AZ

Fransanın XİN başçısı da Qarabağa səfər edə bilər - AÇIQLAMA

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon işğaldan azad olunmuş Laçın rayonuna səfər edib. O, indiyə kimi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə getməməklə ölkə ictimaiyyətini qınağına tuş gəlmişdi.



Səfirin Şuşa, Laçın və Qarabağın digər bölgələrinə getməməsi Ermənistanı dəstəkləyən, Qarabağın Azərbaycanın nəzarətinə keçməsini həzm edə bilməyən rəsmi Parisin siyasətindən irəli gəlirdi.



Ann Buayon bu yaxınlarda Bakı ilə Paris arasında münasibətlərin gərginləşməsi fonunda məsləhətləşmələr üçün Parisə çağırılmışdı. Fransa Xarici İşlər Nazirliyi açıqlamasında xanım diplomatın Prezident Emmanuel Makron tərəfindən qəbul edildiyini bildirmişdi.

 

Lakin rəsmi Paris sonradan səhvini anlayaraq, səfir Ann Buayonu yenidən Bakıya qaytardı. Səfir bu gün Laçına səfər edib.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a bildirib ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfirlərin səfəri ilə bağlı ən yüksək səviyyədə Azərbaycanın mövqeyini bildirib:

 

“Torpaq bizdədir. Səfər edildi-edilmədi, bunun torpaqlarımıza, oradaki quruculuq işlərimizə heç bir problem yarada bilməz. Səfər etmələri isə təbiidir. Gedib oradakı quruculuq işlərimizi öz gözləri ilə görməlidirlər, həqiqəti qəbul etməlidirlər. Fransanın ümumi şəkildə Azərbaycana qarşı destruktiv siyasətinə gəldikdə, bu da reallıqdır. Biz bu haqda dəfələrlə demişik. Laçına gedib, qoy, başqa bölgələrə də getsin. Gözləri ilə görsünlər ki, orada nələr baş verir. Azərbyacanın yaratdığı yeni reallıqlar hamı tərəfindən qəbul olunacaq. Kimsə bunu dərk edir, kimi də bunu gec dərk edir. Amma bunu etməyə məhkumdurlar və edəcəklər”.

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Fransa artıq Azərbaycanın yaratdığı yeni reallıqları qəbullanır:

 

"Ümumiyyətlə Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayonun işğaldan azad olunmuş Laçın ərazisinə səfəri müsbət hadisədir. Fransa Azərbaycanın regionda yaratdığı reallıqlara ciddi yanaşır və onu artıq qəbul edir. Fransa səfiri yeganə səfir idi ki, işğaldan azad olunmuş əraziyə səfər etmirdi. Çox güman ki, bunu rəsmi Paris də anlayıb. Beləliklə də, səfirə göstəriş veriblər ki, işğaldan azad olunmuş torpaqlara səfər edə bilər".

 

Sabiq nazir Fransa XİN başçısının da işğaldan azad olunmuş digər ərazilərə səfər edə biləcəyini söyləyib:

 

"Diplomatik kanallar vasitəsilə tələb oluna bilər ki, xarici işlər nazirləri siyasi məsləhətləşmələr aparsınlar. Nöqsanların və anlaşılmazlıqların aradan qaldırılması üçün vaxtı çatanda Fransa xarici işlər naziri də işğaldan azad olunmuş ərazilərə səfər edə bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
50
modern.az

10Mənbələr