AZ

Ceyhun Bayramov İƏT-in sammitində çıxış etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirak və çıxış edib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "X"dəki hesabında yazıb.

İƏT çərçivəsində birlik və əməkdaşlığın təşviqi istiqamətində uğurlu sədrlik təcrübəsi nümayiş etdirdiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür edən nazir Ceyhun Bayramov, İƏT sədrliyini təhvil alan Qambiyanı təbrik edərək, İslam həmrəyliyinin daha da gücləndirilməsi və irəlilədilməsi fəaliyyətində uğurlar arzulayıb.

Sammitin mövzusu “Daha Yaxşı Gələcək üçün Birlik və Əməkdaşlığ”a uyğun olaraq, ölkəmizin BMT və İƏT-in Nizamnamələri, habelə İslam dünyası üçün ortaq maraqlar əsasında mövcud çağırışlarla mübarizədə həmrəyliyi dəstəklədiyi diqqətə çatdırılıb.

Bu kimi çağırışlardan ən təhlükəlisi olan əsassız İslamofobiya meylləri, habelə müqəddəs Qurani-Kərimin yandırılma aktları ilə mübarizədə İslam dini və mədəniyyətinin düzgün təşviqinin əhəmiyyəti qeyd olunub.

Öz multikultural ənənə və təcrübəsindən irəli gələrək, ölkəmizin müxtəlif din və mədəniyyətlər arasında daha tolerant və dayanıqlı dünya quruculuğunu dəstəklədiyi bildirilib.

Keçmiş işğal dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə münasibətdə İƏT-in davamlı və birmənalı mövqe göstərdiyini məmnunluqla xatırlayan nazir Ceyhun Bayramov, Azərbaycanın da İƏT-in aktiv üzvlərindən biri kimi Təşkilat çərçivəsində münaqişələrin sülh yolu ilə həlli səylərini daim dəstəklədiyini diqqətə çatdırıb.

Hazırda bütün İslam dünyasını dərindən narahat edən Fələstin məsələsi ilə bağlı ölkəmizin “iki dövlət” prinsipi əsasında həll yolunun tərəfdarı olduğu, habelə münaqişənin Fələstin xalqı üçün ağır humanitar nəticələrinin aradan qaldırılması üçün davamlı dəstək göstərdiyi qeyd edilib.

İƏT çərçivəsində müxtəlif, o cümlədən iqtisadi inkişaf, təhsil, səhiyyə, mədəniyyət kimi sahələrdə əməkdaşlığın məmnunluq doğurduğu, habelə birgə fəaliyyət üçün digər istiqamətlər üzrə də geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb. Xüsusilə, ölkəmizin öz enerji portfelini genişləndirərək ənənəvi enerji mənbələrindən külək, günəş, su kimi alternativ mənbələrə keçid istiqaməti tutduğu, habelə öz strateji mövqe və infrastruktur imkanlarını bağlantılar sahəsinə yönətldiyi bir dövrdə İƏT dövlətləri ilə bu sektorlarda əməkdaşlığın inkişafında maraqlı olduğumuz bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
22
publika.az

3Mənbələr