AZ

Mixail Neyzmakov: “5 aprel görüşünün məqsədi Cənubi Qafqazda sabitliyi pozmaqdır” – MÜSAHİBƏ

“Əgər qarşıdan gələn Brüssel danışıqlarını ABŞ və Aİ-nin Rusiyaya qarşı strategiyası kontekstində nəzərdən keçirsək, təbii ki, həm Vaşinqton, həm də Brüssel Moskvanın Cənubi Qafqazdakı təsirini məhdudlaşdırmaqda qərarlıdır”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyzmakov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Neyzmakov: “Azərbaycan Rusiya və ABŞ-la əməkdaşlığı gücləndirəcək, Ermənistan isə...” – ÖZƏL 


5 aprel Brüsseldə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında reallaşacaq görüşü şərh edən analitik görüşün əsas məqsədinin regionda sabitliyə zərbə olduğuna diqqət çəkib. 

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Neyzmakov, 5 aprel görüşü barədə məlumatlısınız. Diqqət çəkən məqam isə görüşdən öncə iştirakçıların fərqli açıqlamalar verməsidir. Ermənistanın təhlükəsizliyi ilə bağlı zəmanət paktının imzalanması gözlənilən görüşü necə şərh edirsiz?

- Nəzərə almaq lazımdır ki, aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan danışıqların gündəliyi ilə bağlı indiyədək çox az konkret məlumat verilib. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sadəcə qeyd etdi ki, tədbirdə “Ermənistanın inkişafına kömək etmək üçün üçtərəfli əməkdaşlıq yolları” və “Ermənistanda sabitliyin artırılması” müzakirə olunacaq. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller hətta qarşıdan gələn danışıqların məzmunu ilə bağlı təfərrüatlara varmaq fikrində olmadığını bildirib. Lakin mətbuat ABŞ və Aİ-nin Ermənistana verə biləcəyi mümkün təhlükəsizlik təminatlarını aktiv şəkildə müzakirə edir. 

- Biz həmçinin NATO adından istifadə edən keçmiş baş katibin də açıqlamalarını gördük. Görüşdən öncə Ermənistana xüsusi dəstək tezislərinin arxasında nə dayanır?

- Bu yaxınlarda NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” yüksək səviyyəli qrup hesabatı təqdim etmişdi. İrəvana bu sahədə mümkün dəstək tədbirləri ilə bağlı tövsiyələrə dair - Avropa Sülh Fondundan Ermənistana hərbi-texniki yardım göstərmək üçün vəsaitin ayrılmasından tutmuş, Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) əməkdaşlarının birgə fəaliyyətinə qədər... Bunlar İrəvana dost olan şəxslərin tövsiyələridir.

- Görüş barədə bu qədər gizliliyin saxlanılmasında səbəb nə ola bilər?

- Rəsmilərin açıqlamalarında Brüssellə qarşıdakı görüşün gündəliyinə dair spesifikasiyaların minimuma endirilməsi bu məsələ ilə bağlı qapalı məsləhətləşmələrin davam etməsi anlamına gələ bilər. Üstəlik, çox güman ki, ABŞ və Aİ təkcə İrəvanla deyil, həm də Bakı və Ankara ilə belə qapalı məsləhətləşmələr aparır. NATO-nun baş katibi Yens Stoltenberqin Bakı və İrəvana səfərlərini əhatə edən mart turunu da bu mövzunun müzakirəsi ilə əlaqələndirmək olar. 

Onu da unutmayaq ki, ABŞ və Aİ-nin resursları hələ də məhduddur və təhlükəsizlik sahəsində Vaşinqton və Brüssel qarşılarına baha başa gələn məqsədlər qoyublar. Məsələn, Kiyevə dəstək verməklə bağlı. “Frontex”in Rusiya ilə Aİ arasındakı gərginliyi nəzərə alaraq, şərq sərhədlərini qorumaq üçün əlavə vəzifələri də var. 

Xüsusən, 2023-cü ilin sonunda bu agentliyin Rusiya ilə Finlandiya sərhədinə əlavə işçi qrupları göndərmək planlarını xatırlayaq. Yəni, hələlik aprelin 5-də Brüsseldə keçiriləcək görüşdən sonra elan oluna biləcək razılaşmaların əhəmiyyətli hissəsinin daha çox çərçivə xarakterli ola biləcəyi ehtimalı kifayət qədər yüksəkdir.

- Biz Qərbin və Avropa İttifaqının Rusiyaya qarşı münasibətlərindən xəbərdarıq. Əslində Qərb Ermənistan üçün deyil, məhz Rusiyaya qarşı addımların atıldığı müşahidə edilir. Bu fikirlərlə razısız?

- Əgər qarşıdan gələn Brüssel danışıqlarını ABŞ və Aİ-nin Rusiyaya qarşı strategiyası kontekstində nəzərdən keçirsək, təbii ki, həm Vaşinqton, həm də Brüssel Moskvanın Cənubi Qafqazdakı təsirini məhdudlaşdırmaqda qərarlıdır. Digər tərəfdən, Qərb oyunçuları Rusiya hərbi bazasının və rus sərhədçilərinin Ermənistandan çıxarılmasına nail olsalar belə, bu, Moskvanın, Rusiya-Ukrayna münaqişəsi çərçivəsindəki imkanlarına ciddi zərbə vurmayacaq. Bu, aparıcı Qərb oyunçularının Ukraynanı dəstəkləmək, NATO-nun şərq cinahını gücləndirmək və  Moskvanın kanallarını daha da məhdudlaşdırmaq məqsədilə Rusiyanın cilovlanmasına daha çox üstünlük vermələrinin səbəblərindən biridir. 

- Əsas məsələlərdən biri də, sərhədlərini Rusiyanın qoruması, 102-ci hərbi bazanın mövcudluğu fonunda İrəvanın Kremlə qarşı atdığı addımlardır. Rus hərbi bazası Ermənistandan çıxarıla bilər?

- Belə bir şəraitdə Nikol Paşinyan hökuməti Moskvaya qarşı kifayət qədər soyuq ritorikasını davam etdirsə də, çox güman ki, Ermənistanda 102-ci Rusiya hərbi bazasının mövcudluğu faktorunu saxlayaraq, yaxın gələcəkdə Rusiya ilə radikal qırılmaya tələsməyəcək. Bu cür taktikanın təzahürlərindən biri də Ermənistan parlamentinin sədri Alen Simonyanın bu yaxınlarda Ankara ilə İrəvan arasında hipotetik münaqişə baş verəcəyi təqdirdə rus sərhədçilərinin fəal hərəkət edəcəyinə “böyük şübhələr” bildirməsidir. Hazırda isə Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çəkilmələri barədə heç bir söhbət yoxdur.

- Cənab Neyzmakov, zaman ayırdığınız üçün təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 

Seçilən
201
50
Mənbələr
Şərh ()
Bağla