AZ

Dolların ucuzlaşması yenidən GÜNDƏMDƏ – “ABŞ bu addımı atarsa...”

“Qərbin Rusiyaya qarşı sanksiyaları dolların qlobal iqtisadiyyatdakı roluna mənfi təsir göstərə bilər”.

Belə bir açıqlama ilə ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Rəhbər Komitəsinin üzvü Kristofer Uoller “Amerika dollarının qlobal iqtisadiyyatda rolu” mövzusunda keçirilən konfransda çıxış edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qızıl erası BAŞLAYIR – Dolların dominantlığına SON QOYULACAQ?


Onun sözlərinə görə, dolların beynəlxalq istifadəsi üçün çətinliklərdən biri onun geoiqtisadiyyatdan birbaşa asılılığı ilə bağlıdır.

“Artan geosiyasi gərginlik, Rusiyaya qarşı sanksiyalar, Çinin yuanın istifadəsini genişləndirmək cəhdləri və iqtisadi parçalanma dolların ilk növbədə aktivlər anbarı kimi beynəlxalq istifadəsinə və onun rəsmi valyuta ehtiyatlarında istifadəsinə təsir göstərə bilər”.

O qeyd edib ki, eyni faktorlar dolların beynəlxalq ödənişlər vasitəsi kimi roluna təsir edə bilər. Görünən odur ki, FED rəsmisi Rusiyaya qarşı sanksiyaların dolların rolunu azalda biləcəyindən ehtiyat edir. 

Bu fonda dolların ucuzlaşması gözlənilə bilərmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, dolların ucuzlaşması və yaxud bahalaşması kənar amillərdən deyil, FED-in birbaşa istək və siyasətindən asılıdır:

“Rusiyaya qarşı qoyulan sanksiyaların təbii ki, dollara dolayı təsiri vardır. Amma onun birbaşa məzənnəyə olan təsirlərini ölçmək çətindir. Düzdür, Rusiya Çin ticarətində dolların çəkisi aşağı düşür. Burada daha çox yuanın yüksəlişini görürük. Yəni sanksiyaların bu kimi təsirləri də var. Amma dolların indeksinə birbaşa təsir ədən əsas amil uçot dərəcəsi və FED-in siyasətidir. Artıq uçot dərəcəsi son 35-40 ilin tarixi maksimumundadır. Onun artıq artıb-artmayacağı da bəllidir”. 

Ekspertə görə, payıza doğru uçot dərəcəsi getdikcə aşağı düşəcək:

“Hətta yaxınlarda olan toplantıda da faizlərin azalması tendensiyasının başlandığının şahidi olduq. FED faizləri aşağı çəkməyə başladıqca təbii ki, dünyada dolların indeksi də ucuzlaşacaq.

Bu da Amerika iqtisadiyyatı üçün heç də pis deyil. Dollar digər aparıcı valyutalara münasibətdə ucuzlaşdıqca, Amerikanın ixracatı artacaq, bu ölkəyə turizm axını yüksələcək. Yəni burada faciəvi məqam yoxdur. Sadəcə, hər şey FED-in apardığı siyasətdən asılıdır. Tendensiya olaraq ilin sonuna qədər uçot dərəcəsi iki dəfə 0,25 faiz aşağı çəkilsə, bu zaman dollar indeksinin ucuzlaşmasını görə bilərik”.   

Rüfət Sultan, Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
4
bizim.media

9Mənbələr