AZ

Sevda Əliqızı: "İndiki bəzi gənc ifaçılar özlərindən böyük sənətkarlara salam belə vermir"

 
“Şükürlər olsun ki, yaxşıyam. Müalicəm gedir. Şükür Allaha həyatımda hər şey yaxşıdır, işimlə məşğulam. Bu xəstəliyi özümə dərd etmirəm. Əvvəlki kimi pozitivəm. Yeni mahnılar axtarışındayam. Hələ ki, Ramazan ayıdır deyə istirahət edirik. Ramazandan sonra yazdırdığım 1-2 mahnı var ki, istəyirəm onu efir vasitəsilə sevənlərimə çatdırım. Efirlərdən çox dəvət gəlir. Şikayət edə bilmərəm. Gündəlik efirlərə çıxmağı da sevmirəm. Bəzi müğənnilər var ki, bu kanaldan o kanala, o kanaldan bu kanala keçir. Vaxtında o qədər efirlərə çıxmışam ki, artıq yorulmuşam”
 
 
Bunu Moderator.az-a açıqlamasında məşhur müğənni Sevda Əliqızı deyib. O daha sonra böyük sənətkarımız Rübabə Muradovanın tələbəsi olduğunu bildirib.
“Anam Rübabə xanımla çox yaxın rəfiqə olub. Bir-birlərinin evinə gediş-gəliş ediblər. Mənim də 15-16 yaşım var idi. Rübabə xanımgildə piano arxasına keçdim, başladım pianoda ifa etdim və oxudum. Rübabə xanım kənardan mənə qulaq asıb dedi ki, “canın yanmasın, sənin nə gözəl səsin var?”. Dedi ki, istəsən səni ansambla düzəldərəm. O vaxt Rübabə xanım Baba Salahovun ansambılında oxuyurdu. Ona “Rübabə mama” deyirdim. Dedim ki, “ay Rübabə mama, mən utanıram, oxuya bilmərəm”. Dedi ki, utanma! İlk dəfə o məni ansambla apardı, başladım oxumağa. Rəhmətlik Ədalət Vəzirov da orada ifa edirdi. Baba Salahovun ansamblında çalışmaq mənim üçün çətin idi. Orada ancaq korifey sənətkarlarımız ifa edirdi, mən utanırdım. Ədalət Vəzirov o vaxt başqa bir ansambılda da ifa edirdi. Məni öz ansambılına dəvət etdi, sonradan ora getdim. Müsabiqələrdən birində gənclər arasında “Leylican” mahnısını oxuyub qalib gəlmişdim. Rübabə xanım məni Opera və Balet teatrında Leyli roluna hazırlamaq istəyirdi, amma qismət olmadı. Xəstələndi, işimiz də alınmadı. Onu dəfələrlə xəstəxanaya, həkimə aparırdım. Gedib-gəlirdik. İndi istəməsin məni çox istəyirdi. Çox səmimi, zarafatcıl insan idi. Biz ailəvi yaxın olmuşuq. Mənim yeganə müəllimim Rübabə xanım olub. Ondan sonra heç bir sənətkarın yanına gedib-gəlməmişəm. Bir az da Ağaxan Abdullayev mənə dəstək olub” deyə müğənni bildirib.
 
 
 
Sevda Əliqızı gənc müğənnilərdə bəyənmədiyi xüsusiyyətlərdən də danışıb.
“Gənc müğənnilərin arasında elələri var ki, özlərindən böyük sənətkarlara salam vermir. Əlbəttə ki, bu sözümü bütün gənclərə şamil etmirəm. Qabiliyyətlilər də, yaxşılar da çoxdur. Bu da ailə tərbiyəsindən irəli gəlir yəqin. Özlərini ulduz hesab edirlər. 1-2 mahnı yazdıran kimi elə bilirlər ki, bunlardan başqası yoxdur. Heç ulduzlar özlərini elə aparmır” deyə müğənni bildirib.
Müğənni oxuduğu duetlərdən də danışıb.
“Rəhmətlik Səməd Səmədov rəhmətə getməmişdən bir neçə il öncə biz artıq sənət yollarımızı ayırmışdıq. Amma dostluğumuz davam edirdi. Özümə o vaxtdan söz vermişdim ki, duet oxumayacam. Kim olursa-olsun. O vaxt Səməd istəmişdi ki, onunla duet oxuyum. Ağadadaş Ağayevlə, Niyaməddin Musayevlə bir neçə il birlikdə işləmişəm. Duet oxuyanda insan hardasa bir az kölgədə qalır. Mənim heç vaxt kölgədə qalmaq fikrim olmayıb. Çünki mən zəif sənətkar olmamışam” deyə müğənni bildirib.
Seçilən
149
40
Mənbələr
Şərh ()
Bağla