AZ

Bayat yeməklər insan orqanizmində hansı fəsadları yaradır ?


İnsanlar bəzən, xüsusilə, bayram günlərində və yaxud kimsə evə qonaq gələn zaman süfrəni zəngin və təmtəraqlı etmək üçün çeşid-çeşid yeməklər, növbənöv salatlar və şirniyyatlar hazırlayırlar. İstehlak olunmayan yeməklərin çox zaman israf edilməməsi üçün sonrakı günlərə saxlanılır.

Lakin mütəxəssislər düşünürlər ki, dəfələrlə qızdırılıb bayat şəkildə yeyilən xörəklərin orqanizmə bir sıra mənfi təsirləri ola bilir. Ona görə də, belə qidaların istehlakı zamanı daha diqqətli olmaq lazımdır.

Əsasən də yumurta, balıq, ət, göbələk kimi məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq açıq şəraitdə qalmamalı, daha sonra soyuducuda saxlanılmalıdır. İsti yeməklər soyuducuya yerləşdirilməmişdən əvvəl otaq temperaturuna qədər soyudulmalıdır. Bəzi qidaların isidilərək yenidən istehlakı ümumiyyətlə tövsiyə edilmir. Belə ki, toyuq əti ya təzə bişmiş, ya da soyuq halda istehlak olunmalıdır. Kartof, çuğundur, ispanaq kimi tərəvəzlər, ən əsas da göbələklər bişirildikdən sonra yenidən qızdırıldıqda qida dəyərini itirdiyi üçün bu məhsulların təzə-təzə bişirilib qəbulu daha məqsədəuyğundur.

Yeri gəlmişkən, yeməklərin xarab olub-olmadığını dad və ya qoxu vasitəsilə müəyyən etmək həmişə mümkün olmur. Qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar var ki, onlar xörəyin qoxusunu və dadını korlamadan belə artır, hətta bəziləri toksin ifraz edir. Belə bakteriyalar dəniz məhsulları, süd və süd məhsulları, tortlar və digər kremli şirniyyatlarda daha tez çoxala bildiyi üçün ən çox qida zəhərlənmələri də məhz bu yeməklər düzgün saxlanılmadıqda və təkrar isidilərək istehlak edildikdə baş verir. Bayat yeməklər kimi, bayat çayın da orqanizmə ziyanı var. Çünki dəmlənmiş köhnə çay bütün faydalı xüsusiyyətlərini itirməklə yanaşı, insan orqanizminə ziyan yaradır.

Zərintac Mayisqızı
Missiya.Az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
27
missiya.az

10Mənbələr