AZ

Solovyovun növbəti təxribatı

Pərvanə SULTANOVA [email protected]


Martın 22-də Rusiyada törədilmiş dəhşətli terror aktı çox sayda günahsız insanın ölümü və yaralanması ilə nəticələndi. Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında qanlı terror aktını həyata keçirənlər məkana daxil olaraq insanları güllələyib, daha sonra yanğın törədiblər. Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Təəssüf ki, Azərbaycanda da dərin narahatlıqla qarşılanan bu hadisə ilə bağlı hər zaman ölkəmizin əleyhinə çıxış edən, ermənilərdən aldığı sifarişləri icra edən, adı jurnalist olsa da, obyektivlikdən, dürüstlükdən xəbəri olmayan Vladimir Solovyov kimilər yenə də ölkəmizi hədəfə almağa çalışdı. Onun bütün tərcümeyi-halı Azərbaycana qarşı qərəzdən, yalandan ibarətdir. İllərdir ki, bu adam Azərbaycana qarşı iftiralar yağdırmaqdan, məkrli kampaniya aparmaqdan əl çəkmir. Amma terror aktında Azərbaycan izini axtarmağa çalışmaq artıq onun daha da çirkinliklərə əl atdığını göstərdi. Görünən odur ki, ermənilərin təsiri altında olan Solovyov simasını tamamilə itirib.

Digər tərəfdən, hadisəni törədən terrorçuların adları, milli mənsubiyyətləri məlumdur, qeyd etdiyimiz kimi, İŞİD hadisənin məsuliyyətini öz üzərinə götürüb, belə olan halda Solovyov məsuliyyətsiz açıqlaması ilə ilk növbədə ermənilərdən aldığı sifarişi həyata keçirir. Amma onun belə həssas məsələdə Azərbaycanı hədəf seçməyə çalışması Rusiyada yaşayan azərbaycanlılara qarşı qəzəb və kin yaratmağa yönəlib. 

İkincisi, Azərbaycan zaman-zaman erməni terrorundan zərər çəkib. Ermənistanın bilavasitə təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə Azərbaycan ərazisində törədilmiş, minlərlə insan itkisinə səbəb olan terror fəaliyyətinə dair kifayət qədər əsaslı dəlillər mövcuddur. 1980-ci illərin sonlarından etibarən Azərbaycan ərazilərinə iddialarını irəli sürmüş və onun ərazi bütövlüyünə qarşı güc tətbiq etmiş Ermənistan Azərbaycan ərazilərində dəfələrlə qanlı terror aktları törədib. 44 günlük Vətən müharibəsi dövründə də Ermənistan döyüş meydanından uzaq əraziləri hədəf alaraq terror aktları həyata keçirib.

Terrordan zərər çəkən dövlət olaraq Azərbaycan hər zaman terrorla mübarizənin ön sırasında olub. Ölkəmizin terrorla mübarizədə rolu beynəlxalq qurumlar, o cümlədən, ABŞ Dövlət Departamentinin illik hesabatlarında hər zaman yüksək qiymətləndirilib. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilmiş terror aktından sonra Azərbaycan ABŞ-a dəstək verən ilk ölkələrdən oldu. Azərbaycan ABŞ terrorundan sonra terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə çevrildi. Bu istiqamətdə beynəlxalq çağırışlara cavab olaraq Azərbaycan öz hava məkanını və hava limanlarını Əfqanıstanda beynəlxalq antiterror koalisiyasının üzvlərinə açdı.  Terrorizmə qarşı mübarizədə öz prinsipiallığını dəfələrlə nümayiş etdirən Azərbaycan həm regionda, həm də dünyada sülh və əmin-amanlığın tərəfdarı kimi öz töhfəsini verir.

Rusiyadakı terrordan dərhal sonra da Azərbaycan lideri rusiyalı həmkarına başsağlığı verdi. Martın 24-də isə Prezident İlham Əliyev Rusiya lideri Vladimir Putinə telefon zəngi zamanı "Crocus City Hall" konsert zalında törədilmiş dəhşətli terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından ona, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verdi, bütün yaralananların tezliklə sağalmasını arzuladı. Dövlət başçısı Azərbaycan tərəfinin bu dəhşətli terror aktını qətiyyətlə pislədiyini bildirərək ölkəmizin və xalqımızın bu ağır saatlarda Rusiyanın və Rusiya xalqının yanında olduğunu bəyan etdi. Prezidentlər gələcəkdə də beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylərin davam etdiriləcəyini vurğuladılar.

Bütün qeyd edilənlər Solovyov kimilərin çirkin niyyətlərini, planlarını puç edir. Bu cür böhtanlarla Azərbaycanı hədəf almaq mümkün deyil.

Azərbaycan Mətbuat Şurasının  bəyanatında Solovyovun qərəzli mövqeyi pislənilib. Qeyd edilib ki, məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri bu şəxsin ölkəmizə qarşı ənənəvi qərəz ritorikasının sərhədlərini aşır. Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır.

Qeyd olunub ki, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun konsprioloji təfəkkürünü işə salmasına heç bir ehtiyac yoxdur.

Onun "Crocus City Hall"da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. Bu şəxsin hansı dairələrin "sifarişlərini" yerinə yetirdiyi məlumdur. Onun erməni əsillilər - rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla "işbirliyinin" təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu "trio" hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi. Solovyovun "Crocus City Hall" olayı ilə bağlı eyhamları eyni yarıtmaz dəst-xəttin davamıdır. Hiss olunur ki, başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir.

Şübhə yoxdur ki, V.Solovyovun "Crocus City Hall" terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır. Bu, media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiyadır. Jurnalistin hadisə və proseslərə yanaşması, habelə qitmətləndirmə tərzi Rusiya ictimaiyyətini, o cümlədən, media cameəsini ciddi şəkildə düşündürməlidir. Çünki Solovyov cəmiyyəti yanlış yönləndirməklə məşğuldur. Onun tutduğu mövqe əsl həqiqətləri və reallıqları korporativ maraqlara qurban verməkdir. Bu, bir peşə sahibinin nəinki başqa, ən əsası vətəndaşı olduğu ölkəyə vurduğu son dərəcə ağır zərər və ziyandır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib: "Təəssüf ki, Rusiyada ermənilərin birbaşa təsiri altına düşən və özünü jurnalist kimi təqdim edən media quruluşlarının bəzi nümayəndələri yenə də meydandadırlar və erməni iş adamlarından aldıqları pula görə Azərbaycan haqqında müxtəlif əsassız fikirlər yaymağa cəhd göstərirlər. Əlbəttə ki, bu, qəbuledilməzdir və Azərbaycan- Rusiya münasibətlərinə xələl gətirən bir məsələdir. Biz hər zaman çalışmışıq ki, Rusiya ilə münasibətlərimizi qoruyaq, strateji müttəfiqliyə xələl gətirən məsələlərə yol verməyək. Yəni bu gün Azərbaycan dövləti, mediası qeyd edilən məsələyə çox həssas yanaşırlar. Amma təəssüf ki, vurğuladığımız kimi, Rusiyada Solovyov kimi qərəzli jurnalistlər bu münasibətlərə xələl gətirəcək açıqlamalar verməyə davam edirlər. Əslində bu, heç də sadə bir məsələ deyil. Ciddi və həssas bir mövzudur. Düşünürəm ki, həm Azərbaycan, həm də Rusiya bu məsələyə həssas yanaşırlar. Rusiya tərəfi belə əsassız açıqlamalar verən, ictimaiyyəti yanlış yönləndirməyə çalışan, iki ölkə arasında əlaqələrə mənfi təsir göstərən şəxslərlə bağlı ciddi addımlar atmalı, ölçü götürülməlidir. Belə olarsa, həmin şəxslər bu cür həssas mövzularla bağlı əsassız iddialar səsləndirməz, münasibətlərə xələl gətirməzlər".

Deputat xatırladıb ki, Solovyov ilk dəfə deyil ki, Azərbaycanla bağlı belə yalan məlumatlar paylaşır: "Biz illərdir ki, onun bu cür addımlarını görmüşük. Bir daha təkrar etmək istəyirəm ki, belə addımlar yalnız və yalnız münasibətlərə xələl gətirir. Bu məsələdə çox diqqətli və çox ehtiyatlı olmaq lazımdır. Hesab edirəm ki, Rusiya tərəfi bu cür təxribatlara, iki ölkənin və liderlərinin arasındakı yüksək münasibətlər səviyyəsinə xələl gətirən bu cür çıxışlara, yanaşmalara son qoymalıdır. Çünki bu cür hallar dediyim kimi, bizim əlaqələrimizə və münasibətlərimizə ciddi zərər verir. Rusiya tərəfi bu halların təkrarlanmaması, Azərbaycan əleyhinə belə yanlış fikirlərin səsləndirilməməsi üçün müvafiq addımlar atmalı, qərarlar qəbul etməlidir".

 























Bizi Facebookda izləyin

Seçilən
178
38
Mənbələr
Şərh ()
Bağla