AZ

Azərbaycan-Tacikistan münasibətləri: yeni hədəflərə doğru -ŞƏRH

Azərbaycan-Tacikistan

Bakı, 27 may, AZƏRTAC

Bu gün Azərbaycanın regionun lider dövləti kimi yürütdüyü xarici siyasətində beynəlxalq təşkilatlar, regional güclər və super dövlətlərlə münasibətlərin ən yüksək səviyyədə qurulması prioritet məsələ olaraq tam şəkildə ölkəmizin milli maraqlarının təmin edilməsinə yönəlib. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın dünyada nüfuzu daha da artıb, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Bu gün dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı xüsusi yer tutur. Həmin ölkələrlə əməkdaşlığımız ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistanla münasibətlər özünəməxsus rol oynayır

Tacikistan Prezidentinin Azərbaycana səfərini şərh edən M.Nağıyev deyib: “Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir. Son illərdə dünyada, xüsusilə regionda yaşanan proseslər ölkələrdən daha sıx əməkdaşlıq etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu dinamika Azərbaycanın xarici siyasətində açıq şəkildə hiss olunur. Prezident İlham Əliyevin son 2-3 ildə Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri bugünümüzün əsas müzakirə mövzularındandır. İki ölkə arasında münasibətlər qədim tarixə malikdir. Hər iki ölkə keçmiş İttifaqın tərkibində müttəfiq respublika olublar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Sovetlər Birliyi dağıldıqdan və postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başladı”.

YAP Səbail rayon təşkilatının sədri qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətlərin əsası 1992-ci ildə qoyulub. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Həmçinin dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasına, "Avropa siyasi birliyi" Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Prezident İlham Əliyevin güclü siyasətçi, Azərbaycan dövlətinin dünyada böyük nüfuza sahib olmasının sübutudur. Qeyd edək ki, ötən il sentyabrın 14-də Prezident İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması bu regionda yerləşən dövlətlərin Azərbaycan dövləti ilə sıx siyası, iqtisadi əlaqələr qurulmasına böyük maraq göstərdiklərinin nümunəsidir. Çünki bu gün Azərbaycan dünyada müstəqil siyasət həyata keçirən, iqtisadi cəhətdən heç bir ölkədən asılı olmayan, söz sahibinə malik bir ölkə kimi qəbul olunur. Azərbaycanın dünyada artan nüfuzunun və beynəlxalq əhəmiyyətinin göstəricisi olmaqla yanaşı, ən əsası isə Prezident İlham Əliyevin şəxsiyyətinə olan inamın, onun yürütdüyü uzaqgörən siyasətin, Azərbaycanın coğrafi mövqeyinin və regionun təhlükəsizliyi, iqtisadi sabitliyi üçün həyata keçirdiyi fəaliyyətin nəticəsidir.

Azərbaycan-Tacikistan əlaqələri daha da dərinləşərək inkişaf edir

M.Nağıyev deyib: “Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına dövlət səfəri iki ölkə arasında əlaqələrin daha sıx olduğunun təsdiqidir. Xüsusilə, xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan münasibətlər son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da dərinləşərək inkişaf edir. Təkcə onu demək kifayətdir ki, Prezident İlham Əliyev indiyədək Tacikistana altı dəfə səfər edib və axırıncı səfər 2023-cü ilin aprelində reallaşıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılıb. Ötən il bu münasibətlərin 25 illiyi qeyd edilib. Ölkəmizin Tacikistandakı səfirliyi 2007-ci ildə açılıb. Bir il sonra - 2008-ci ildə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2018-ci ilin avqust ayının 10-dək iki ölkə arasında 45 sənəd imzalanıb. İqtisadi münasibətlərə gəlincə isə, deyə bilərik ki, iki ölkə ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir. 2018-ci ilin birinci yarısında Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunub. Eyni zamanda, Tacikistan Prezidenti Emoməli Rəhmon ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir”.

“Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə mətbuata birgə bəyanatında bildirdi ki, qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, biri-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Bu mühiti biz yaratmışıq. Bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq”, - deyən M.Nağıyev bildirib ki, bu günün əsas çağırışlarından birinin İslam həmrəyliyinin möhkəmləndirilməsi olduğunu nəzərə alsaq, səfərin əhəmiyyətini daha geniş çərçivədə şərh etmək olar. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və bunlar davamlıdır. Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakının, 2018-ci ildə Naxçıvanın, 2024-cü ildə isə Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasında öz ifadəsini tapıb. 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi İslam həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən mühüm addımlarımız sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi təsadüfi deyildi: “Oyunlar təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq”.

Strateji Tərəfdaşlıq Bəyannaməsi və daha 13 sənəd

YAP Səbail rayon təşkilatının sədrinin sözlərinə görə, ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi, Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri, hər iki ölkə başçılarının mətbuata bəyanatları iki dost ölkənin münasibətlərinin dünəninə, bugününə və perspektivinə bir daha işıq saldı. Belə ki, geniş tərkibdə görüşdə “Bizim hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir” söyləyən Prezident İlham Əliyev bildirdi ki, bu səfərdən əvvəl biznes-forum keçirildi. Tacikistanın Azərbaycanda Mədəniyyət Günləri keçirilir. Bütün bunlar münasibətlərimizi konkret məzmunla zənginləşdirir.

“Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatında bildirdi ki, bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik: “Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb”. Dövlətimizin başçısı qeyd etdi ki, bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir”, - deyən M.Nağıyev diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa və Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək, Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək.

Tacikistan Prezidenti COP29-a iştirak edəcək

“Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu” - Prezident İlham Əliyevin bu fikirlərinin davamı olaraq Tacikistan Prezidentinin “Şadam ki, biz qarşılıqlı səfərlər ənənəsini yüksək səviyyədə davam etdiririk. Əminəm ki, bugünkü görüşlərin nəticələri ölkələrimizin əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək. Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır” fikirləri bu dostluğun, qardaşlığın möhkəm təmələ əsaslandığını və bu gün yeni istiqamətlər üzrə inkişaf etdirildiyini təsdiqlədi. Bütün bunlar bir daha göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcəkdir”, - deyə M.Nağıyev əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
6
azertag.az

10Mənbələr