AZ

Silahlı münaqişə kontekstində saxlanılan şəxslərin statusuna dair seminar keçirilib

Bakı, 1 may, AZƏRTAC

Aprelin 30-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Silahlı münaqişə kontekstində saxlanılan şəxslərin statusu” mövzusunda seminar keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, Kollegiyanın sədri Anar Bağırov bəzi dövlətlər arasındakı münasibətlərdə gərginlik, silahlı münaqişə, konflikt ocaqlarının çoxalmasının, istifadə olunan ən müasir silah və texnikanın müharibələrin dağıdıcılıq gücünü daha da artırdığını və nəticədə daha çox mülki əhalinin silahlı münaqişələrin qurbanlarına çevrildiyini vurğulayıb. Bildirib ki, Azərbaycanın uzun müddət münaqişəyə cəlb olunması nəticəsində xalqımız çox əziyyət çəkib, humanitar hüququn normaları kobud şəkildə pozulub.

Diqqətə çatdırılıb ki, istər sülh, istərsə də silahlı münaqişə və ya müharibə dövrlərində insan hüquq və azadlıqlarının təminində, onların müdafiəsində, bu sahədəki problemlərin ədalətli həllinə nail olunmasında müstəqil vəkillik təsisatı fundamental dayaq kimi çıxış edir. Vəkillik institutu hüquqi dövlət quruculuğunda insan hüquqlarının müdafiəsi, ədalətin və bərabərliyin təmin edilməsində əsas rollardan birini oynayır. Azərbaycan vəkilliyi ədalətin və insan hüquq və azadlıqlarının qoruyucularından biri kimi həbsdə olan hər kəsə beynəlxalq humanitar hüququn tələb etdiyi hörmət və ədalətlə rəftarın təmin edilməsində dəstək olmalıdır.

Vəkillər Kollegiyasının bu sahədə bir sıra qurumlarla səmərəli əməkdaşlıq etdiyini söyləyən sədr bu baxımdan BQXK-nın Azərbaycandakı nümayəndəliyini xüsusi vurğulayıb. O, son illər Komitənin gördüyü işlərdən, hər iki qurumun təşkil etdiyi tədbirlərdə yüzlərlə vəkilin iştirakından danışıb.

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin müdafiə işləri üzrə əlaqələndiricisi Ahmed Zaruq çıxışında seminarın əhəmiyyətini xüsusi vurğulayıb, Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlıqdan söz açıb.

Çıxışında beynəlxalq humanitar hüququn əhəmiyyətindən bəhs edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev bu sahədə beynəlxalq və milli hüququn qarşılıqlı nisbət məsələsini təhlil edib.

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova BQXK və onun fəaliyyəti barədə məlumat verib, Komitənin hüquq müşaviri Jalə Əzizova isə beynəlxalq humanitar hüququn saxlanılan şəxslərə münasibətdə müəyyənləşdirdiyi öhdəliklər barədə məruzə ilə çıxış edib. İştirakçılara BQXK-nın saxlanma yerlərinin fəaliyyəti barədə də məlumat verilib.

Seminarda vəkillərin sualları cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
7
azertag.az

8Mənbələr