AZ

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda yüksək səviyyədə təmsil olunub

Bakı, 1 may, AZƏRTAC

Mayın 1-də ənənəvi olaraq hər il Böyük Britaniyada təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” start götürüb.

Dövlət Sərhəd Xidmətinin mətbaut xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əzəmətli Vindzor qəsrinin ərazisində keçirilən tədbirdə “Heydər Əliyev fondu”nun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Böyük Britaniyadakı tədbirdə ölkəmizi 100 nəfərdən çox nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinin tərkibinə DSX-nin rəqs ansamblı, süvarilər dəstəsi, “Land of Fire” polo komandası daxildir.

Təmsilçilərimizin təqdim edəcəyi “Koroğlu” adlı şou-kompozisiyanın əsasını tamaşaçılara yaxşı tanış olan, burada özünə heyranlar ordusu toplamış, çılğınlığı və gözəlliyi ilə xüsusi seçilən Qarabağ atları, eləcə də ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edir.

Şou-kompozisiyada Koroğlu rolunda Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov və Əməkdar artisti Tural Ağasiyev, Nigar rolunda Əməkdar artisti Afaq Abbasova və DSX-nin hərbi orkestrinin solisti Fatimə Cəfərzadə çıxış edəcəklər.

Milli musiqimizin sədaları altında “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, DSX-nin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, qeyri-adi perfomanslarından ibarət şou-kompozisiyanın kulminasiya nöqtəsini süvarilərimizin Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması təşkil edir.

Tədbir çərçivəsində təşkil ediləcək Azərbaycan günündə “Heydər Əliyev fondu”nun dəstəyi ilə xalqımızın tarixi, mədəniyyəti və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurularaq, Azərbaycan naharı təşkil ediləcək və 100-dən çox qonağa milli mətbəximizin nümunələrindən ibarət ləziz təamlar təqdim olunacaq.

Hər gün Kral ailə üzvləri tərəfindən izləniləcək “Vindzor Kral Atçılıq Şousu”nda, nümayəndə heyətimizin çıxışları mayın 5-dək davam edəcək və arenada tədbiri ümumilikdə 30 mindən çox tamaşaçının izləyəcəyi gözlənilir.

“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan heyətinin kral ailəsinin üzvləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, mayın 4-də saat 19:15-də Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britanyanın “Guards Polo Club” komandası arasında yoldaşlıq görüşü keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
9
azertag.az

10Mənbələr