AZ

Azərbaycan-Tacikistan münasibətləri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdirilir.



Dövlət başçısı İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə mətbuata birgə bəyanatında bildirdi ki, qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır
Tarixi Zəfərimizin reallıqları fonunda hansı sahəyə baxsaq mühüm yeniliklərin, təkmilləşmənin şahidi olarıq. Azərbaycanın xarici siyasət uğurlarının davamlılığı isə diqqətdən kənarda qalmır. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı və qarşılıqlı səfərlərin intensivləşməsi günümüzün reallıqları sırasındadır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, biri-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Bu mühiti biz yaratmışıq. Bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq.
Dövlətimizin uğurlu daxili və xarici siyasəti əsas verir ki, hər gün mühüm hadisə ilə yadda qalsın. Prezident İlham Əliyevin ardıcıl olaraq bu və ya digər ölkələrə səfəri, eyni zamanda, digər dövlətlərin başçılarının Azərbaycana səfəri malik olduğumuz imkanların təqdimatına öz müsbət təsirini göstərir. Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslar daim bu əməkdaşlığa geniş imkanlar açıb. Nəzərə alsaq ki, dünya inkişafın Azərbaycan modelindən, tarixi Zəfərimizin reallıqlarından bəhs edir, bu halda ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin say tərkibinin, coğrafiyasının genişlənməsi qaçılmazdır.
Azərbaycanın xarici siyasətində müsəlman ölkələri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. Son illərdə dünyada, xüsusilə regionda yaşanan proseslər ölkələrdən daha sıx əməkdaşlıq etməyi və ümumi səylər göstərməyi tələb edir. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri bugünümüzün əsas müzakirə mövzularındandır. İki ölkə arasında münasibətlər qədim tarixə malikdir. Hər iki ölkə keçmiş İttifaqın tərkibində müttəfiq respublika olublar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Sovetlər Birliyi dağıldıqdan və postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başladı. İki ölkə arasında diplomatik münasibətlərin əsası 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ötən il dövlətlərimiz arasında ali səfərlər baxımından olduqca məhsuldar il olub. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Dövlətimizin başçısı 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri edib. Prezident İlham Əliyev ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub.
Bugünümüzün əsas çağırışlarından birinin İslam həmrəyliyinin möhkəmləndirilməsi olduğunu nəzərə alsaq səfərin əhəmiyyətini daha geniş çərçivədə şərh edə bilərik. Sirr deyil ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və bunlar davamlıdır. Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakının, 2018-ci ildə Naxçıvanın, 2024-cü ildə isə Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasında öz ifadəsini tapıb. 2017-ci ilin ölkəmizdə «İslam Həmrəyliyi ili» elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi İslam həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən mühüm addımlarımız sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi təsadüfi deyildi. Bu, müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüs idi: “Oyunlar təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq.» Cənab İlham Əliyev bu çağırışı da etmişdir ki, bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar.” İslamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir: «Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli mənəvi dəyərlərimizə sadiqik, buna bağlıyıq.»
Azərbaycan ölkələr, xalqlar arasında oynadığı dostluq körpüsü roluna daim yeni-yeni əlavələr edir. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Azərbaycan müxtəlif sivilizasiyaları, dinləri özündə birləşdirən ölkədir. Bu müxtəliflik onun tolerant ölkə olmasının nümayişidir. Ölkəmizin hər sahədə təcrübəsi nümunədir. Reallaşdırılan hər bir səfər bu imkanların təqdimatına, təcrübə mübadiləsinə geniş imkanlar açır.
Günümüzün reallıqlarından biri budur ki, dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək, Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək.
Prezident İlham Əliyev sözügedən görüşdə bu əminliyi də ifadə etdi ki, gündəliyimiz kifayət qədər genişdir. Təkcə nümayəndə heyətlərinin tərkibi bizim hansı istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyət göstərdiyimizdən xəbər verir. Nəticələr də çox yaxşı olacaq. Prezident İlham əliyevin bu fikirlərinin davamı olaraq Tacikistan Prezidentinin «Şadam ki, biz qarşılıqlı səfərlər ənənəsini yüksək səviyyədə davam etdiririk. Əminəm ki, bugünkü görüşlərin nəticələri ölkələrimizin əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək. Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır» fikirləri bu dostluğun, qardaşlığın möhkəm təmələ əsaslandığını və bu gün yeni istiqamətlər üzrə inkişaf etdirildiyini təsdiqlədi. Bir daha vurğulandı ki, ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Seçilən
203
3
aia.az

10Mənbələr