AZ

Şimal–Cənub dəhlizinin Astara qapısı

Son 5 ildə terminalın yükaşırımı 3 dəfə artıb

Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyəti Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əhəmiyyətli dərəcədə artmaqda olan yükaşırmaların daha böyük sürətlə həyata keçiril­məsini təmin etmək məqsədilə Astara terminalında yenidənqurma işlərini uğurla başa çatdırıb. 

Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, terminalda aparılmış bərpa işlə­ri çərçivəsində yük anbarı müasir standartlara uyğun təmir edilib, əməliyyatların təhlükəsiz və daya­nıqlı həyata keçirilməsi üçün zəruri texnikalarla təchiz olunub. Ərazi ti­kanlı məftillərlə əhatələnib, 54 ədəd hərəkətli və sabit mühafizə video­kamerası quraşdırılıb, tam işıqlan­dırma təmin edilib. Bundan əlavə, qəbul edilən yüklərin çəkisinin müəyyən edilməsi üçün terminalda tərəzi quraşdırılıb.

5,5 hektar ərazidə yerləşən ter­minalda Dövlət Gömrük Komitəsi ilə birgə gömrük məntəqəsi yaradı­lıb, məntəqəyə sürətli internet xətti çəkilib, bütün lazımi avadanlıq və kompüterlər quraşdırılıb.Terminal­da ekspeditor şirkətlərinə yeni xid­mətlər paketi – multimodal daşıma servisləri təqdim olunur. Gömrük nəzarəti altında terminala daxil olan yüklər aşırılaraq təyinatı üzrə sürətli şəkildə çıxarılır. Terminalın əsas üstünlüklərindən biri də qəbul edilən yüklərin daşınması və aşırıl­ması üçün yük sahiblərinə endirimli tariflərin tətbiq olunmasıdır.

Xatırladaq ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə multimodal daşıma xidmətləri bu günə kimi yalnız ADY-nin İran İslam Respublikasının Astara şəhərin­də fəaliyyət göstərən terminalın­da həyata keçirilirdi. Bu terminalın tikintisi barədə saziş 2017-ci ildə imzalanıb, terminalda yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir. Terminalda inşaat işlərinin bu ilin sonunadək tamamlanması planlaşdırılır. İran ərazisindəki As­tara–Rəşt dəmir yolu xəttinin isti­fadəyə verilməsindən sonra hər iki Astara terminalı vasitəsilə qəbul edilən tranzit yüklərin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Azərbaycan Dəmir Yolları QSC-dən bildirdilər ki, “Astara Terminal” MMC tərəfindən 2018-2023-cü illər­də 2,5 milyon tondan çox yük aşırı­lıb. Həmin dövr ərzində aşırılan yük­lərin illik həcmi 3 dəfədən çox artıb. Belə ki, 2018-ci ildə burada 211 min 789 ton yük aşırıldığı halda, ötən il bu rəqəm 692 min 402 tona çatıb. 2024-cü ilin 4 ayında isə bu termi­nalda 284 min 688 ton yük aşırılıb ki, bu da əvvəlki ilin eyni dövrünə nis­bətən, 14 faiz artım deməkdir. 

Xatırladaq ki, Şimal–Cənub Nəqliyyat Dəhlizinin təməli 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında qoyulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddəti­ni azaltmaqdır. Ötən müddətdə 13 ölkə sözügedən sənədi ratifikasiya edib. Yeri gəlmişkən, hazırda möv­cud marşrutla Hindistandan Ru­siyaya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunur. Beynəlxalq nəqliyyat dəhlizinin tam fəaliyyətə başlamsı isə bu müddətin iki dəfə azalmasına səbəb olacaq. 

Şimal–Cənub Nəqliyyat Dəhli­zinin formalaşmasında tranzit ölkə kimi mühüm rol oynayan Azərbay­can bu sazişə 2005-ci ildə qoşu­lub. Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm nəqliyyat-logistika rolunu oynayan dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində ötən müddətdə böyük infrastruktur layihələri həyata keçirilib. Bu baxımdan Bakı Dəniz Ticarəti Limanı xüsusi əhəmiyyət daşıyır. Son illər limanın yükaşırma qabiliyyətinin artırılması ilə bağlı görülən işlər onun beynəlxalq statu­sunu xeyli gücləndirir. Eyni zaman­da, Ələt–Astara avtomobil yolunun yenidən qurulması, İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsünün istifadəyə verilməsi ölkəmizin tranzit rolunun xeyli artmasına səbəb olub. Bunun­la yanaşı, Astara (Azərbaycan)–As­tara (İran) dəmir yolu xəttinin As­taraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib, buradan İran İslam Respublikası ərazisində yaradılmış yük terminalına qədər 1,4 kilometr yol çəkilib. 

Təbriz YADİGAROV,
ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent


Əlverişli coğrafi mövqeyi ilə seçilən Azərbaycan Orta Dəhlizinin rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş layihələri uğurla həyata keçirərək dünyanın güc mərkəzlərinin diqqətini cəlb edir. Regionda güclü infrastruktura malik olan ölkəmiz nəqliyyat şəbəkələrinin inkişafına böyük sərmayələr qoymaqla tranzit və nəqliyyat-logistika imkanlarının davamlı inkişafını təmin edir, strateji üstünlüyünü daha da möhkəmləndirir.
Son zamanlar dünya iqtisadiyyatında rəqəmsal transformasiyanın surətlənməsi qlobal logistikanın inkişafını şərtləndirərək logistikanın Səmərəlilik İndeksinin artmasına şərait yaradır. Bu baxımdan, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Astara terminalının istifadəyə verilməsi ilə əlaqədar olaraq bu ərazidə Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi tərəfindən gömrük nəzarətinin təşkili mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə dəmir yollarını, gəmiçilik və limanları birləşdirən multimodal daşıma xidmətləri də Astara terminalı hesabına reallaşacaq.
Astara terminalının işə düşməsi Şimal–Cənub marşrutu üzrə tranzit yükdaşımaları cari ilin sonuna kimi 10-15 faizə qədər artırmağa imkan verəcək. Yeri gəlmişkən, hazırda qəbul edilən yüklər arasında ümumi dövriyyənin, təqribən, 40 faizini təşkil edən taxta yükləri əsas paya sahibdir. Taxıl və taxıl məhsulları 35 faiz göstərici ilə ikinci ən çox qəbul edilən yük növüdür. Bundan əlavə, hazırda terminal vasitəsilə tikinti materialları, kimya məhsulları, meyvə-tərəvəz, konservlər, qida və digər ərzaq məhsulları daşınır.
Yükdaşıma qabiliyyəti ildə orta hesabla 3,5–4 milyon ton nəzərdə tutulan bu terminalın istifadəyə verilməsinədək multimodal daşıma xidmətləri Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə İran İslam Respublikasının Astara şəhərindəki terminalında həyata keçirilirdi. Bütün bunlar, Astara terminalının istifadəyə verilməsi hesabına Şimal–Cənub marşrutu üzrə tranzit daşımaların həcminin daha da artacagını şərtləndirir.
Yeri gəlmişkən, 2024-cü ilin birinci rübündə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə 7 milyon 981 min ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çoxdur. Bu ilin yanvar-aprel ayları üzrə isə tranzit yükdaşımalar əvvəlki ilin eyni dövrünə nisbətən 14 faiz artaraq 2 milyon 517 min ton təşkil edib. Hesabat dövründə Şimal–Cənub marşrutu ilə yükdaşımaların həcmi isə ötən ilin 4 ayı ilə müqayisədə 29 faiz artaraq 260 min ton olub.

Mirbağır YAQUBZADƏ
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
4
xalqqazeti.az

10Mənbələr