AZ

Aİ monitorinq missiyası Azərbaycan-Ermənistan şərti sərhədini yeni təmas xəttinə çevirməyə çalışır - TƏHLİL

Son aylar Azərbaycan-Ermənistan şərti sərhədində müvəqqəti sakitlik hökm sürürdü. Hətta bu il fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən, Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında artıq “de-fakto” sülhün mövcud olduğunu və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraitinin hökm sürdüyünü demişdi.

Amma belə görünür ki, sülh şəraitinin hökm sürməsi, sülh müqaviləsinin imzalanması perspektivi və iki ölkənin sərhədlərinin müəyyənləşməsi üçün delimitasiya və demarkasiya işlərinin aparılması üçün yaranmış müsbət zəmin Ermənistanı idarə edən güc mərkəzlərinin xoşuna gəlməyib. Bu mərkəzlərdən biri də Avropa İttifaqının monitorinq missiyasıdır.

Regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək üçün fəaliyyətə başladığını elan edən missiya ötən müddət ərzində qarşısına qoyduğu heç bir hədəfə çatmayıb, əksinə, etimadın yaranmasında əngəl, şərti sərhəddə hərbi təxribatlar üçün katalizator rolu oynayır.

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində atəşkəsin pozulması da məhz bu katalizator rolunun nəticəsi idi.

Həmin təxribat zamanı Ermənistan tərəfindən açılan snayper atəşi nəticəsində Sərhəd Qoşunlarının əsgəri yaralandı, hadisənin növbəti günü isə Azərbaycan tərəfi silahlı təxribata “Qisas” əməliyyatı ilə cavab verdi və 4 erməni hərbçisini məhv etdi.

Avropa İttifaqı hadisənin başlanma səbəbi olan insidenti, Ermənistanın təkzib etmədiyi snayper atəşini pisləmədi, amma Azərbaycanın cavab tədbiri barədə qərəzli açıqlama verdi.

Bu kontekstdə Avropa İttifaqı missiyasının bölgəyə gətirilmə məqsədi, məramı aydın olur.

Avropa İttifaqının mülki missiyası 2022-ci ilin oktyabrında 2 aylıq müvəqqəti missiya adı ilə regiona gəlib və Azərbaycanla əldə olunmuş razılaşmalara zidd fəaliyyəti ilə seçilib. Amma Ermənistanın “açıq qapı” siyasəti sayəsində regiona daxil olan Avropa İttifaqı bu missiyanı fürsət bilərək fəaliyyətini genişləndirmək, Azərbaycanın razılığı olmadan şərti sərhəddə mandatını və missiya üzvlərinin sayını özbaşına artırmaq yolu tutub.

2023-cü ilin dekabrında Avropa İttifaqı Xarici İşlər Şurası Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən “mülki missiyasını gücləndirmək məqsədilə” oradakı əməkdaşların sayını 138-dən 209 nəfərə artırmaq barədə razılığa gəlməsi məhz bu siyasətin bir elementi idi.

Digər tərəfdən, mülki missiya adı altında Avropa İttifaqı regiona ayrı-ayrı Avropa ölkələrinin keçmiş hərbçilərini, xüsusi xidmət orqanlarının əməkdaşlarını və s. yerləşdirməyə başladı.

Çoxşaxəli məqsədlər arasında Azərbaycan-Ermənistan şərti sərhədini yeni təmas xəttinə çevirmək, burada möhkəmləndirilmiş mövqelər yaratmaq, erməni hərbçilərini kəşfiyyat məlumatları ilə təmin etmək və s. daxil idi.

Missiyanın daha bir öhdəliyi Avropa İttifaqının Ermənistana Qarabağın erməni sakinlərin yardım adı ilə ayırdığı vəsaitin hərbi məqsədlər üçün bölüşdürülməsindən ibarətdir. Bu məqsədlə Avropa İttifaqı 27,2 mln. avro, bir neçə gün əvvəl isə daha 5,5 mln. avro vəsait ayırıb. Vəsaitin necə xərclənməsinə dair ümumiyyətlə heç bir nəzarət mexanizminin olmadığı qeyd edilməlidir.

Mülki missiyanın hərbi məqsədli olması Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyerin fevralın 2-də Azərbaycan-Ermənistan şərti sərhədinə baş çəkməsi, Azərbaycan ərazilərini binoklla müşahidə etməsində özünü büruzə verdi. Bu, Fransanın mülki missiyadan hərbi və kəşfiyyat məqsədilə istifadə etməsinə dəlalət edirdi.

Ardınca, fevralın 3-də Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı saxlanıldı. Hadisənin detalları və təfərrüatları tam açıqlanmasa da, həmin vətəndaşın Avropa İttifaqı müşahidə missiyası ilə bağlı olduğu məntiqli görünür.

Çexiya Xarici İşlər Nazirliyinin vətəndaşının saxlanılması xəbərini təsdiqləməsi, amma onun şəxsiyyətini açıqlamaması, hadisə ilə bağlı açıq məlumat verməməsi ciddi suallar doğurur. Aİ monitorinq missiyasının da fəaliyyət göstərdiyi ərazidə bu insidentə yol verməsinə baxmayaraq, sükutu pozmaması isə real vəziyyətin nə yerdə olduğunu göstərir.

Beləliklə, Avropa İttifaqının monitorinq missiyasının fəaliyyəti ilə bağlı ortaya cavabsız suallar çıxır: Çex vətəndaşı Azərbaycan-Ermənistan sərhədində nə edirdi? Niyə Çex XİN və monitorinq missiyası insidentlə bağlı aydın məlumat vermir? Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyer niyə Azərbaycan sərhədinə gəlib? O niyə Azərbaycan tərəfə, ordumuzun mövqelərinə binoklla baxıb? Nəyi görmək, müşahidə etmək istəyib? Bu hərəkətlər mülki missiyanın məqsədləri ilə nə dərəcədə əlaqəlidir? Mülki missiyanın tərkibində niyə keçmiş hərbçilər, keçmiş xüsusi xidmət orqanlarının əməkdaşları, keçmiş kəşfiyyatçılar üstünlük təşkil edir? Aİ üzvü olmayan, ümumiyyətlə başqa kontinentdə yerləşən Kanada nümayəndələrinin missiyada nə işi var? Müşahidə missiyasının məqsədi, niyyəti, ümumiyyətlə, nədir? Təəssüflər olsun ki suallar çox olsa da, qarşı tərəfdən cavablar yoxdur.

Daha bir təəccüb doğuran məsələ regional oyunçular Rusiya və İranın missiya ilə bağlı yumşaq mövqe tutmasıdır. Düzdür, Rusiya XİN dəfələrlə Aİ missiyasının regiona yerləşdirilməsini, Azərbaycanla razılaşdırılmadan missiyanın Ermənistandakı fəaliyyətini genişləndirməsini pisləyib. Rusiya dəfələrlə missiyanın məqsədinin Ermənistandakı Rusiya qüvvələrini izləmək, casusluq fəaliyyəti olduğunu bildirib. Bununla belə, Moskva regionu bütün geosiyasi oyunçular üçün “açıq qapı”ya çevirən Ermənistan rəhbərliyini Aİ missiyasının səmərəsiz fəaliyyətinə inandıra bilməyib. Daha artıq təəccübü isə İran doğurur. Tez-tez qonşu dövlətlərin ərazi bütövlüyünü öz “qırmızı xətti” adlandıran rəsmi Tehran Aİ missiyasının sərhədlərində yerləşməsinə hər hansı reaksiya verməyib, “qırmızı xət”lərinin pozulmasına göz yumub.

Beləliklə, 2022-ci ilin oktyabrında regiona gələn Aİ missiyasının ötən müddətdəki fəaliyyətinə baxanda onun Azərbaycanla Ermənistan arasında etimad yaratma missiyasının bilərəkdən iflasa uğratdığı, Ermənistan ərazisində Azərbaycana qarşı platsdarm yaratdığı, Ermənistanın militarizasiyasına dəstək verdiyi, regionun digər ölkələrinə də təhlükə yaradan hərbi və casusluq fəaliyyəti ilə məşğul olduğu üzə çıxır. Azərbaycan-Ermənistan nizamlanması üçün Aİ-nin atacağı ən doğru addım “binokl diplomatiyası”ndan əl çəkmək, missiyanın fəaliyyətini sonlandırmaq və regionu tərk etməkdir. Ermənistan isə, əgər doğrudan da, sülh istəyirsə, Aİ müşahidə missiyasının buna heç bir töhfə verməyəcəyini anlamalı, missiyanın ölkədən çıxarılmasına qərar verməlidir.

APA Analytics

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
23
apa.az

10Mənbələr

Şərh ()
Bağla