AZ

Hərbi Polisin 32-ci ildönümü qeyd edilib - FOTO + VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin yaranmasının 32-ci ildönümü münasibətilə Gəncə hərbi polis bölməsində keçirilən tədbirdə iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyini vurğulayıb. Nazir Müzəffər Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu əsas vəzifələrdən danışıb.

Hərbi polis bölmələrinin xüsusilə azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti fəaliyyətini müsbət qiymətləndirən nazir şəxsi heyəti təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Komendant və qoşun xidmətinin təşkilində fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən hərbi obyektə baxış keçirib.

Məruzə edilib ki, müasir standartlara uyğun yeni inşa olunmuş hərbi obyektdə xidmətin təşkili və hərbi qulluqçuların asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait mövcuddur.

Qarovul evində yaradılan şəraitlə də tanış olduqdan sonra general-polkovnik Z.Həsənov hərbi avtomobillərə baxış keçirib, nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin təlimata uyğun istifadə və istismarına xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Müdafiə naziri qoşun, qarnizon qarovul, patrul və azad edilmiş ərazilərdə komendant xidmətinin keyfiyyətli təşkilinə dair göstərişlər verib, digər zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin ərazisində ağaclar əkilib.

.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
28
Mənbələr
Şərh ()
Bağla