AZ

“Akademiya olmasa, bizdə heç orta səviyyəli futbolçu da yetişməyəcək” - LAYİHƏ

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bu dəfə futbolçu valideyni ilə söhbələşmişik. Həmsöhbətimiz “Sabah”ın əvəzedici komandasının qapıçısı Süleyman Həsənovun atası, həmkarımız Kənan bəydi. Onunla söhbətdə həm Süleymanın futbola gəlişinə toxunduq, həm də bu yolda qarşılaşdıqları çətinliklərdən danışdıq.

“Akademiya


- Kənan bəy, ilk sualda Süleymanın futbola gəlişi barədə danışmağınızı xahiş edirik. Necə oldu ki, bu qərarı verdiz? Təşəbbüs sizdən, yoxsa Süleymandan gəldi?
- Bu barədə açıq danışsaq, qeyd etməliyəm ki, övladımın futbola gəlişi bir qədər keçmişə dayanan məsələdi. Çünki mənim özümün uşaq vaxtından futbola hədsiz marağım olub. Mən Borçalı mahalının Dmanisi rayonunda, Başkeçiddə anadan olmuşam. Kəndimizin komandası Dmanisi çempionatının qalibi olub. Gürcüstan çempionatında da çıxış etmişik, ikinci yeri tutmuşuq. Futbola hədsiz həvəsi olan kənd uşaqları idik. Məşhur deyimdə deyildiyi kimi “Neftç” topu”nu çox sevirdik. Bir dəfə atam Tiflisə gedəndə çox xahiş etdim ki, o vaxtın puluyla 25 manat olan topu mənim üçün alsın. Atamı bir qədər də məcbur etdim ki, bu topu mənim üçün al. Demək istəyirəm ki, uşaqlıqdan gələn həvəsdi. Özüm çox istəyirdim ki, futbolçu olum. Təəssüf ki, o vaxtın şərtlərinə görə alınmadı. Mən Bakıya gələndə 9-cu sinifdə oxuyurdum, bu da futbola yazılmaq üçün gec idi. Öz uşaqlıq arzumu bu formada həyata keçirmək istədim. Bunun üçün də Süleymanı futbola yönəltdim. İstədim ki, mənim həyata keçməyəm arzumu o həyata keçirsin.



- Yaşının azlığına baxmayaraq, Süleyman artıq müəyyən bir yol keçib. İlk məşqçisi və klubu kim oldu? “Sabah”a gələnə qədər hansı komandalarda çıxış edib?
- Süleyman 7 yaşında futbola ilk addımlarını atıb. Həmin vaxt onu apardım “Qarabağ”ın futbol akademiyasına. Bu qruplar da hazırlıq qrupu adlanırdı. 8-9 yaşlarından intensiv məşqlər başlayırdı. Süleymanın ilk məşqçisi hamımıza yaxşı tanış olan Nəbi Xanciqazov oldu. Nəbi müəllim tanınmış müdafiəçilərdəndi, milli komandamızın da heyətində çıxış edib. Beləcə yolumuz “Qarabağ”ın hazırlıq qrupundan başladı, müxtəlif aşağı yaş qrupları üzrə komandalarda davam etdi. Süleyman “Qarabağ”ın heyətində bir çox uğurlar, çempionluqlar qazandı. Həmin vaxt Süleymana şans verən məşqçisi Vüsal Rüstəmov idi. “Köhlən atlar”ın düşərgəsində ilk addımlarını atanda qapıçılar üzrə məşqçisi Emin Kazımov olub. Daha sonra Ramiz Kərimov Süleymana məşq keçib. Bir müddət Muarem Zəkinin də rəhbərliyi altında məşq edib. Araz Bağırov da “Qarabağ”da Süleymanın məşqçisi olub. Amma təəssüflər olsun ki, sonradan oğlumun yolu “Qarabağ”dan ayrıldı. Ondan sonra övladımı “Neftçi” İdman Klubuna apardım, orda məşqçi Şahin Şahhüseynlinin rəhbərliyi altında çıxış etdi. Bir il orda onun rəhbərliyi altında oynadı. Daha sonra “Sabah”dan dəvət gəldi. “Sabah”ın akademiyasının qapıçılar üzrə əlaqələndiricisi Xəyal Zeynalov zəng vurdu, Süleymanı dəvət etdi. Beləcə “Sabah”a keçid baş tutdu, artıq üç ildi Süleyman “Sabah”dadı. “Sabah”ın U-17 komandasının heyətində çempion adını qazanıb. Bu komandada Süleymanın qapıçılar üzrə məşqçisi Elçin Cəfərov olub. Komandanın baş məşqçisi isə Saşa Yunisoğlu idi. Məşqçi Elvin Həsənov da Süleymana məşqçilik edib. Əslində indi “Sabah”ın U-19 komandasında oynamalıydı. Amma əvəzedicilərin heyətinə cəlb olundu. Hazırda Rövşən Babayevin rəhbərliyi altında əvəzedici komandada oynayır. Qapıçılar üzrə məşqçi isə Rauf Mehdiyevdi. Rauf müəllim də bizim yığma komandanın sabiq qapıçısıdı. Onlardan çox razıyam, Süleymana şans verirlər, güvənirlər. Hətta əsas komandanın məşqlərinə də dəvət olunur, bu da onun gələcək inkişafına kömək göstərəcək.



- Bu vaxta qədər söhbətləşdiyimiz valideynlərin dediklərinə əsasən də bilirik ki, futbolçu valideynləri də övladları ilə birlikdə müəyyən çətinliklərdən keçirlər. Siz hansı məqamları qeyd etmək istərdiz? Futbolçular və onların valideynləri hansı problemlərlə qarşılaşır? Həmin problemləri necə dəf etmisiz?
- Əslində futbol kənarda göründüyü qədər asan bir sahə deyil. Uzun müddətdi bu sahədəyik. Dediyim kimi, mən 7 yaşından Süleymanla birlikdə addımlayıram. Bütün problemləri, çətinlikləri görə-görə gəlmişik. Uşaq futbolunda problemlər, çətinliklər həddindən artıq çoxdu. Bunlar haqqında saatlarla yox, günlərlə danışmaq olar. Bir valideyn kimi qar-yağış bilmədən uşaqla məşqə gedirsən. Sonra da saatyarım onun məşqini, yaxud da oyununu izləyirsən. Stadionlarda qarın-yağışın altında qalırsan. Amma mən bunları xoş çətinliklər sayıram. Çünki valideynin yanında olması uşaq üçün əlavə motivasiyadı. Yuxarı yaş qruplarında klub uşaqları tam formayla təmin edir. Lakin aşağılarda buts, qapıçı əlcəyi almaq valideynin üzərinə düşür. Bu problem təkcə mənə aid deyil, bütün valideynlər bununla qarşılaşır. Qeyd etmək istədiklərim bu problemlərdi. Eyni zamanda da akademiyaların olmaması ciddi məsələdi. “Qəbələ”də həmin şərait yaradılmışdı. Futbolçular akademiyada qalırdı, həm oxuyurdu, həm də qidalanırdı. Mütəxəssislərin nəzarətində olmaq önəmlidi. Akademiya olmayanda uşaq 1-2 saat məşq edir, ondan sonra məşqçi bilmir ki, həmin uşaq hardadı, nə yeyir – nə içir?! Bütün bunlar nəzarət altında olmasa, təəssüf ki, mümkün deyil. Dünya futbolunda qayda belədi. Bizdə ortabab səviyyədə futbolçu yetişməmisinin səbəbi də budu. Yetişdirdiyimiz bir Mahir Emrelidi, onun da hansı vəziyyətdə olduğunu hamımız bilirik.



- Təhsil məsələsinə də toxunmaq istərdik. Bunu necə yoluna qoyduz? Ümumiyyətlə, futbolçuların təhsildən uzaq düşməməsi üçün nə tələb olunur?
- İdmanla təhsilin bir yerdə davam etdirilməsi çox dərin mövzudu. Deyim ki, onları bir yerdə yürütmək mümkündü. Amma lazımı səviyyədə heç cür alınmır. İstər-istəməz məşqlər, oyunlar, təlim-məşq toplanışları dərslərə yetərincə diqqət ayırmamağa gətirib çıxarır. Böyük təəssüf hissi ilə qeyd edim ki, məktəblərimizdə də təhsilin səviyyəsi aşağıdı. Demək olar ki, uşaqlara normal təhsil verilmir. Bunun da təsiri olur. Konkret Süleymana gəlincə, 9-cu sinfə qədər həm davamiyyəti, həm də dərslərdən qiyməti yaxşı olub. Amma böyük yaş qrupuna keçəndən sonra az əvvəl dediyim səbəblərdən dərslərdə geriləmə oldu. Bununla belə, ayrıca hazırlığa getməklə bu problemi aradan qaldırdıq. Nəticədə arzusunda olduğu İdman Akademiyasına qəbul olundu. İndi də bütün dərslərini oxuyur, imtahanlarını verir. Eyni zamanda ingilis dilini də öyrənib, dil biliyi də normal səviyyədədi. Yəni təhsillə bağlı bunları deyə bilərəm. Amma təəssüflə deyim ki, heç də bütün uşaqlarda belə deyil. 17 yaşında məktəbi bitirən futbolçular əsgərlik problemi ilə üzləşir, dilemma qarşısında qalır. Bu cür məsələlər bizdə tənzimlənmir. Süleymanın çıxış etdiyi, çempion olan U-17 komandasından çox az uşaq futbolda qaldı. Karyeralarını davam etdirənlərin sayı azdı. Onların bir qismi təhsilə yönəldi, bir qismi də hərbi xidmətə. Bu məsələ tənzimlənsə, çox yaxşı olar.

- Son sualım gələcək planlarla bağlıdı. Keçmişə nəzər saldıq, istərdim ki, bir qədər də gələcəyə baxaq. Oğlunuzu hansı klubun formasında görməyi arzulayırsız?
- Təbii ki, bir ata kimi oğlumun Azərbaycan millisinin şərəfini qorumasını, bizim tanınmış klublarda oynamasını arzulayıram. Ancaq bir azarkeş kimi mən uşaq vaxtından, yəni SSRİ dövründən Moskva “Spartak”ının azarkeşi olmuşam. Bu da Rinat Dasayevə görə idi. Maradonanın isə lap “xəstəsi” idim. Sonradan - 90-cı illərin əvvəllərində “Qalatasaray” sevgisi başladı. Ən böyük arzumdu ki, xarici klubda oynamaq şansı yaransa, oğlum “Qalatasaray”da oynasın. Özü isə “Çelsi” azarkeşidi. Bəlkə də özünün “Çelsi”də oynamaq kimi arzusu da var. İndiki reallıqda bir qədər mümkünsüz görünür. Amma Süleyman “Qalatasaray”a düşsə, çox sevinərəm. Qismət nədisə, elə də olacaq. Əsas odu ki, zədələrdən uzaq olsun. Bilirsiz ki, idmançıların kayerasında zədə mühim amildi. Ani bir zədə idmançını xeyli geri ata bilər. Ona görə də arzum budu ki, Süleyman zədələrdən uzaq olsun.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.
Seçilən
172
40
Mənbələr
Şərh ()
Bağla