AZ

Fransa qərəzli mövqeyini davam etdirərək ölkəmizə qarşı böhtan kampaniyası aparır-Millət vəkili

“Fransa qərəzli mövqeyini davam etdirərək ölkəmizə qarşı böhtan kampaniyası aparır. Bugünlərdə Fransanın daxili işlər naziri Jerald Darmanan ölkəmizə növbəti dəfə böhtan atıb. O, “France-2” telekanalına müsahibəsində əsassız olaraq Azərbaycanı Yeni Kaledoniyada etirazlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. Görünən odur ki, Fransa rəhbərliyi Yeni Kaledoniyada baş verən hadisələrdə günahkar axtarışına çıxıb. Lakin belə bir iddianın heç bir əsası yoxdur”.  Xalq.az  xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, rəsmi Paris xarici və daxili siyasətində ciddi böhran yaşamaqdadır. Təsadüfi deyil ki, hazırda bu dövlət keçmiş müstəmləkələrindən qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən daha da artır. Niger, Qabon və s. bölgələrdən qovulan Fransaya qarşı etirazların artdığı keçmiş müstəmləkələrdən biri də Yeni Kaledoniyadır. Bu bölgədə Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb və hər gün daha da güclənir. Öz müstəmləkəçi siyasətinin acı nəticələrini yaşayan Fransanın Azərbaycanı ittiham etməsi çıxış yolu deyil. Çünki həqiqətlər göz önündədir. Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı. Rəsmi Bakı Jerald Darmananın ölkəmizə qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia olunan münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edib. Bununla yanaşı, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarının etirazlarını dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir.

“Ümumiyyətlə, Fransanın daxili içlər nazirinin ölkəmizə qarşı əsassız və qərəzli açıqlaması ilk dəfə deyil. Bu ölkənin digər rəsmiləri kimi, o da Azərbaycana qarşı qara piar kampaniyası aparır. Yəni, daxili işlər naziri ənənəsinə sadiq qalaraq yalan danışmaqda davam edır, həm də bununla ölkəsinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır. Digər tərəfdən, Yeni Kaledoniyada baş verənlər indinin problemi deyil, 50 ildən artıq yaşı olan azadlıq mübarizəsi, Fransanın kolonial siyasətinə qarşı hərəkatdır. Bunu bu gün Azərbaycanın üzərinə yıxmaq isə riyakarlıq və qərəzdən başqa bir şey deyil. Eyni zamanda, uzun illərdir ki Fransa bu ərazidə demoqrafik vəziyyəti dəyişməyə, yerli kanakların sayının azalması üçün orada kolonialistlərin sayını artırmağa çalışır. Bu gün baş verənlər məhz bu siyasətə qarşı mübarizədir. Rəsmi Paris bu problemlərə cavab vermək əvəzinə, Azərbaycanı ittiham etməyə çalışır. Yeni Kaledoniyada baş verən hadisələr zamanı 10-a yaxın günahsız insanın öldürülməsi, çoxlu sayda yaralının və həbs edilənin olması, bəzi sosial şəbəkələrin bloklanması Fransanın gerçək mahiyyətindən xəbər verir. Görünən odur ki, rəsmi Paris müstəmləkəçi siyasətini israrla davam etdirməyə çalışır. Bütün bunların fonunda bu ölkənin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar qəbulolunmazdır”,-deyə Sevinc Fətəliyeva vurğulayıb. yap.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
2
xalq.az

10Mənbələr