AZ

Azərbaycanın sabiq müdafiə naziri vəfat edib

Dadaş Rzayevin hansı xəstəlikdən öldüyü açıqlanmayıb

Mayın 28-də Azərbaycanın sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev vəfat edib.

Onun hansı xəstəlikdən vəfat etdiyi açıqlanmayıb.

Dadaş Rzayev 1993-cü il fevralın 20-dən iyunun 17-nə qədər Azərbaycanın müdafiə naziri olub.

Dadaş Rzayev 1935-ci ildə Goranboy rayonunda anadan olub.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılıb, ardınca Hərbi Hava Desantçıları Məktəbinə göndərilib və II kursda tağım komandirinin müavini təyin edilib.

 Dadaş Rzayev həmin məktəbdə də "Qızıl Ulduz” ordeni ilə təltif olunub.

Orta Asiyada xidmət edərkən Dadaş Rzayev Azərbaycanda qulluq etmək istədiyini bildirib və Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edib.

Rzayev 1970-ci ildə Moskvada M. F. Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirib.

1973-cü ildə akademiyanı əla qiymətlərlə bitirən D.Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edib.

O, yeganə azərbaycanlı olub ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general rütbəsi daşıyıb.

Azərbaycan hökumətinin çağırışı ilə D. Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışıb.

O, 1991-ci ildə müdafiə nazirinin müavini təyin olunub. Birinci ordu korpusunun komandiri olan D.Rzayev Başkənd əməliyyatı ilə yadda qalıb.

1993-cü ildə Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə qiyamı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edilib.

Ondan sonra Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri olur.

D.Rzayev 2014-cü ildə Azərbaycan Veteranlar Şurasının sədri seçilib.

Bir il sonra "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə” "Şöhrət” ordeni ilə təltif edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
18
arqument.az

10Mənbələr