev prospektində nəqliyyat axını çoxzolaqlı yoldan bir anda ikizolaqlı yola keçir. Biz buna "butulka effekti" deyirik. Bu, obyektiv səbəb kimi qeyd edilə bilər. Ancaq elə səbəblər də var ki, birbaşa bəzi sürücülərin özlərindən qaynaqlanır. Onlar yol hərəkəti qaydalarına düzgün riayət etmirlər. Məsələn, nəqliyyat vasitələrinin anidən soldan sağa və əksinə manevr etmələri qəza şəraiti törətməklə yanaşı, digər nəqliyyat vasitələrinin hərəkətinə də maneə yaradır.
- Axı tez-tez texniki nasazlıq səbəbindən yollarda qalan nəqliyyat vasitələri də az deyil... Bu da tıxacların yaranmasına səbəb deyilmi?
- Təəssüf ki, müşahidə kameraları ilə izləyərkən bu məqamlara da rast gəlirik. Bakı-Sumqayıt şosesində, Heydər Əliyev, Ziya Bünyadov, Babək prospektlərində, Yusif Səfərov küçəsində və digər mərkəzi küçə və prospektlərdə günün müxtəlif saatlarında texniki nasaz nəqliyyat vasitələri yolda qalır. Təsəvvür edin ki, Bakı-Sumqayıt şosesində günün istənilən saatında bir nəqliyyat vasitəsinin yolun hərəkət istiqamətində qalması bir zolağın tutulmasına və bu səbəbdən yaranan sıxlığın uzunluğunun Xırdalan dairəsinə kimi çatmasına gətirib çıxarır.
Eləcə də, yollarda maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrindən sonra sürücülərin sığorta şirkəti nümayəndələrini gözləmələri də sıxlığa səbəb ola bilir. Müşahidə edirik ki, həmin yolda qəza anına qədər ciddi sıxlıq olmasa da, qəzadan sonra sıxlıq yaranır. Cari ilin ilk beş ayında NİİM-in müşahidə kameraları yolda 500-ə yaxın texniki nasaz nəqliyyat vasitəsinin qaldığını, eləcə də 400-dən çox yol-nəqliyyat hadisəsi olduğunu təsbit edib. Bu kimi hallarda tərəfimizdən aidiyyəti üzrə ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilir və ən qısa zamanda yollarda nəqliyyatın intensiv hərəkətinə mane olan problemin aradan qaldırılması təmin edilir.
- Yollarda tez-tez qarşılaşdığımız problemlərdən biri işıqforların nasaz vəziyyətdə olmasıdır. Həmçinin, işıqforlarda müddət hansı meyarlarla tənzimlənir?
- Paytaxt ərazisində 152 yolayrıcında quraşdırılmış işıqforlar birbaşa NİİM tərəfindən idarə olunur. Yəni işıqforların işıqları bizim tərəfimizdən nizamlanır. Zəruri vaxtlarda, məsələn, işıqforun qırmızı işığı yanırsa, "yaşıl dalğa" rejimi tətbiq edə bilirik. Yaxud da hansısa küçədə yaşıl işıq yanırsa, ehtiyac yarandığı halda orada qırmızı işığa keçirə bilirik. Təbii ki, 152 yolayrıcı, əsasən, mərkəzi küçələri əhatə edir. Cari ilin beş ayı ərzində tərəfimizdən işıqforlara müvafiq olaraq 20 mindən çox "yaşıl dalğa" rejimi tətbiq edilib. Bəzi hallarda sosial şəbəkələrdən də bizə müraciətlər daxil olur. Əslində, bütün bunlar aparılan müşahidələr əsasında tətbiq edilir.
O ki qaldı işıqforların texniki cəhətdən nasaz olması ilə bağlı fikirlərə, bununla əlaqədar texniki əməkdaşlarımız mütəmadi olaraq şəhər ərazisində monitorinqlər aparırlar. Eyni zamanda, müşahidə kameraları vasitəsilə də nəzarət olunur. İşıqforlarda texniki nasazlıq yaşanan zaman texniki əməkdaşlar həmin yerə çatana qədər dərhal ərazi üzrə yol polisinə məlumat verilir və problem aradan qaldırılanadək ərazidə nəqliyyatın təhlükəsiz hərəkəti tənzimlənir.
- Bir çox işıqforların istismar müddətini başa vurduğunu düşünürük. Düzdür, bu barədə rəsmi qaydada hər hansı rəqəm və ya məlumat açıqlanmayıb. Amma ümumiyyətlə, NİİM tərəfindən yeni işıqforların alınması gözlənilirmi?
- NİİM yollarda təhlükəsiz hərəkətin təmin olunduğuna nəzarət etmək və mövcud problemlərin qısa zamanda aradan qaldırılması üçün aidiyyəti üzrə operativ məlumat ötürür. Bununla yanaşı, bizim əməkdaşlar mütəmadi olaraq xarici ölkələrdə keçirilən təlimlərə qatılır və onların təcrübələrini öyrənirlər. Qarşıda duran əsas məqsədlərdən biri yaxın zamanlarda paytaxtın əsas küçə və prospektlərində "ağıllı işıqforlar"ın (adaptiv) quraşdırılmasıdır.
Bakıda nəqliyyatın rəqəmsal yanaşmalarla tənzimlənməsi sahəsində işlər görülür. Bu məqsədlə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan "ağıllı işıqforlar"ın tətbiqi istiqamətində bir neçə xarici dövlətin təcrübəsi araşdırılır. Buna görə həmin ölkələrə səfərlər təşkil edilir. Bu işıqforlar olduqdan sonra yollara quraşdırılan detektorlar vasitəsilə işıqforun kontrolleri mövcud vəziyyəti qiymətləndirəcək və hərəkətin tənzimlənməsini özü həyata keçirəcək. Məsələn, hansısa küçə və prospektdə sıxlıq varsa, həmin yola "yaşıl dalğa" verilməsinə ehtiyac olmayacaq. Bu istiqamətdə işlər davam etdirilir. Ən qısa zamanda bunun tətbiqinə başlanılacaq.
Bəzən müvafiq dövlət qurumları tərəfindən müxtəlif ərazilərdə qazıntı və digər işlər aparılır. Bu zaman müvəqqəti olaraq elektrik enerjisinin dayandırılmasına ehtiyac olur. Təbii olaraq, bu zaman işıqforlar da qısa müddət çalışmır. Sürücülər bunu işıqforlarda texniki nasazlıq kimi qiymətləndirirlər. Bu zaman aidiyyəti qurumlar bizə məlumat verir və həmin təmir işləri yekunlaşanadək ərazidə nəqliyyatın intensiv və təhlükəsiz hərəkətini DYP əməkdaşları təmin etməyə çalışırlar.
Çox az hallarda yol-nəqliyyat hadisələri zamanı işıqforlara ciddi ziyan dəyir və hətta idarəetmə qutusu sıradan çıxır. Bu zaman artıq həmin işıqforun yerinə yenisi quraşdırılmalı olur. Təbii ki, bu proses zaman aldığı üçün onun əvəzinə müvəqqəti olaraq daşınabilən işıqforlar qoyulur. Ən qısa müddətdə isə işıqfor yenisi ilə əvəz edilir.
- Bəs "ağıllı işıqforlar"ın ilkin olaraq pilot layihə kimi hansı küçələrdə və neçə ədəd quraşdırılması planlaşdırılır?
- Rəqəm demək hələ ki mümkün deyil. Lakin onu deyim ki, ilkin olaraq bunların problemli yolayrıclarında quraşdırılması nəzərdə tutulur.
- NİİM küçə və prospektlərdə işıqfor, eləcə də piyada keçidlərinə ehtiyac yaranması ilə bağlı monitorinqlər aparır. Bu il aparılan monitorinqlər nəticəsində hansı küçə və prospektlərə işıqforların quraşdırılması planlaşdırılır?
- Məsələn, monitorinqlər nəticəsində məlum olub ki, metronun "8 Noyabr" stansiyası yaxınlığında işıqforla nizamlanan piyada keçidinə ehtiyac var. Yaxın zamanlarda həmin ərazidə işlərə başlanılacaq. Artıq aidiyyəti dövlət qurumları ilə danışıqlara başlanılıb. Monitorinqlər davam etdirilir. Hərəkət iştirakçılarına təhlükə ehtiva edən küçə və prospektlər müəyyənləşdirildikcə piyadalar üçün nizamlanan işıqforların quraşdırılması prosesi mərhələli şəkildə davam etdiriləcək.
- Bəs şəhərdəki mövcud müşahidə kameralarının yenilənməsi nəzərdə tutulur? Ümumiyyətlə, istifadə müddətini başa vurmuş nə qədər müşahidə kamerası var?
- Paytaxtın əsas küçə və prospektlərindəki müşahidə kameralarının müasirləri ilə əvəz olunması proseslərinə artıq başlanılıb. Yeni müşahidə kameraları bizə yollardakı vəziyyəti günün istənilən saatında - gecə və gündüz işıqlı, aydın formada görməyimizə şərait yaradır.
- Paytaxt yollarında bir çox elektron məlumat tabloları da işləmir. Bu da NİİM-in tabeliyindədir?
- Bəzi ərazilərdə istismar müddətini başa vuran bir neçə elektron məlumat tablosu var. Bu məsələ də diqqətimizdədir. Onların yenilənməsi istiqamətində işlər görülür. Yaxın zamanlarda mərhələli şəkildə bu proseslərin də həyata keçirilməsi istiqamətində işlər görüləcək.
- Bəzən sürət həddi əks edilən lövhələrdən birində "X" işarəsi olur. Bu nəyin xəbərdarlığıdır?
- Bu, sürücülər üçün öncədən xəbərdarlıqdır. Məsələn, hər hansısa bir yolun 50-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib və ya təmir işləri gedir. Yolun həmin hərəkət zolağı üzərindəki sürət məlumat tablosundakı sürət həddi yerində "X" işarəsi qoyulur. Tutaq ki, Zığ şosesindən mərkəzə doğru gedən yolda təmir işləri gedir. Bu dediyim məqam həmin şosedə tətbiq edilir. Sürət həddi də 90 km/saat-dan 80 km/saata salınıb. Sürücülər ilk növbədə özləri özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünməlidirlər. Bütün sürücülərdən xahiş edirik ki, məlumat lövhələrinə diqqətli yanaşsınlar və qaydalara riayət etsinlər. Qaydalara düzgün riayət etməklə mənzilbaşına təhlükəsiz çatacaqsınız.
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
oxu.az

10Mənbələr