AZ

ABŞ Çinlə müharibə hazırlıqlarına başladı- Vaşinqtonun planları ortaya çıxdı...

Image

21-ci əsrin əvvəllərində İraqı işğal edən və bütün diqqətini Yaxın Şərqə yönəldən ABŞ indi isə bütün diqqətini uzaq Asiyaya yönəldib. Yaxın Şərqə Suriya kimi ölkələrdəki əsgərlərinin sayını azaldan Vaşinqton Cənubi Asiyadakı müttəfiqləri ilə birlikdə Çini mühasirəyə almağa başlayıb.

Cənubi Asiyada ən ciddi rəqibi Çinlə, xüsusən də Tayvan məsələsində hesablaşmayan ABŞ, mübahisəli Cənubi Çin dənizi ətrafındakı ölkələrlə bir-bir razılaşaraq Çini mühasirəyə alır. Amerika qoşunlarının 30 ildən sonra ilk dəfə Filippinə qayıtmasını təmin edən razılaşma ilə ABŞ-ın Cənubi Çin dənizi ətrafında yaratmağa çalışdığı müdafiə qalxanı 2023-cü ilin fevral ayından etibarən demək olar ki tamamlanıb. Cənubda Avstraliya, şimalda Yaponiya və Cənubi Koreyanın daxil olduğu xəttdə çatışmayan yeganə bolgə Filippin idi.

Çin Cənubi Çin dənizində özünün ən həssas məsələsi olan Tayvanla bağlı ABŞ-la gərginlik yaşayır. Pekin administrasiyası mübahisəli sularda inşa etdiyi süni adalarda çoxlu hərbi bazalar və obyektləri yerləşdirib, lakin Tayvan, Vyetnam, Filippin, Malayziya və Bruney kimi ölkələr də adalar üzərində hüquqlarını iddia edir.

Bu arada "Washington Post" qəzeti ABŞ dəniz piyadalarının Havayda Çinlə mümkün müharibəyə hazırlıq məqsədilə təlimlərə başladığını yazıb. Qəzet bildirir ki, Yaxın Şərqdə 20 illik müharibələrdən çıxan dəniz piyadaları Asiyada minlərlə kilometr ada və sahil zolağında davam edə biləcək dəniz müharibəsinə uyğunlaşmağa çalışır.

Dəniz piyadalarının vəzifəsi Yaponiyadan İndoneziyaya qədər uzanan Birinci Ada Zənciri kimi tanınan ərazini müdafiə etməkdir. Qeyd edilir ki, kağız üzərində yaxşı təlim keçmiş və yaxşı təchiz edilmiş əsgərlər olsalar da, dəniz piyadaları əsl müharibədə çox çətin vəziyyətlərlə üzləşəcəklər. Çin son 20 ildə hərbi sahədə böyük irəliləyiş əldə edib, Sakit Okeanda süni adalar tikməklə öz hava qüvvələrini gücləndirib və forpostlar yaradıb.

"Washington Post" qəzetinin yazdığına görə, dəniz piyadalarının ilk məqsədi Tayvana hücumdan dərhal sonra cavab verməkdir. Bu çərçivədə ilk olaraq sahəyə enəcək əsgərlər Hərbi Hava Qüvvələrinə aid B-1 bombardmançı təyyarəsinə koordinatlar göndərərək, yüzlərlə kilometr uzaqdakı Çin nöqtələrinin vurulmasını təmin edəcək. Mütəxəssislərin fikrincə, bu tapşırıq çox qorxuludur. Havay adalarından başqa ABŞ Yaponiyada xüsusi olaraq Çin üçün 12-ci Dəniz Alayını yenidən qurub. Bu bölmənin Tayvandan 160 kilometr aralıda yerləşən Okinavada fəaliyyət göstərəcəyi gözlənilir.

Tahir TAĞIYEV





Seçilən
154
5
Mənbələr
Şərh ()
Bağla