AZ

Rusiya ilə NATO yeni bölgədə savaşır

Yaxın zamanda Rusiya ilə NATO arasında Baltik regionunda çox ciddi geosiyasi və geostrateji, hətta hərbi-strateji qarşıdurma ola bilər.

Rusiya Baltik dənizində Litva və Finlandiya ilə sərhədini birtərəfli qaydada dəyişmək qərarına gəlib. Moskva bu istiqamətdə addımlar atmağa hazırlaşır. Məsələ ilə bağlı “Moscow Times”-ın məlumatında qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyinin hüquqi aktlar portalında dərc olunan yeni qətnamə layihəsinə əsasən, Rusiya hakimiyyəti Baltik dənizində ölkənin Litva və Finlandiya ilə dəniz sərhədlərini birtərəfli qaydada dəyişdirmək qərarına gəlib. Nazirliyin hazırladığı sənədə əsasən, Rusiya Finlandiya körfəzinin şərqindəki, o cümlədən Kalininqrad vilayətinin Baltiysk və Zelenoqradsk şəhərləri yaxınlığındakı akvatoriyanın bir hissəsini özünün daxili dəniz suları elan etmək niyyətindədir.

Bunu etmək üçün Rusiya Federasiyasının ərazi dənizinin eninin ölçüldüyü əsas xətlərin mövqeyini təyin edən nöqtələrin coğrafi koordinatları dəyişdiriləcək. “Moscow Times” qeyd edir ki, Kreml Finlandiya ilə sərhəd sularında Jahi, Sommers, Holland, Rodşer, Mali Tyusters və Viqrund adalarının ərazisində, həmçinin Narva çayının şimal giriş burnu, Litva ilə sərhəddə isə Qdansk körfəzindəki Curonian Spit adası, Taran burnunun yaxınlığında koordinatları dəyişdirmək niyyəti güdür. ABŞ-nin “New York Times” qəzetində də Rusiyanın Baltik dənizində geosiyasi mövqeyi ilə bağlı məlumat dərc olunub. Qəzet vurğulayır ki, Ukrayna cəbhəsində təşəbbüsü ələ alan Moskva Baltik bölgəsində mövcud geosiyasi vəziyyəti öz xeyrinə dəyişdirmək istəyir.

“Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirdikdən sonra onun növbəti addımı Finlandiya və Litva ərazi sularına müdaxilə olacaq. Bu ərazilərin bir çox qismi uzun illərdir nəzarətsizdir və Moskva onlara əl qoymağa çalışacaq. Beynəlxalq hüquqa əsasən bu ərazilərin bir qismi NATO ərazisinə daxildir. Putin Rusiyası Baltikdə ilk mübahisə yaradacaq addım atır”,-deyə qəzetin məlumatında bildirilir.

Rusiya Müdafiə Nazirliyinin portalında dərc olunan sözügedən sənədə artıq Finlandiya, Litva, Estoniya və İsveç münasibət bildirib. Finlandiya KİV-lərində bəyan olunur ki, Helsinki Rusiyanın Finlandiya istiqamətində dəniz sərhədlərinin birtərəfli qaydada dəyişməsi cəhdini dövlət suverenliyinə və ərazi bütövlüyünə müdaxilə kimi qəbul edib. Litva XİN rəhbərliyi Rusiyanın Baltik regionunda niyyətlərindən xəbərdar olduğunu bildirib;

“Rusiyanın Baltikdə sərhəd dəyişdirilməsinə yönələn təhlükəli planları var. Rusiya tərəfi rəsmi olaraq bunu inkar edə bilər, amma biz əminik ki, Rusiya bu niyyətlərindən imtina etməyəcək. Biz öz təhlükəsizliyimizi qorumaq üçün bütün zəruri addımları atacağıq”.

Estoniya Xarici İşlər Nazirliyi NATO-nu Baltik regionuna diqqəti artırmağa çağırıb. Estoniya XİN rəhbərliyi Rusiya Müdafiə Nazirliyinin təkliflərinin Avroatlantik təhlükəsizlik üçün təhdid olduğunu bildirib: "Biz Rusiyanın təcavüzünə layiqli şəkildə cavab verməyə və adevkat addımlar atmağa hazırıq”. İsveç silahlı qüvvələrinin baş komandanı Mixail Büden Baltik dənizinin həm İsveç, həm də NATO üçün hərbi-strateji cəhətdən əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, Qotland adaları Baltikin qəlbidir, ona nəzarət edən Baltikə nəzarət edir.

“Hazırda bu adalar İsveçə məxsusdur, deməli Baltikə nəzarət də bizdədir. Adanı daimi olaraq yerləşdirilən bölmələrlə qoruyuruq və təhlükə artarsa, müvəqqəti olaraq orada əlavə qüvvələr yerləşdirəcəyik. Mən əminəm ki, Putinin bu adalarda gözü var. Putin bu adaları ələ keçirərsə, Baltikdə NATO-ya ciddi zərbə endirə bilər”,-deyə M. Büden vurğulayıb.

İsveç Silahlı Qüvvələrinin baş komandanı əlavə edib ki, Rusiya Qotlandı işğal etsə, NATO ölkələrini dənizdən təhdid edə biləcək. Bu, Şimali və Baltikyanı regionlarda sülhün və sabitliyin sonu olacaq:

“Putinin məqsədi Baltik dənizinə nəzarəti ələ keçirməkdir. O, Aland arxipelaqına da nəzər salmış ola bilər. Ruslar Baltik dənizinin giriş-çıxışlarında baş verənləri diqqətlə izləyirlər. Əgər Rusiya Baltik dənizinə nəzarəti ələ keçirib onu bağlasa, bu, bizim həyatımıza çox böyük təsir göstərəcək”.

Ancaq Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Baltik dənizində sərhəd xətlərini dəyişdirmək planlarının olduğunu təkzib edib. O qeyd edib ki, ərazi suları ilə bağlı sənədlər 1985-ci ildə Sovet İttifaqının sərhədlərində olan problemlərlə bağlıdır:

“Rusiyanın təhlükəsizliyini təmin etmək üçün “müvafiq addımlar” atmağa borcluyuq. Sərhəd dəyişdirilməsi ilə bağlı rəsmi qərar və niyyət yoxdur, amma Rusiya Baltik hövzəsində öz təhlükəsizliyini qorumaq və onu yaxşılaşdırmaq üçün hər şey edəcək”.

Eyni zamanda, “Bloomberg” də Rusiya Müdafiə Nazirliyinin Baltik dənizində yeni nəzərdə tutulan sərhədlərlə bağlı xəritəni sildiyi bildirilir. Xatırladaq ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Finlandiya və İsveç NATO-ya üzv olub. Beləliklə, Baltik dənizi NATO-nun daxili dəniz sularına çevrildi. Sözsüz ki, bu, NATO-nun, ən əsası da ABŞ-nın Baltik regionunda, eləcə də Şərqi Avropada geostrateji və hərbi-strateji mövqeyini daha möhkəmləndirəcək.

Rusiyanın buna biganə qalması qeyri-mümkündür. Rusiya öz ənənəvi imperialist siyasətinə uyğun olaraq, Baltik dənizinin əldən çıxmasına imkan verməyəcək və hər vəchlə bu bölgədə öz təsir imkanlarını qorumağa çalışacaq. Əsrlər boyu, hazırkı dövrdə də Baltik dənizi geosiyasi və geostrateji cəhətdən Rusiya üçün çox önəmlidir.

Rusiyanın hərbi doktrinasında Belarus və Ukrayna bölgəsi, Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə yanaşı Baltik dənizi də mühüm strateji prioritet hesab olunur. Rusiya NATO-nun, müəyyən Qərb güc mərkəzlərinin bu bölgədə möhkəmlənməsinin qarşısını alacaq. Məhz bu səbəbdən Kreml Moskva və Sank-Peterburq hərbi dairələri yaradıb, Finlandiya və Baltik ölkələri ilə sərhəd ərazilərdə xeyli sayda qoşun və hərbi texnika cəmləşdirir, Qərbi Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır. Nə Rusiya, nə də ABŞ Baltik regionunda öz geostrateji və geosiyasi mövqeyindən əl çəkəcək.

Əlbəttə, Rusiya ilə Qərb arasında Baltik dənizində heç bir halda hərbi qarşıdurma baş verməyəcək, amma bu bölgə ciddi geosiyasi mübarizə poliqonuna çevriləcək./cebheinfo.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
turkustan.az

10Mənbələr