AZ

“Müstəqilliyimizə təhdidlər ən çox hardan gəlir: Qərbdən, ya Rusiyadan?”- İstiqlalçı deputat

“Azərbaycan iki əsrə yaxın o dövlətin tərkibində yaşayıb. Bu baxımdan Moskva bu gün də ölkəmizi özünün təsir, nüfuz dairəsi hesab edir. Ona görə də...”
 
“Müstəqilliyimizə təhdidlər həmişə olub və bundan sonra da olacaq. Ancaq elə təhdidlər var ki, müəyyən dərəcədə təsir edir, elələri də var ki, təhlükəli səviyyədədir. Hazırda, demək olar ki, Azərbaycan üçün təhlükəli səviyyədə olan təhdidlər yoxdur. Lakin ölkəmizi öz təsir dairəsinə salmaq, nüfuz dairəsində saxlamaq istəyən böyük güclər var. Və belə güclər mövcud olduqca da həmin təhdidlər davam edəcək. Hər şey Azərbaycan dövlətinin öz daxili sabitliyini qoruyub saxlamasından asılı olacaq”.
 
Bu fikirləri istiqlalçı deputat, Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov Moderator.az əməkdaşının “Necə hesab edirsiz, bu günlərdə ilk müstəqil, demokratik dövlətçilik qurumunun – Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümünü qeyd edən, müstəqilliyinin bərpasının isə 33-cü ili olan Azərbaycanın dövlət müstəqilliyinə hələ də ciddi təhdidlər varmı?” sualını cavablandırarkən ifadə edib. 
 
“Bəs bu təhdidlər, sizcə daha çox haradan gəlir: Qərbdən, yoxsa Rusiyadan?” sualına isə siyasətçi belə cavab verib:
 
“Təbii ki, belə təhdidlər ilk növbədə Rusiyadan gəlir. Çünki o, Azərbaycanın qonşuluğunda olan ən böyük dövlətdir. Və Azərbaycan iki əsrə yaxın o dövlətin tərkibində yaşayıb. Bu baxımdan Moskva bu gün də ölkəmizi özünün təsir, nüfuz dairəsi hesab edir. Ona görə də təhdid ilk növbədə Rusiyadan gəlir. Ancaq eyni zamanda Qərbin də regionda xüsusi maraqları var. Və o dövlətlər də Azərbaycanı öz təsir dairələrinə salmaq və həmin dairədə saxlamaq üşün siyasətlərini davam etdirirlər və etdirəcəklər...”
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
50
moderator.az

10Mənbələr