AZ

XOCALI HAVA LİMANI DA NƏZARƏTİMİZƏ KEÇİR – Bizə hansı faydaları ola bilər?

Məlum olduğu kimi, aprelin 17-dən etibarən Rusiya sülhməramlılarının hərbi kontingentinin Qarabağdan çıxarılması prosesinə start verilib. Açıqlanan rəsmi məlumata görə, rus sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.Kremlin sözçüsü Dmitri Peskov bu barədə Rusiya mətbuatına açıqlamasında bildirib ki, sülhməramlılar bölgəni növbəli şəkildə tərk edəcək və proses cari ilin sentyabrına qədər tam başa çatacaq. Qeyd edək ki, artıq ötən gün Rusiya sülhməramlılarının hərbi texnikasının ilk partiyası Goran dəmir yolu stansiyası vasitəsilə Azərbaycan ərazisindən çıxarılıb. Sülhməramlılar ilk olaraq Kəlbəcərdəki Xudavəng monastrını tərk ediblər. Artıq həmin ərazini Azərbaycan polisi mühafizə edir.Onu da qeyd edək ki, sülhməramlıların Xocalıdakı əsas dislokasiya bazası da boşaldılır. Ötən gün yayımlanan kadrlarda şəxsi heyətin iyirmi yük maşını ilə sülhməramlıların Xocalıdakı bazasından çıxdığı görünüb. Bundan əlavə Rusiya sülhməramlılarının tezliklə Xocalı hava limanından çıxması da önəmli bir məqam hesab oluna bilər.


Bölgədə uzun müddət qalmağı hədəfləyən ruslar bu hava limanının ərazisində blok-modul tipli hərbi şəhərcik belə inşa etmişdilər. Son vaxtlar yayılan iddialara görə, rusların Xocalıdakı hava limanını Rusiyanın Suriyadakı Hmeymim aviabazasının kiçik analoquna çevirmək kimi bir niyyətləri belə olub...Ancaq reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində rusların sözügedən bölgə ilə bağlı bütün çirkin planları boşa çıxdı və onlar öz niyyətlərini gerçəkləşdirə bilmədən ərazilərimizi tərk etmək məcburiyyətində qaldılar. Beləcə Qarabağ regionun inkişafı, bölgənin yenidən Azərbaycana inteqrasiyasının qarşısında əngəl kimi görünən sülhməramlı faktoru da tamamilə aradan qalxdı. Hər halda Qarabağda yeni bir dönəmin başladığını desək yanılmarıq. Onu da nəzərə almaq lazımdır ki, bölgənin sürətli inkişafı baxımından Azərbaycan, xüsusən də Qarabağ regionu üçün olduqca böyük strateji önəmə sahib olan Xocalı hava limanı da bundan sonra bizim nəzarətimizdə olacaq. Qeyd edək ki, Xocalı hava limanı Qarabağ regionunda Füzuli, Zəngilan və hazırda inşası davam edən Laçın hava limanlarından sonra 4-cü hava limanıdır. Məlumat üçün qeyd eək ki, 1974-cü ildə istifadəyə verilən Xocalı hava limanı - Azərbaycanın Xocalı rayonunda, Xankəndi şəhərindən 10 kilometrlik məsafədə yerləşir. Sözügedən dövrdə bu hava limanı ilə İrəvan istiqamətində avirayeslər icra olunub. 2009-2012-ci illərdə isə ermənilər tərəfindən İrəvan və geriyə uçan təyyarələri qəbul etmək məqsədi ilə əsaslı təmir olunub. Ermənilər müxtəlif vaxtlarda bu hava limanından istifadə etməyə çalışsalar da, Azərbaycanın qəti etirazları nəticəsində buna imkan verilməyib. Bu müddət ərzində Xocalı hava limanından bir dənə olsun belə uçuş gerçəkləşməyib. Erməni mənbələrin məlumatına görə, lazımi hava naviqasiya avandanlıqları ilə təmin olunan bu hava limanı saatda 200 sərnişin qəbul etmək potensialına sahibdir.Bəs maraqlıdır, Xocalı hava limanı istifadəyə verildikdən sonra Qarabağ regionuna və ümumən Azərbaycana hansı səviyyədə faydalı ola bilər? Bu barədə hərbi ekspert Ədalət Verdiyev “AzPolitika”-ya şərhində bildirib ki, Xocalı ərazisi və buradakı hava limanı Azərbaycan üçün təkcə strateji təyinatlı obyekt yox, həm də mənəvi baxımdan əhəmiyyətli olan bir ərazidir.Ekspert də qeyd edir ki, Xocalı hava limanının Azərbaycanın nəzarətinə keçməsi ilə birlikdə Qarabağda və Zəngəzruda sayca dördüncü hava limanımız olacaq.“Bu hava limanının həm mülki vətəndaşların daşınmasında, həm də hərbi məqsdlər üçün istifadəsi nəzərdə tutulur. Zərurət yaranarsa, hərbi helikopterlərimiz, təyyarələrimiz, PUA-larımız da bu hava limanından istifadə edə bilər”, - deyə o, bildirib. Ə. Verdiyevin sözlərinə görə, Füzuli, Zəngilan və Laçın hava limanları ilə yanaşı, Ağdam, Xankəndi və Ağdərəyə yaxın bir ərazidə də hava limanının olması turistlər və vətəndaşlar üçün kifayət qədər geniş səyahət imkanları yaradacaq.Ekspert əlavə edib ki, Azərbaycan Xocalı hava limanının modernizasiyasını həyata keçirib, beynəlxalq hava limanı statusu əldə etməsi üçün fəaliyyətlərə başlayacaq.İqtisadçı Xalid Kərimli isə “AzPolitika”-ya şərhində bildirib ki, Füzuli Beynəlxalq Hava Limanı tikilməsəydi Xocalı hava limanının fəaliyyəti daha faydalı ola bilərdi. Ekspert qeyd edib ki, bu yaxınlarda müasir üslubda inşa edilən Füzuli Beynəlxalq Hava Limanı ilə Xocalı hava limanı arasında cəmi 100 kilometr məsafə var. İqtisadçı Xocalı hava limanının yükdaşımalarda xüsusi bir əhəmiyyətinin olacağını düşünmədiyini deyib.“Sözügedən hava limanı hazırda yükdaşımalarda xüsusi bir rol oynamayacaq. Gələcəkdə bu bölgə inkişaf etsə, məsələn, Dubay kimi bir yerə çevrilsə, fərqli fikir söyləmək olar. Ancaq hazırkı reallıq bir az fərqlidir”- deyə, ekspert bildirib.E. Bəyməmmədli“AzPolitika.info”Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanmışdır.

Seçilən
149
41
Mənbələr
Şərh ()
Bağla