AZ

"Gənc arıçı" layihəsinin təlim mərhələsinə start verilib

"Yaşıl dünya naminə həmrəylik ili" və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən "Gənc arıçı" layihəsinin növbəti mərhələsi Qəbələ rayonunda davam edir.
Oxu.Az xəbər verir ki, bu il Qəbələ rayonunda keçirilən "Gənc arıçı" layihəsi çərçivəsində ilkin mərhələ olaraq layihənin seçimləri baş tutub. Layihəyə qatılmaq üçün Qəbələ və ətraf rayonlardan 50-dən çox müraciət qəbul edilib. Onlardan 39-u iştirak üçün uyğun hesab edilərək seçim mərhələsinə dəvət alıb. Seçim turunda 20 gənc ailə layihədə iştirak hüququnu qazanaraq təlimlərə cəlb olunub.
Gənc arıçılar 22 may 2024-cü il tarixindən etibarən Qəbələ rayonunda keçirilən üç mərhələdən ibarət bir aylıq təlim müddətində nəzəri və praktiki biliklər əldə edəcək, təlim müddətini tamamladıqdan sonra arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər lazımi ləvazimatlarla tam təchiz olunacaqlar. Növbəti mərhələdə isə iştirakçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılaraq arı ailələrinin paylanması həyata keçiriləcək.
Xatırladaq ki, "IDEA" İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyinin və "ABAD" publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
18
oxu.az

10Mənbələr