AZ

Şuşaya gedən və getməyən səfirlərə bundan məzmunlu mesaj ola bilməzdi…

Image

Tofiq Abbasov: “Prezidentin bu fikirləri çox aktual səslənir, konkret ünvanlara istiqamətlənir” 

Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi:

“Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.

Dövlət başçısının bu sərt bəyanatını “Bakı-Xəbər”ə şərh edən  siyasi şərhçi Tofiq Abbasov bildirdi ki, Prezidentin Şuşada səsləndirdiyi fikirlər tam aydın bir mahiyyət daşıyır: “Çünki biz görürük ki, bölgədə gərginliyi yenidən gündəmə gətirmək istəyən qüvvələr var. O cümlədən, bu tək Ermənistan deyil, onun arxasında duran məmləkətlərdir. Onların Cənubi Qafqazla xoş niyyət və məramları yoxdur. Ona görə də, Prezidentin bu fikirləri çox aktual səslənir, konkret ünvanlara istiqamətlənir. Çünki onlar bilirlər ki,  Azərbaycan sülh gündəmini formalaşdırır. Ciddi cəhdlə çalışırlar ki, Azərbaycanın səylərini boşa çıxarsınlar. Ancaq bu alınan iş deyil. Birincisi, Azərbaycan tək özünün yox, həm də bölgədə yerləşən məmləkətlərin fikrini edir. Digər tərəfdən, biz heç kəsdən gizlətmirik ki, istəklərimiz ümumi sabitliyin qorunub saxlanmasından ibarətdir. Bu sabitlik və təhlükəsizlik hamıya lazım olan ən vacib resursdur. Ona görə də, prezidentin bu sözləri vaxtında səsləndi. Səhv düşünən, səhv yolda olanlar bir daha götür-qoy etsinlər ki, həqiqətən də bölgədə söz sahibi Azərbaycandır. Bizimlə cılız oyunlar oynamağın hec bir mənası yoxdur. Azərbaycan özünü son dərəcə sağlam, şəffaf tərzdə aparır. Biz bildiririk ki, bizim heç bir kəsə ərazi iddiamız yoxdur. Biz öz ərazilərimizi bərpa etmişik, bizə heç kimin ərazisi lazım deyil. Eyni zamanda bizə kənar ərazilərdən də təhdidlər törətməmələrini tələb edirik. ABŞ, Fransa, Yunanıstan, Hindistan çalışırlar ki, yox yerdən problem yaratsınlar. Biz 30 ildən artıqdır ki, burada gərginlik şəraitində yaşamışıq. Bizim milyonlarla  qaçqınımız və köçkünümüz olub. Bizim səbrimizi yenidən sınağa çəkməsin heç kəs. Odur ki, ən yaxşı yol sülhə tərəf olmaqdır. Azərbaycan çoxdan hazırdı, Ermənistan uzadır. Amerika, Fransa və digər ölkələr də yaxşı olar ki, Ermənistanı sülhə hazırlasınlar. Ruhi və psixi cəhətdən erməniləri tənzimləmək lazımdır. Bu olmasa, onlar hər zaman Azərbaycana, o cümlədən qonşu ölkələrə təhdidlər törədəcəklər. Biz bir daha əmin oluruq ki, Azərbaycanın mövqeyi burada son dərəcə sağlamdır. Biz məhz belə davranışı tək Ermənistandan deyil, ona dəstək verən ölkələrdən də gözləyirik. Belə olmasa, heç vaxt Cənubi Qafqazda sabitlik olmayacaq. Biz heç kimdən qorxmuruq. Biz gücümüzün, ordumuzun, bacarığımızın olduğunu göstərdik hər kəsə. O ki qaldı stabilliyyə, bu  tək Azərbaycanın vəzifəsi deyil”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
332
9
baki-xeber.com

10Mənbələr