AZ

"Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib"

Məlum olduğu kimi, ötən həftə Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

Forumun əhəmiyyəti haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov dedi ki, Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Onun sözlərinə görə, bu Forum Azərbaycan həqiqətlərinin təbliği, bizə qarşı ədalətsizliyin ifşası baxımından da xüsusi önəm daşıyır:

"Bu gün görünən odur ki, Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib. Davamlı olaraq ölkəmizdə tədbirlər keçirilir. Bir ay ərzində iki böyük tədbirə ev sahibliyi etmişik. Əlbətdə ki, bu, dünya liderlərinin ölkəmizə olan etimadın bir göstəricisidir. Tədbirdə qeyd olunduğu kimi, 2024-cü ildə dünyamız daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığı qədər parçalanmış qalır. Bu parçalanmanı aradan qaldırmaq üçün biz bir araya gəlməliyik, parçalanmanı dəf etməliyik və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün fürsətlərdən istifadə etməliyik. Bu forumun məqsədi fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirmək, qarşılıqlı anlaşmaya doğru açıq mübadilə üçün platforma yaratmaqdır. Dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir.  Bu forumda mədəniyyətlərarası dialoq məsələləri müzakirə olundu. Azərbaycan zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir".

Millət vəkili dedi ki, mədəniyyətin ən mühüm amillərindən biri mədəni müxtəliflik və plüralizmdir.

"Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır. Cənab Prezidentin forumdakı nitqindəki çağırışda bu bir daha özünü göstərdi. Həqiqətən də cənab prezident bu uzaqgörən yanaşması ilə millətlər arasında daha böyük anlaşma və qarşılıqlı hörmətə yol açır. Bu cür tədbirlərdə, xarici qonaqlarla görüşlərdə cənab prezident regiona sülhün gəlməsi ilə bağlı çağırışlar edir, mesajlar verir. Ermənistan və onun havadarları anlamalıdırlar ki, onların Azərbaycana qarşı törətdikləri təxribatlar heç bir nəticə verməyəcək. Ermənistan da anlamalıdır ki, 30 il bu çağırışları onlara etdik. Azərbaaycan öz haqlı mübarizəsini apardı və torpaqları azad etdi. Ermənistan sülhün bölgəyə gəlməsinə mane olmaq istəyir. Hesab edirəm ki, bundan ən çox ziyan çəkən Ermənistan özü olacaq. Proses uzanır, ancaq cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində biz mərhələli şəkildə öz məqsədlərimizə nail olacağıq", - deyə Ceyhun Məmmədov bildirdi.

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
2
redaktor.az

3Mənbələr