AZ

Qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları artıb

Bu il proqnozdan əlavə, 1,1 milyard manata yaxın vergi toplanıb
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemi ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf yolu keçib, qurumun maddi-texniki bazası genişləndirilib, vergi inzibatçılığı texnoloji cəhətdən yenidən qurulub. Nəticədə ölkəmizin iqtisadi inkişafında həlledici rola malik, müasir və beynəlxalq standartlara cavab verən müasir vergi xidməti yeni standartlarla zənginləşib.
Hazırda vergi xidməti ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi və sahibkarlığın dəstəklənməsi prosesində mühüm rol oynayır. Dövlət büdcəsinə vergi daxilolmalarının yüksək səviyyədə  reallaşması, vergiödəyicilərinə xidmətlər çeşidinin və biznesin fəaliyyətinə səmərəli vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərini təşkil edir.
Vergilərin ölkənin maliyyə dayanıqlığının təmin edilməsində rolu ildən-ilə artır. Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2002-ci illə müqayisədə vergi daxilolmalarında artımın 23 dəfəyə yaxın, qeyri-neft-qaz sektorundan daxilolmaların isə 23,4 dəfəyədək yüksəlməsi də bunun bariz ifadəsidir. 
Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi nəticəsində bölgələrdən daxilolmalarda son 20 il ərzində 35,8 dəfə artım qeydə alınıb. Vergi daxilolmalarının əhəmiyyətli artımı ölkəmizin maliyyə imkanlarının genişlənməsinə mühüm dəstək olub. İqtisadiyyatın böyüməsi işgüzar fəallığın yüksəlməsini, sahibkarların sayının ildən-ilə artmasını şərtləndirib. Belə ki, əgər 2002-ci ildə ölkədə cəmi 180 minə yaxın sahibkarlıq subyekti mövcud idisə, 2022-ci ilin sonuna qeydiyyatda olan vergiödəyicilərinin sayı 1,4 milyondan çox olub, fəal vergiödəyicilərinin sayı isə 2022-ci ilin sonuna 712 min təşkil edib.
Yeri gəlmişkən, 2018-ci ildən etibarən vergi sistemində yeni keyfiyyət mərhələsi başlanıb. Həyata keçirilən kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin bağlanması intensiv xarakter alıb. Qeyri-neft-qaz özəl sektorun əmək müqavilələrində payı islahatın başlanğıcında olan 38,5 faizdən 49,8 faizə yüksəlib.
Bu dövrdə sahibkarlıq mühitində və vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi tələbi müəyyənləşdirilib. “Kölgə iqtisadiyyatı” ilə mübarizə və iqtisadiyyatda şəffaflığın təmin edilməsi üzrə vergi sistemində həyata keçirilən tədbirlər vergi daxilolmalarının artıması ilə nəticələnib: 2022-ci ildə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolması təmin edilib. 
Hazırda ölkə iqtisadiyyatının mühüm bir hissəsini işğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işləri, ənənəvi sahələrin dirçəldilməsi və innovativ biznes modellərinin yaradılması təşkil edir. Vergi sistemində aparılan islahatların mühüm bir bölümü bu tendensiyaya təkan verməkdən ibarətdir. Dayanıqlı iqtisadiyyatın qurulmasına töhfə verən vergi sistemi Qarabağ iqtisadiyyatının reinteqrasiyası üçün lazım olan alətləri təşviq edir. 
Dövlət başçısı Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən iqtisadi sahədə əldə edilmiş nəticələrə də toxunub: “Biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır”.
Beləliklə, göründüyü kimi, son illərdə iqtisadi şəffaflaşma, biznes mühitinin cəlbediciliyinin artırılması, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması, haqsız rəqabətin aradan qaldırılması, əlverişli biznes şəraitinin yaradılması vergi siyasətinin əsas istiqamətləri kimi diqqət mərkəzində saxlanılıb. Hazırda isə vergi sahəsi ilə bağlı əsas hədəflərin, ilk növbədə, iqtisadi təşviq, effektiv nəzarət, rəqəmsallaşma prinsipləri əsasında reallaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulub. İqtisadi diversifikasiya və investisiyaların cəlbində vergi siyasətinin tənzimləyici rolunun davam etdiriləcəyi və “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizənin yenə də əsas prioritet olaraq qalacağı nəzərdə tutulub.  
Mirağa ƏHMƏDOV, iqtisadçı-ekspert
Vergi sisteminin inkişafı məqsədilə bu gün də qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə önəmli tədbirlər həyata keçirilir. “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsinin hazırlanması və habelə bir sıra normativ hüquqi akt layihələrin Milli Məclisdə 3-cü oxunuşda qəbul edilməsi məhz bunun bariz ifadəsidir. Məsələn, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri 2024-cü ildə müddəti bitən vergi güzəştlərinin vaxtının uzadılması ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsində nəzərdə tutulan bir sıra vergi güzəştlərinin tətbiqi müddəti 2024-cü il yanvarın 1-də başa çatır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə tətbiq edilən güzəştlərin də bu siyahıya daxil olduğunu, aqrar sektorun ərzaq təhlükəsizliyi və məşğulluğun təmin edilməsində mühüm rolunu nəzərə alaraq, bu sahə üzrə güzəştlər daha 3 il müddətinə uzadılır.
Bununla yanaşı, Vergi Məcəlləsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Belə ki, qanunvericiliyin tələbinə görə, siyahı üzrə təsdiqlənən    yem və yem əlavələrinin birbaşa heyvandarlıq və quşçuluq təsərrüfatlarına satışı zamanı ƏDV-dən azadolma tətbiq edilirdi. Vergi qanunvericiliyində yeni dəyişikliyə əsasən, həmin məhsulların idxalçıları və ya istehsalçıları tərəfindən belə məhsulların topdansatış qaydasında istənilən mərhələsində satışı ƏDV-dən azad olunur. Beləliklə, güzəşt üzrə ƏDV azadolmasının tətbiqi dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Bundan başqa, bir sıra digər istiqamətlər üzrə müddəti bitən güzəştlər daha 3 il uzadılıb. Belə ki, Bakı Şəhər Halqası ilə “Formula 1” Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin artırılmasına dair yeni müqavilənin imzalanması ilə əlaqədar bu sahə üzrə mənfəət və ƏDV güzəştlərinin müddəti artırılıb. Həmçinin təsdiqlənən  siyahı üzrə dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurumla bağlanılan müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddəti uzadılıb. 
Eləcə də, “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddətləri də artırılıb. Əlavə olaraq bu güzəştin təsdiqlənən  siyahı üzrə ictimai və sosial məqsədlər üçün yaradılmış fondların, o cümlədən “Qarabağ Dirçəliş Fondu”, “Yaşat Fondu”, “Heydər Əliyev Fondu”nun vəsaitləri hesabına tibbi xidmətlərin göstərilməsinə də şamil edilməsi nəzərdə tutulur.
Vaqif BAYRAMOV XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
22
xalqqazeti.az

10Mənbələr