AZ

Aprelin 15-dən sonra nə olacaq? - SENSASİON AÇIQLAMALAR

Özünü “sülh göyərçini” kimi göstərən Ermənistan rəhbərliyi terrorçu birləşmələrin Qazax istiqamətində cəmləşməsinə göz yumur; işğal altındakı kəndlərin azad olunmasından imtina savaşa gətirib çıxara bilər

Ermənistan Azərbaycan tərəfinin sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib. “Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan "AzadlıqRradiosu"nun sorğusuna cavab olaraq bildirib. Bildirildiyinə görə, söhbət müqavilə layihəsinə dair təkliflərin dəqiqləşdirilməsindən gedir.

Bu yaxınlarda xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan və Bakı sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlarda artıq bir sıra razılaşmalara nail olub, lakin tərəflərin iki əsas məsələ üzrə baxışları hələ də bir-birindən uzaqdır. Bu, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin demarkasiyası və infrastrukturların blokdan çıxarılması prosesidir. Ermənistanın baş naziri Nikol Paşinyan isə Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronkun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də sülh prosesini  müzakirə edib. Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada, 14 may və 15 iyul 2023-cü ildə Brüsseldə, 5 oktyabr 2023-cü ildə Qranadada keçirilən görüşlər nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bu sazişlərə əsasən, 1991-ci il Almatı Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır.

Sülhdən danışmağa, sadəcə, vaxt qazanmaq vasitəsi kimi yanaşan Paşinyan hakimiyyəti revanşistlərə geniş meydan verməkdədir. Məlumata görə, bugünlərdə silaha sarılacağını bəyan edən “döyüş qardaşlığı” radikal təşkilatının üzvləri yenidən Qazağın işğal altındakı kəndlərinə gəlməyə hazırlaşır. Təşkilatın üzvləri daha öncə Qazağın kəndlərində hərbi təlimlər keçirmək, orada məskunlaşan erməniləri Azərbaycana qarşı müharibəyə hazırlaşdırmaq istəsələr də, Ermənistan hakimiyyəti buna imkan verməyib. Təşkilatın rəhbəri Hrant Ter-Abrahamyan bildirib ki, yenidən Tavuşa gedəcəklər. “Bizə icazə vermirlər, amma biz oradakı əhaliyə (Qazağın kəndlərində məskunlaşdırılan ermənilər-red.) söz vermişik ki, yanlarında olacağıq. Əslində bütün bunlar təkcə Tavuş məsələsi deyil, bütün Ermənistanın məsələsidir. Bu gün Noyemberyandadır, sabah İcevanda ola bilər. Ermənistanın hər bir bölgəsində qaynar nöqtələr var. Əhali müqavimət göstərəcəksə, biz də onların yanında olacağıq”, - o bildirib. Ter-Abrahamyan Azərbaycanla müharibəyə hazırlaşdıqlarını, hətta hücuma keçə biləcəklərini gizlətmir. İddia edir ki, Azərbaycan Qazağın işğal altındakı kəndləri və Zəngəzur dəhlizi istiqamətində əməliyyat həyata keçirə bilər. “Bu, genişmiqyaslı müharibə yox, 2-3 günlük əməliyyat ola bilər. Biz də buna hazırlaşmalı, buna bənzər bir şey etməliyik”, - radikal qruplaşmanın rəhbəri deyib.

Qeyd edək ki, 50-dən artıq silahlı saxlanılsa da, sonradan polis bölməsinə qumbaralı hücum edənlərin tələbləri nəticəsində onlar sərbəst buraxılıb və növbəti tamaşa nümayiş olunub. Beləliklə, terrorçuların bölgəyə cəmləşməsini görməzdən gələn Ermənistan rəhbərliyi ölkənin silahlı qüvvələrini və hərbi texnikanı da şərti sərhədlərə toplayır. Belə olduqda işğal altındakı kəndlərin azad olunmasından imtina savaşa gətirib çıxara bilər.

Bu arada, Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan da maraqlı açıqlama verib. “Paşinyan niyə 1991-ci il bəyannaməsindən danışır? Azərbaycan bu bəyannaməni ciddiyə almır. Müharibə olacaq və mən bilirəm ki, biz qalib gələcəyik. Bugünkü düşmənimiz Azərbaycan deyil”, - deyə sabiq baş nazir fikrini yekunlaşdırıb. Məsələ burasındadır ki, Azərbaycan Ermənistana qarşı ərazi iddiasında deyil. Bakı beynəlxalq hüquqa istinad edərək hələ də işğalda qalan 8 yaşayış məntəqəsinin azad edilməsi tələbində israrlıdır. İlkin mərhələdə bu yaşayış məntəqələrindən dördünün, yəni anklav olmayan kəndlərin təhvil verilməsi təmin edilməli idi. 

Azərbaycan Prezidenti bu ilin əvvəlində İrəvana yol xəritəsini təklif edib. Ermənistan isə hələ də məsələni uzadır. Proseslərin sonrakı gedişatını ekspertlər necə proqnozlaşdırır?

Akif

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a əminliklə bildirdi ki, sülh müqaviləsi ilə bağlı Ermənistan real nəticəyə yönəlik fəaliyyətlə deyil, manipulyasiya ilə məşğuldur: “Son olaraq bildirdilər ki, deyilən layihəyə cavab veriblər. Bizə onların cavabı yox, birbaşa "hə" demələri gərəkdir. Başa düşməlidirlər ki, biz onlara hansısa təklifi müzakirə üçün deyil, qeyd-şərtsiz müsbət cavab üçün göndəririk. Hələ ki bunu başa düşmək istəmirlər. Real nəticə onların bu reallığı dərk etməsindən sonra əldə olunacaq. Reallığı başa düşmək istəməyən erməni rəhbərləri isə hələ də söz oyunları ilə məşğuldurlar, ziddiyyətli açıqlamalar verirlər. Xarici işlər nazirləri deyir ki, “bir sıra razılaşma” əldə olunub, dərhal da qeyd edir ki, iki əsas məsələ, yəni ərazi bütövlüyünün qarşılıqlı tanınması, demarkasiya, kommunikasiyaların açılması məsələlərində razılıq yoxdur. Baş nazir isə bildirir ki, danışıqlar, məsələn, 1991-ci il Almatı Bəyannaməsi, həmçinin 5 oktyabr 2023-cü il Qranada bəyanatı əsasında aparılmalıdır". A.Nağı qeyd etdi ki, erməni rəsmilərin dedikləri başdan-ayağa yanlış və ziddiyyətli fikirlərdir: “Xarici işlər nazirinin, deyəsən, məntiqdən xəbəri yoxdur. Onun dediyi kimi, iki əsas məsələ razılaşdırılmayıbsa, onda hansı nəticədən danışmaq olar? Baş nazirləri isə bir-birinə zidd Almatı və Qranada bəyanatlarını bir araya gətirmək istəyi ilə özünü gülünc vəziyyətə qoyub. Keçmiş baş nazirləri isə özünü "ulduzlara hürən it" yerinə qoyaraq, Azərbaycan üzərində qələbədən danışır. Bütün bunlar göstərir ki, ermənilərlə yaxın vaxtlarda sülh perspektivi görünmür. Məğlub durumda olduqlarına görə əvvəllər də sülh istəmirdilər. İndi isə Qərbdən bəzi vədlər alaraq, növbəti dəfə “Azərbaycana müharibədə qalib gəlmək”  həvəsinə düşüblər. Bizə isə onların bu həvəslə növbəti addımları atacaqlarını gözləyib, əks zərbə ilə məsələni birdəfəlik bitirmək qalır. Yekun və davamlı sülhün əldə olunması üçün bu yol daha real görünür".

Qafar

Qafar Çaxmaqlı

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı qeyd etdi ki, Hrant Baqratyan maraqlı simadır: “Onu Ermənistanda baş verəcək xaosun fonunda önə sürüləcək baş nazir namizədi kimi görən qüvvələr bəzi hesablamalar aparırlar. Baqratyan gəlsə, Paşinyanın qərbyönlü siyasəti iflasa uğrayacaq və Rusiya təkrar Ermənistanı təsir dairəsinə alacaq. Və sülh olacaqsa, Rusiyanın planladığı formada olacaq. İlkin olaraq 8 kənd məsələsi həll ediləcək. Paşinyanın elan etdiyi və manipulyasiya etdiyi bu kəndlərin qaytarılması sülhü gətirəcək. XİN rəhbəri Mirzoyanın sülh müqaviləsinin bağlanmasına maneə təşkil eləyən ərazi bütövlüyü və sərhədlərin müəyyənləşməsi problemi aradan qalxacaq. Amma Baqratyan və onu baş nazir olaraq görənlərin arzusunu reallaşdırmaq hələ mümkün olmadığından masadakı təkliflər müzakirə edilməlidir”. Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycan da tanıdığını imzası ilə təsdiq edir: “Amma hansı ərazilərlə... Hansı xəritələrlə? Danışıqlar prosesinin bu hissəsi razılaşmalara o zaman səbəb olacaq ki, Ermənistan bundan əvvəl imza atdığı sənədlərin reallaşmasına getsin. 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndinə əməl etsin. Prinsipial məsələ budur. Sərhədləri müəyyən edib kommunikasiya xətlərini açmamaq mümkün deyil. Bu müqavilə iki ölkə arasında olan bütün məsələlərin kompleks həlli istiqamətində atılan addım ola bilər. Yoxsa o kağız parçası kimi az müddətdən sonra əhəmiyyətini itirəcək”.

Artıq

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, Ermənistan tərəfi Hindistan, Fransa və İrandan aldığı hərbi dəstək müstəvisində sülh müqaviləsindən yayınır: “Ermənistan tərəfi anklav olmayan kəndləri qaytarmamaqla bir daha normallaşma prosesindən yayındı. Hazırda situasiya məhz İrəvanın tutduğu mövqeyə görə dalana dirənib. Ermənistan aprelin 5-də Brüsseldə görüşdən sonra siyasi və təhlükəsizlik dəstəyi hiss edir. İndi sülh təkliflərinə əlavələr edir. Azərbaycan deyir ilkin olaraq anklav olmayan kəndləri qaytar, delimitasiya başlayacaq. Həmçinin Bakı tələb edir ki, konstitusiya və qanunvericiliyindən Azərbaycana qarşı ərazi iddialarını çıxar! Ermənistan isə manipulyasiya edir, özünün sülh danışıqlarına sadiq olduğunu bəyan edir. 30 il ərzində işğal vaxtında da Ermənistan deyirdi "sülh gündəliyinə sadiqik". Azərbaycana qarşı Ermənistanın rəsmi mətbuatında “Rusiya və Azərbaycan birgə hərəkət edir” kimi informasiya təbliğatı aparılır. Həmçinin beynəlxalq müstəvidə Azərbaycan “aqressor” adlandırılır və ölkəmizin guya “Moskva ilə birgə hərəkət etdiyi” iddiası təbliğ olunur. Bizim bəzi ekspertlər də Ermənistan mətbuatının təbliğat alətinə çevrilib. Azərbaycan bu gün Moskva və Qərbdən məsafə saxlayır və öz milli maraqlarına uyğun siyasət aparır". Ekspert qeyd etdi ki, Ermənistanın Almatı müqaviləsini rəhbər tutması onun prosesdən yayınmasıdır: “Rəsmi Bakı İrəvana şərtlər irəli sürür. Dörd kəndi qaytarsın, biz biləcəyik ki, Ermənistan danışıqlarda maraqlıdır, ya yox. Amma bunu müşahidə etmirik. Əgər Ermənistan danışıqlardan yayınsa, bizə də sülh müqaviləsi lazım deyil. Dörd kəndi də əməliyyat keçirib alacağıq. Ermənistan bunu yaxşı bilir. Amma kəndlərlə bağlı tərəddüd edir. Aprelin 15-dən sonra proseslər tam aydın olacaq”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Seçilən
314
50
Mənbələr
Şərh ()
Bağla