AZ

Azərbaycan-Pakistan əlaqələri uğurla inkişaf edir 

Xarici işlər naziri Ceyhun Bayramovun İslamabada səfəri zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq vəziyyət də müzakirə olunub

Azərbaycanın xarici siyasətində Pakistan İslam Respublikası ilə münasibətlər mühüm yer tutur. Hazırda iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistana rəsmi səfəri də qarşılıqlı münasibətlərin davamlı olaraq inkişaf etməsinin göstəricisidir.

Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramov mayın 30-da Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. Nazirlər arasında təkbətək görüşdən sonra geniş tərkibli formatda nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə nazirlər Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirərək, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına xüsusi təkan verdiyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı zaman, 44 günlük Vətən müharibəsində, eləcə də müharibədən sonrakı dövrdə Azərbaycana göstərdiyi güclü siyasi və mənəvi dəstəyə görə Pakistana minnətdarlığını bildirib. Ceyhun Bayramov Cammu və Kəşmirlə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyinin bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslandığını vurğulayıb.

İki ölkə arasında energetika, informasiya texnologiyaları, əczaçılıq, ağır və yüngül sənaye, kimya, kənd təsərrüfatı, turizm, nəqliyyat, müdafiə, təhsil, humanitar və digər sahələrdə hərtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İki ölkə arasında birbaşa uçuşların turizmin və insanlar arasında əlaqələrin inkişafına geniş töhfə verdiyi diqqətə çatdırılıb. Təhsil və humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı, hər iki ölkədə təhsil müəssisələrində fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin mövcudluğu, təlim proqramları məmnunluqla qeyd olunub.

Nazirlər Azərbaycanla Pakistan arasında Birgə Hökumətlərarası Komissiyanın əlaqələrin daha da dərinləşməsi və qarşılıqlı sərmayələrin artırılması baxımından vacibliyini qeyd ediblər.

Görüşdə tərəflər Azərbaycanın Pakistanla müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıblar.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP) ev sahibliyinin müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesi, postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri, eləcə də mina təhdidi barədə geniş məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İkitərəfli görüşlərdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçirilib, media nümayəndələrinin sualları cavablandırılıb. Mətbuat konfransında Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bildirib ki, ölkəsi hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. O qeyd edib ki, Pakistan Azərbaycanın normallaşma istiqamətində səylərini qiymətləndirir və dəstəkləyir: “Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir. Biz Azərbaycanı Qarabağda suverenliyini bərpa etməsi münasibətilə təbrik edirik”. 

Ceyhun Bayramov da deyib ki, keçmiş münaqişə dövründə, o cümlədən 44 günlük müharibə zamanı və daha sonrakı dövrdə Pakistanın Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstəyi yüksək qiymətləndiririk. Onun sözlərinə görə, Azərbaycanın da Cəmmu və Kəşmir məsələsində mövqeyi hər zaman dəyişməz olub: “Azərbaycan bu problemin sülh yolu ilə, eyni zamanda, BMT TŞ-nin müvafiq qətnamələri əsasında və beynəlxalq humanitar hüquq çərçivəsində həllini dəstəkləyir”.

Nazir bildirib ki, Azərbaycanın işğaldan azad olunan torpaqlarında həyata keçirdiyi reabilitasiya və yenidənqurma işləri barədə Pakistan XİN rəhbərini məlumatlandırıb: “Qeyd etdim ki, uzunmüddətli mina problemi bizim səylərimizə mane olur”. “Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissəsində delimitasiya ilə bağlı son razılaşma və Ermənistanın uzun müddətdir işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılması normallaşma prosesinə müsbət töhfə verir. Azərbaycan sülh prosesinə sadiqdir və biz ümid edirik ki, bu, bütövlükdə firavan və təhlükəsiz region üçün müsbət nəticələr verəcək”,-deyə C.Bayramov vurğulayıb.

Mayın 30-da xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində Pakistan Prezidentinin vəzifələrini icra edən, Senatın sədri Sayed Yusuf Raza Gilani ilə də görüşüb. Görüş zamanı, Azərbaycan və Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlərlə yanaşı, regional və beynəlxalq vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Regional və beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşılıqlı dəstək və fəaliyyət məmnunluqla qeyd olunub. Bununla yanaşı, digər müxtəlif regional çoxtərəfli formatlarda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

İşğaldan azad olunmuş ərazilərdə hazırda görülən genişmiqyaslı bərpa işləri, habelə Azərbaycan və Ermənistan arasında aparılan normallaşma və sülh danışıqlarından bəhs edən nazir ölkəmizin hər iki istiqamət üzrə fəaliyyətinin regional sülh və sabitliyə hesablandığını diqqətə çatdırıb.

Ceyhun Bayramov, eyni zamanda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və danışıqlar prosesi barədə qarşı tərəfi məlumatlandıraraq, iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyimizi bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nardar BAYRAMLI

Seçilən
122
50
yeniazerbaycan.com

10Mənbələr