AZ

Heykəllə düşmənçilik edən Fransaya Şuşadan şillə kimi mesaj

Makron Fransasının 44 günlük müharibədən sonra Azərbaycana münasibətdə aşırı və açıq qərəzi bitmir. Bunu bir neçə ay öncə Azərbaycan şairəsi Natəvanın Evian Le-Bən şəhərindəki abidəsinin vandallığa məruz qalmasından da gördük.

Nə yerli qurumlar, nə də mərkəzi hökumət ötən müddətdə bu barbarlığı edənləri nəinki tapıb layiqli cəzalandırmadı, heç heykəli əvvəlki normal vəziyyətinə qaytarmaq üçün əllərini ağdan-qaraya da vurmadılar. Halbuki bu, onların əlində su içmək kimi bir şey idi. Nəticədə zədələnmiş abidəni səfirliyimiz götürüb özü təmir etməli oldu.

Dünən həmin heykəl bərpa ediləndən sonra Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində qoyulub...

WhatsApp

Baş verənlər əlbəttə, Fransanın hansısa heykələ qarşı yox, ümumən Azərbaycan xalqına və onun mədəni irsinə, qalib dövlətimizə sayğısızlığın bariz təzahürü idi. Eləcə də az öncə bu ölkənin Bakıdakı səfirinin Parisə müvəqqəti geri çağırılması, ardınca Fransanın İrəvandakı səfirinin “Azadlıq” radiosuna müsahibəsində “Şuşa” əvəzinə ermənicə “Şuşi” sözünü işlətməsi qıcqırmış kin-nifrətin və cığallığın başqa “təntənəsi” idi. Biz habelə ötən il Bakıda Fransa casusunun saxlanmasını unutmamışıq.

Səfiri işğaldan azad olunan Şuşaya indiyədək səfər etməmiş yeganə ölkə də yenə məhz Fransadır. Ancaq mənfur ermənilər vaxtilə Natəvanın Şuşadakı heykəlini güllələməklə nəyə nail oldular ki, Fransa da Natəvanın Evian Le-Bəndəki heykəlinə qarşı vandallıqla, digər demarşlarla yaxşı nəyəsə nail olsun? Zaman ən yaxşı hakim və həkimdir.

Fransa səfiri bundan sonra Şuşaya getsə, getməsə də, Prezident İlham Əliyevin dünən Şuşada keçmiş məcburi köçkünlərin bir qrupu ilə görüşdə vurğuladığı kimi, Azərbaycana isti-soyuqluğu olmaz. Bizə minnət-zad qoymasınlar. Çünki bu bölgənin açar dövləti bizik. Bundan sonra həmişə belə olacaq...

Bütün bu demarşlarla Makron hökuməti ən böyük pisliyi özünə etmiş olub. İlham Əliyevin dünən Şuşada söylədiyi kimi, Fransa da, ABŞ da bilməlidir ki, Bakının iradəsindən kənar bölgədə heç bir məsələ həll olunmur və olunmayacaq. “Azərbaycanın siyasəti beynəlxalq hüquqa və ədalətə əsaslanır”.

Bunu öncəliklə Yelisey Sarayında nə qədər tez anlasalar, bir o qədər Fransa və onun bölgədəki maraqları üçün yaxşı olar.

Əfsus ki, Makron hakimiyyəti Güney Qafqazla bağlı hələ də xam xəyallarla yaşayır, kapitulyant Ermənistanı silahlandırmaqla nəyəsə ümid edir. Sanki Bakı “iki bacı”nın məkrli planlarından bixəbərdir və əl-qolunu sallayıb seyr etməklə məşğuldur...

“Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz”.

Bunu da İlham Əliyev dünən Şuşadakı çıxışında deyib.

Daha bir sərt xəbərdarlıq. Ciddiyə alınmasa, davamı gələcək. Həm də quru sözlər şəklində yox...

Sözü ona gətiririk ki, Fransa hökuməti nəhayət, “daşı” ətəyindən töküb Böyük Zəfərdən sonra regionda yaranmış reallığı qəbul etməlidir. Özünü ATƏT-in bədnam, üzdəniraq Minsk Qrupunun həmsədri kimi aparmağa son verməlidir.

Yeri gəlmişkən sabah – mayın 12-də atəşkəs haqda Bişkek protokolunun 30 ili tamamlanır. Əfsus ki, 26 illik atəşkəs (1994 – 2020) Minsk Qrupuna, daha dəqiqi onun həmsədrlərinə konfliktin ədalətli həlli üçün kifayət etmədi. Çünki onlar qarşılarına belə bir məqsəd qoymamışdılar da. Nə qoymuşdular? O da məlum.

Azərbaycan Prezidenti: “Minsk Qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdi. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da həmçinin”.

Amma hədəflərinə çatmadılar. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bütün məkrli planları pozdu, maskaları yırtdı. Həm də həmişəlik.

Odur ki, heç olmasa, bundan sonra özlərini səmimi, adekvat və MƏĞLUB tərəf kimi aparsınlar. Axı biz təkcə Ermənistana yox, onun Fransa başqa olmaqla havadarlarına da QALİB gəlmişik.

Qalibi isə mühakimə etmirlər. İllah da haqlı QALİBİ...

Siyasət şöbəsi,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
290
2
musavat.com

10Mənbələr