AZ

Andrey Lunyov Azərbaycanda polis idarəsinə niyə aparılıb?

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov cari fiziki forması, ölkəmizdə üzləşdiyi fəsadlar və “Bayer”dən gedişi haqda danışıb.

Arena.az “RB Sport” dərgisinə istinadən, Lunyovun müvafiq xüsuslarda fikirlərini diqqətinizə çatdırır:

“Bayer”lə oyunda Bonifase ilə toqquşmadan sonra fəsadlar var, amma onlar həlledici deyil və oynamaq imkanı verir. Dözülən ağrıdır, yumşaq toxumların qançırından fərqli, bunun keçib-getməsi üçün bir az daha çox vaxt lazımdır. Ümidvaram ki, tətil faydalı keçəcək və yüklənmələr olmadan dizim daha tez sağalacaq.

Formaya gəlincə, düşünürəm ki, oyun tonusum qayıdıb, sonrası isə işləyirik, inkişaf edirik. Səhifə çevrildi, yenidən quruldum, başqa bir mərhələ başladı, indi təcrübə baxımından itirilmişləri qaytarmaq gərəkdir. Hər halda iki il oynamamaq asan deyil. Əsas odur ki, zədələr təkrarlanmasın, ona görə də ilk növbədə fərdi çalışmada müəyyən düzəlişlər edilib”, deyə Lunyov bildirib.

“Bakıda həmişə siqnal verir, istədikləri kimi sürürlər”

Rusiyalı qapıçı ölkəmizdə üzləşdiyi kiçik fəsadlar və çətinliklərdən söhbət açıb:

“Qarabağ”da nə qədər tez uyğunlaşa bildim? Uyğunlaşma artıq çoxdan başa çatıb. Aydındır ki, ünsiyyət baxımından “Bayer”dən daha asandır – bura rusdilli ölkədir. Məişət məqamları ilə də asandır, amma əvvəlcə yerli sürücülük tərzinə alışmaq çətin idi, bu, sadəcə özünəməxsusdur. Misirdəki kimi – həmişə siqnal verir, istədikləri kimi sürürlər. Bununla belə, qaydalara müvafiq sürəndə belə, buna rəğmən səni naməlum səbəblərdən saxlayır və cərimələyirlər. Yerli yol polisləri tərəfindən tutulmuşammı? Üstəlik, artıq bir dəfə məni polis idarəsinə aparıblar. Bu necə olub? Ailəmi ticarət mərkəzinə apardım və özüm isə bazaya yollandım – oyunöncəsi gün idi. Əsas küçələrin birində sakitcə sürürdüm. Mən onların yol hərəkəti qaydalarını bilirəm, başa düşürəm ki, qəfildən zolaq dəyişib yerləşmək olmaz, bu, ehtiyatsızlığa (“aftoşluq”) tay tutulur.

Birdən yanıb-sönən işıqlı polis maşını mənə çatıb əyləyir. Sonra dələduzluq başlayır, deyirlər, siz sürətlə sürürdünüz, zolaqları tez dəyişirdiniz. Mən kamera görüntülərini göstərməyi xahiş edirəm və dönməli olduğum üçün zolaqları dəyişdirdiyimi izah edirəm. Üstəlik, o an qrip olmuşdum, xəstəhal görünürdüm, ona görə də onlar dərhal “içmisən”, deməyə başladılar. Onlara alkotesterdən keçməyimi təklif etdim, keçdim, amma buna rəğmən, şöbəyə aparıldım. Orada onların rəhbəri yanıma çıxır və yenə danışmağa başlayır ki, zolaqları səhv dəyişirdim. Mən alkotesterdən danışmağa başlayan kimi o, dərhal ruscadan azərbaycancaya keçdi. Axırda klubdan bir adama zəng etdim, o, kömək etməyə gəldi. Amma yenə də cəriməni ödəməli oldum, çünki orada səni polis idarəsinə gətirirlərsə, haqlı və ya haqsız olmağından asılı olmayaraq, ödəməyə mükəlləfsən”, deyə Lunyov ölkəmizdə başına gəlmiş xoşagəlməz macəranı nəql edib.

“İndi başqa yoldayam”

Həmçinin Andrey Lunyov “Bayer”dən gedişindən danışıb, buna rəğmən, Xabi Alonsonun yetirmələrinin uğurlarına şad olduğunu vurğulayıb:

“Bayer”in uğuruna baxanda sevinirəm, uşaqlar üçün sevinirəm. Orada çoxları, o cümlədən həkimlər və məşqçilər qərargahı ilə tanışam. Demək olar ki, orada eyni adamlar qalıblar. Təbii ki, mən onlardan narahatam. Getməyimdə hər hansı məyusluğum varmı? Bəlidən daha çox, xeyr. Gözləntilərimi, ümidlərimi doğrultmayan, arzularım gerçəkləşdirməyən bir dövr oldu. Qorxusu yoxdur, indi başqa yoldayam, mənim həyatımda yeni səhifədir. Əlimdə olanlardan mütləq yararlanmağa çalışıram”, deyə Lunyov fikrini tamamlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
293
32
arena.az

10Mənbələr