AZ

Dövlət dəstəyi kəndi tərəqqi yoluna çıxarır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Quba rayonunda keçirilən III Aqrobiznesin İnkişafı Forumunda respublikada aqrobiznesin inkişafına əhəmiyyətli təsir göstərən beynəlxalq və yerli təcrübə barədə ətraflı danışılıb, kənd təsərrüfatının mövcud vəziyyəti geniş müzakirə edilib, o cümlədən aqrobiznesə maliyyə dəstəyi, həmçinin dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan məsələlər diqqətə çatdırılıb. Tədbirdə, eyni zamanda, aqrobiznes sektorunun hazırkı vəziyyəti və gələcək perspektivləri, habelə iqlimə davamlı maliyyələşdirmə, subsidiyalar vasitəsilə kənd təsərrüfatının maliyyələşdirilməsi və dövlət–özəl tərəfdaşlıq yönümlü bir sıra məqamlar da müzakirə olunub.
Forumda son illər ərzində kənd təsərrüfatında islahatların daha da dərinləşdirildiyi, aqrar sahəyə döv­lət dəstəyi mexanizminin davamlı şəkildə təkmilləşdirildiyi və çox­şaxəli dövlət dəstəyi sistemi yara­dıldığı, kənd təsərrüfatı istehsalçı­larına verilən birbaşa subsidiyaların əhatə dairəsinin genişləndirildiyi də diqqətə çatdırılıb. Eyni zamanda, bildirilib ki, yanacaq və motor yağla­rının, mineral gübrələrin, pestisidlə­rin, pambıq və şəkər çuğundurunun satışına, toxum və tinglərin istehsa­lına görə subsidiyaların verilməsinə başlanılıb. 
Son illər aqrar sahədə istehsal vasitələrinin əldə olunmasına tətbiq olunan güzəştlərə böyük əhəmiyyət verilib. Bu güzəştlər çərçivəsində bir sıra texnika və texnoloji avadanlıq­ların ölkəyə idxalı rüsumdan azad edilib, satışı subsidiyalaşdırılıb. Məsələn, fermer tərəfindən texni­kanın ilkin dəyərinin 20 faiz ödənil­dikdə, büdcə vəsaiti hesabına idxal dəyərinin 40 faizi həcmində güzəşt edilib. Eləcə də müasir suvarma sistemləri dəsti və avadanlığının, soyuducu anbar və avadanlıqlarının alışına dövlət büdcəsi hesabına 40 faiz güzəşt olunub.
Hazırda ölkəyə idxal edilən, həmçinin yerli damazlıq təsərrüfat­lardan satılan safqanlı cins damaz­lıq heyvanların qiymətinin 60 faizi dövlət büdcəsi hesabına subsidiya­laşdırılır, lizinq yolu ilə güzəştli sa­tışı həyata keçirilir, yerli heyvanla­rın cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər buzova görə 100 manat, hər arı ailəsinə görə 10 manat məb­ləğində subsidiya verilir.
Həmçinin torpaq-iqlim potensi­alından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün Azər­baycan Respublikası Prezidentinin 2022-ci il iyulun 9-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminet­mə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fər­manla yeni dəstək mexanizmi yara­dılıb. Bu mexanizmə görə, artıq cari ildən pivot suvarma tətbiq edilməklə istehsal olunaraq Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyasının da ödənilmə­sinə başlanılıb. 
Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq son illər­də texnika parkının yenilənməsi və aqrotexniki xidmətlərə əlçatanlığın, toxum, gübrə və pestisid kimi isteh­sal vasitələri ilə təminat səviyyəsi artıb, kənd təsərrüfat sahəsinin infrastruktur və təchizat bazası geniş­lənib.
Həyata keçirilən bütün bu təd­birlərin nəticəsidir ki, aqrar sektorda istehsal göstəricilərinin yüksəlmə­si davamlı xarakter alıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il ölkəmizdə 11 mil­yard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
Forumda kənd təsərrüfatının davamlı inkişafını şərtləndirən di­gər amillərin də bu gün diqqətdə saxlanılması zərurəti vurğulanıb. Bu baxımdan aqrar sığorta mexa­nizminin tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqro­nom və digər məsləhət xidmətlə­rinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi sahəsində sənədləş­dirmə prosedurlarında çətinlik, tex­noloji avadanlıqların köhnəlməsi və bazarlara çıxış aqrar sahədə fəaliy­yət göstərən sahibkarları narahat edən başlıca məsələlər kimi qeyd edilib. 
İqtisadiyyat Nazirliyinin tabeli­yindəki Kiçik və Orta Biznesin İn­kişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov forumda bildirib ki, aqrar iqtisadiyyat iqtisadi sistemin çox vacib bir sahə­si olmaqla iqtisadi siyasətin strateji istiqamətidir və ərzaq təhlükəsizli­yinin əsasını təşkil edir. Təbii ki, bu yöndə respublikamızda ciddi işlər görülür və nəticədə aqrar bölmənin inkişafında yüksək göstəricilər əldə olunur. 
O.Məmmədov vurğulayıb ki, ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqti­sadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi barədə Sərənca­mından irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas fəa­liyyət istiqamətlərindən biri də “da­yanıqlı və rəqabətli kənd təsərrüfatı və aqrobiznesin inkişaf etdirilməsi”­dir: “Bu sənəddə müəyyən olunmuş fəaliyyətlərin icrası nəticəsində kənd yerlərində rifahın yüksəlmə­sinə töhfə verən rəqabətqabiliyyətli aqrar istehsal, emal, satış, o cümlə­dən müasir texnologiyaların tətbiqi ilə kənd təsərrüfatında məhsuldarlıq daha da artacaq, həmçinin yeni iş yerləri yaradılacaq. Rəqabətqabiliy­yətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaq”.
KOBİA-nın rəhbəri qeyd edib ki, kiçik və orta biznes subyektlərinin (KOB) aqrobiznesdə satış imkan­larının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasına dəstə­yin göstərilməsi zəruridir: “2018-ci ildən etibarən KOB subyektlərinin müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə və yarmarkalarda iştirakı­na KOBİA tərəfindən davamlı önəm verilir. KOBİA bu sektorda fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivə­sində hər zaman dəstəkləyir”. 
O.Məmmədovun sözlərinə görə, indiyədək KOBİA tərəfindən Bakı və regionlar üzrə kənd təsərrüfa­tı fəaliyyəti ilə bağlı 4 minə yaxın sahibkarın iştirakı ilə 154 sahəvi görüş və maarifləndirmə tədbiri ke­çirilib. Bunlardan 20 sahəvi görüş, o cümlədən maarifləndirilmə tədbirləri məhz Quba–Xaçmaz iqtisadi rayo­nunda gerçəkləşdirilib. Bu görüş­lərdə diqqətə yönəldilən problemlər və onların həllinə dair səsləndirilən çoxsaylı təkliflər ciddi təhlil edilib və həmin sahə problemlərinin həllinə yönəlik müvafiq addımlar atılıb.
Forumda müzakirə edilən məsələlərdən biri də aqrar sek­torun inkişafında kreditləşmənin əhəmiyyəti ilə bağlı olub. Azərbay­can Mərkəzi Bankı (AMB) sədri­nin müavini Əliyar Məmmədyarov 2023-cü ilin sonuna ölkə bankları­nın kənd təsərrüfatına verdiyi kre­ditlərin qalıq məbləğinin 1,5 milyard manatdan çox olduğunu, bunun ¼ hissəsinin dövlət fondlarının, ¾ hissəsinin isə bankların öz vəsait­lərinin hesabına verildiyini bildirib. AMB sədrinin müavini daha sonra qeyd edib: “Bu ilin yanvar ayında təsdiqlənən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strate­giyası” maliyyə sektorunun effek­tivliyi, dayanıqlılığı və şəffaflığı kimi məqsədlərlə yanaşı, sektorun əlça­tanlığını özündə ehtiva edir. Sənəd aqrar sektorun dəstəklənməsi üçün alternativ maliyyələşmə mexanizm­lərinin genişləndirilməsi, mikro, orta və kiçik müəssisələrə xüsusi diqqət yetirilməsi ilə aqrar sahədə fəaliyyət göstərən şirkətlərin maliyyələşmə imkanlarının genişləndirilməsini hə­dəfləyir”.
Yeri gəlmişkən, həmin strate­giya, eyni zamanda, aqrar sığorta sisteminin yenidən dizayn edilmə­sini, bu əsasda alternativ əməliyyat modellərinin müəyyənləşdirilməsini nəzərdə tutur. Ümumilikdə, maliyyə sektoru üzrə həyata keçirilən təd­birlər maliyyə sektorunun inkişafı­nı şərtləndirir. 2023-cü ilin sonuna bankların kredit qoyuluşunun qey­ri-neft-qaz ümumi daxili məhsuluna (ÜDM) nisbətdə 30 faizə çatması, bankların biznes krediti portfelinin 16,2 faiz artması da bunun bariz ifadəsidir. 
Sonda qeyd edək ki, biznes portfelində kənd təsərrüfatı sekto­runa verilən kreditlərin payı əvvəlki illərlə müqayisədə artıb və ötən ilin sonuna 12 faizə çatıb. Son 3 ildə isə bankların aqrar portfeli 62 faiz və yaxud 500 milyon manatdan çox yüksəlib.
Vaqif BAYRAMOV XQ

Seçilən
198
24
Mənbələr
Şərh ()
Bağla