AZ

İrəvanda gərginlik...

Arxiyepiskop Baqrat Qalstanyan əhalini itaətsizliyə çağırır, polis təhlükəsizliyi gücləndirir

Azərbaycanın Qazax rayonunun 4 kəndinin geri qaytarılması ilə bağlı əldə edilən razılıqdan sonra Ermənistandakı revanşist qüvvələr hakimiyyətə qarşı etirazlar təşkil edir. Revanşistlər bu razılaşmanı həzm edə bilmir və Paşinyan hakimiyyətini “qorxaqlıqda” və “satqınlıqda” ittiham edirlər. Etiraz aksiyaları tərəflər arasında razılaşmanın əldə edildiyi gündən - aprelin 19-dan başlayıb. 

Baş nazir vəzifəsinə keşiş Baqrat namizəddir

Məsələ onadır ki, sərhədlərin delimitasiyası və 4 kəndimizin geri qaytarılması erməni cəmiyyətində aqressiyanı artırmaqdadır. Bu məsələ rəsmi şəxslər, siyasətçilərlə yanaşı, erməni keşişlərini də siyasətdə “fəallaşmağa” sövq edib. Belələrindən biri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyandır. Etiraz aksiyalarına ilk günlərdən qoşulan Qalstanyan artıq aksiyaların “liderinə” çevrilib. O, İrəvana yürüşün də əsas təşkilatçısıdır. Belə ki, bu keşişin başçılıq etdiyi  “Vətən naminə Tavuş” hərəkatı sərhədyanı Kirants kəndindən Azərbaycanla delimitasiya əleyhinə İrəvana yürüşə başlayıb və mayın 9-da yürüş iştirakçıları İrəvana çatıb. Həmin tarixdən paytaxtda bir neçə dəfə mitinq keçirildikdən sonra aksiyalarda fasilə yaranmışdı. Lakin keşiş Baqratın rəhbərliyi ilə mayın 26-da yenidən aksiyalara start verilib. Həmin gün revanşist müxalifət tərəfindən Baqrat Qalstanyanın baş nazir postuna namizədliyi irəli sürülüb. Qalstanyan bildirib ki, heç vaxt məsuliyyətdən yayınmağa çalışmayıb. Onun sözlərinə görə, baş nazir postuna namizədliyini bütün ermənilərin katolikosu ilə müzakirə edib və qərara gəlib ki, din xadimi kimi 30 illik fəaliyyətinə ara versin. Eçmiədzin kilsəsindən də bildirilib ki,  Baqrat Qalstanyanın ruhani xidmətini dayandırması məsələsi katolikosluqda müzakirə edilib. Qeyd olunub ki, keşişə müsbət cavab verilib: “Arxiyepiskopun ruhani rütbəsi saxlanılır, amma onun mənəvi və inzibati xidmətinə xitam verilir”.

Polisdən Baqrata çağırış

Mayın 27-də səhər arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb, İrəvanda küçələri, dövlətlərarası magistral yolları, rayonlararası yolları bağlayıblar. Baqrat deyib ki,  İrəvanın mərkəzindəki “Respublika” meydanından yalnız Lori və Tavuşa gedən yollar açıq qalmalıdır: “Meğridən başlayaraq bütün digər mümkün və qeyri-mümkün yollarla, hər yerdə vətəndaş itaətsizliyi aktları baş verəcək. Bütün yerlərdə. Biz hakimiyyət nümayəndələrinə təzyiq göstərməliyik, işə getmələrinə imkan verməməliyik, çünki onların işi yoxdur, bu işdən çoxdan qovulublar, heç nəyə cavabdeh deyillər”.

Ermənistan polisi isə dünən etirazçılara qarşı sərt tədbirlər görməyə başlayıb. Polisin qanuni tələblərini yerinə yetirməyən aksiya iştirakçıları saxlanılaraq ərazidən kənarlaşdırılıb. Dünən günorta saatlarına qədər İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı ümumilikdə 273 etirazçı saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin dünən saat 13:00-a olan məlumatında bildirilib. Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə polis şöbələrinə aparılıblar. Saxlanılanlar arasında parlamentdəki müxalif “Ermənistan” fraksiyasının üzvü Aşor Simonyan da olub. Amma sonradan onun buraxıldığı bildirilib. Polisin müdaxiləsindən sonra  Daxili İşlər Nazirliyinin mətbuat xidməti vurğulayıb ki, İrəvanda bağlanan küçə yoxdur. Ermənistanın polis rəisi Aram Hovhannisyan isə  jurnalistlərlə söhbətində etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Srbazanı sakitliyə və normal davranmağa çağırıb: “Ona özünü normal aparmağa nəsihət edin, xalqı isə normal davranmağa çağırın”. O, əlavə edib ki, polis qanun çərçivəsində fəaliyyət göstərir və heç kimi lazımsız yerə saxlamır: “Biz səkidə dayanan heç bir vətəndaşı lüzumsuz saxlamırıq. Kameralardan görünür ki, onlar yolu kəsirlər”.

Ümumiyyətlə, ermənilərin uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı və işğal siyasətində erməni kilsəsi hər zaman mühüm rol oynayıb. Hələ ötən əsrin əvvəllərində başlanan bu planda erməni kilsəsi vahid mərkəz kimi çıxış edib. Erməni siyasi partiyaları, əsasən də “Daşnaksütyun” partiyası, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı basqınlarında aparıcı rol oynamağa başlayanda bütün proseslər kilsə tərəfindən idarə edilib, tədbirlər kilsələrdə keçirilib, kilsələr silah anbarı kimi istifadə olunub. Eləcə də kilsə xadimləri azərbaycanlılara qarşı hücumlarla bağlı çağırışlar ediblər.

Erməni kilsəsi revanşist müxalifət rolunda 

Müasir dövrdə də Azərbaycan torpaqlarına qarşı işğalçılıq ideologiyasının əsas “ilhamvericilərindən” biri məhz erməni kilsəsi və onun başında dayanan katolikos II Qaregindir. Təsadüfi deyil ki, keşiş Qalstanyan etiraz aksiyalarının keçirilməsinin, İrəvana yürüşün təşkil olunmasının II Qareginin “xeyir-duası” ilə reallaşdırıldığını deyib. 

Məlumdur ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında, ermənilərin işğalçılıq siyasətini davam etdirməyə ruhlandırılmasında Qareginin “əməyi” çox yüksəkdir. Həm də, II Qaregin də erməni xalqının başına gələn bəlalarda Koçaryan və Sarkisyan qədər cavabdehlik daşıyır. Bu da məlumdur ki, indiyə qədər region və Ermənistan üçün bütün ciddi hadisələr zamanı kilsə özünün məqsədlərinə uyğun olaraq müdaxilələr edib.

Göründüyü kimi, revanşist təfəkkürlü din xadimləri erməni cəmiyyətinin önündə gedir. R.Köçəryan və S.Sarkisyanın timsalında revanşist siyasi müxalifətin Ermənisan cəmiyyətində heç bir nüfuzu olmadığı üçün bu dəfə kilsəni qabağa veriblər. İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs almayan erməni kilsəsi isə  öz xalqını revanşizmə meylləndirmək üçün xüsusi canfəşanlığa davam edir. Bütün bunlar bir daha təsdiqləyir ki, qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyası olub. Kilsənin budəfəki təxribatlarının hansı nəticə verəcəyini isə zaman göstərəcək. 

Nardar BAYRAMLI 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
50
yeniazerbaycan.com

10Mənbələr