AZ

Arif Əsədov: “Millimiz “bir nömrə” oynamağa alışmayıb”

Azərbaycan millisinin müvəqqəti baş məşqçisi Arif Əsədov bu gün Bakıda Monqolustan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, “FIFA series – Edition 2024” layihəsi çərçivəsində baş tutan və 1:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları dilə gətirib:

“Yeni ildə ilk qələbəyə görə hər kəsi təbrik edirəm. Çətin oyun oldu. Belə olacağını bilirdik. Analiz edəndə də görmüşdük ki, rəqib daha çox müdafiədən oynayır. Məşqlərdə bunun üzərində işləyirdik. Belə oyunlarda tez qol vurmaq lazımdır ki, oyun sonradan daha rahat getsin. Komanda səbrli oynadı, hiss edirdik ki, qol vuracağıq. Sonda da olsa, qol vurub, qalib gəldik.

Təbii ki, qələbəni daha çox istəyirdik. Artıq 80-ci dəqiqədən sonra bir az həyəcan hissi var idi. Ona kimi inanırdım ki, vuracağıq. Tez qol vursaydıq, qollarımızın ardı da gələcəkdi.

Hər fikrə hörmətlə yanaşırıq. Dünya futbolunda da olur ki, bu tipli komandalara qarşı adlı-sanlı rəqiblər belə çətinlik çəkirlər. Fərdi keyfiyyətlər hesabına lazım gəlir ki, bu tip komandalara qol vurasan. Biz bu cür rəqiblərə qarşı az oynamışıq. “Bir nömrə” ilə oynadığımız futbola alışmadığımız üçün zamana ehtiyacımız var. Biz daha çox rəqiblərə qarşı “iki nömrə” ilə oynayırıq”.

53 yaşlı mütəxəssis Ramil Şeydayevin performansından da söz açıb: “Ramil “Kocaelispor”da çox az oynayır. “Qarabağ”dakı Ramili nəzərə alsaq, indiki ilə fərq var. Əsas odur ki, çalışır. Belə oyunda məsuliyyəti üzərinə götürməlisən. O da bunu edirdi. Biz də ümid edirdik ki, Ramil rəqibi aldadıb, say çoxluğu yaradacaq. Tam əvvəlki Ramil olmasa da, əlindən gələni edir”.

Arif Əsədov qarşıdakı Bolqarıstanla görüşə də toxunub: “Biz əvvəlcədən hər iki oyunu düşünmüşük. İki fərqli rəqiblə qarşı iki fərqli sistemlə oynaya bilərik. Heyətdə hansısa dəyişiklik ola bilər. Bolqarıstanın bugünkü Tanzaniya ilə oyununa baxdıq. Serbiya və Macarıstanla matçlarını da izləmişik. Analizlər etmişik. Tanzaniya ilə oyunlarını da təhlil etdikdən sonra qərar verəcəyik. Evdə oynayırıq. Rəqibə hiss etdirməliyik ki, ev sahibi bizik”.

“Azərbaycanla heç-heçə etsəydik, sensasiya olacaqdı”

Monqolustan millisinin baş məşqçisi İçiro Otsuka isə matçdan sonra keçirilən mətuat konfransında bunları dilə gətirib:

“Məğlub olduğumuz üçün çox məyusam. Bu gün yaxşı rəqibə qarşı oynadıq. Demək olar ki, 90 dəqiqə ərzində qol buraxmadıq. Müdafiə baxımından komandamız yaxşı çıxış etdi. Amma bu, azdır. Gərək hücumda da artıraq. Hücumlar etmək lazımdır. Kiçik ölkəyik, yavaş-yavaş kiçik addımlarla inkişaf etməliyik. Məyusam. Amma oyunçularıma təşəkkür etdim. Fantastik çıxış etdilər. Növbəti oyun haqda fikirləşəcəyik.

Azərbaycan millisi yüksək səviyyəli komandadır. Belə komandalara qarşı oynamaq yaxşı təcrübədir. Ən azından bizim üçün. Asiyada əsasən zəif komandalarla oynayırıq. Bugünkü standart fərqli idi. Yaxşı rəqibə qarşı oynayırıq. Biz ötən il Gürcüstana qarşı oynamışdıq, ilk yarı 1:1 idi, sonda 1:6 uduzduq. Bu gün Azərbaycana qarşı yaxşı müdafiə olunduq. Avropa komandasına qarşı ikinci oyunumuz idi. Heç-heçə etsəydik, sensasiya olardı. Hər zaman müdafiə olunursansa, enerji itirirsən. Düşünürsən ki, müdafiə olunuram, bu dəqiqə qol buraxacam. Belə düşünsən, qol buraxacaqsan. Amma hücum etməyi düşünsək, qol buraxmayacağıq. Bu düşüncə tərzini dəyişməliyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
2
Mənbələr
Şərh ()
Bağla