AZ

"Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib"

"Azərbaycan bu gün daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etdi".

Bu sözləri BiG.AZ-A deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu Forum Azərbaycan həqiqətlərinin təbliği, bizə qarşı ədalətsizliyin ifşası baxımından da xüsusi önəm daşıyır.

"Bu gün görünən odur ki, Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib. Davamlı olaraq ölkəmizdə tədbirlər keçirilir. Bir ay ərzində iki böyük tədbirə ev sahibliyi etmişik. Əlbəttə ki, bu dünya liderlərinin ölkəmizə olan etimadının bir göstəricisidir.
Tədbirdə qeyd olunduğu kimi, 2024-cü ildə dünyamız daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığı qədər parçalanmış qalır. Bu parçalanmanı aradan qaldırmaq üçün biz bir araya gəlməliyik, parçalanmanı dəf etməliyik və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün fürsətlərdən istifadə etməliyik. Bu Forumun məqsədi fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirmək, qarşılıqlı anlaşmaya doğru açıq mübadilə üçün platforma yaratmaqdır. Dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir.
Bu Forumda mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Azərbaycan zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir.
Mədəniyyətin ən mühüm amillərindən biri mədəni müxtəliflik və plüralizmdir. Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır. Cənab Prezidentin Forumdakı nitqindəki çağırışda bu bir daha özünü göstərdi: Burada əsas mesaj ümiddir. Azərbaycan bu ümidi bütün dünyaya yaymağı səmimiyyətlə arzulayır. Gəlin, bu yola birgə çıxaraq, qarşımızdakı fürsətdən yararlanaq, birləşək, müxtəlifliyi bayram edək! Gəlin, sülh, qarşılıqlı hörmət və anlaşma dünyasının yaradılmasına, ümumi səylər, baxışlar və biliklər ilə töhfə verək.
Həqiqətən də cənab prezident bu uzaqgörən yanaşması ilə millətlər arasında daha böyük anlaşma və qarşılıqlı hörmətə yol açdı.
Bu cür tədbirlərdə, xarici qonaqlarla görüşlərdə cənab prezident regiona sülhün gəlməsi ilə bağlı çağırışlar edir, mesajlar verir. Ermənistan və onun havadarları anlamalıdırlar ki, onların Azərbaycana qarşı törətdikləri təxribatlar heç bir nəticə verməyəcək. Ermənistan da anlamalıdır ki, 30 il bu çağırışları onlara etdik. Azərbaycan öz haqlı mübarizəsini apardı və torpaqları azad etdi.
Ermənistan sülhün bölgəyə gəlməsinə mane olmaq istəyir. Hesab edirəm ki, bundan ən çox ziyan çəkən Ermənistan özü olacaq. Proses uzanır, ancaq cənab prezidentin qətiyyətli siyasəti nəticəsində biz mərhələli şəkildə öz məqsədlərimizə nail olacayıq".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
2
big.az

3Mənbələr