AZ

YAP-ın təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyununun bağlanış mərasimi keçirilib

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş ümumrespublika “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsinin mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Nə? Harada? Nə zaman?” intellektual oyununun nəticələri barədə hesabat verib.

Bəxtiyar İslamov vurğulayıb ki, “Azərbaycan İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 85 komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar Bakı, Quba, Qəbələ, Şəmkir, Ağcabədi, Masallı, Kürdəmir və Naxçıvanda təşkil olunub, 22 komanda final mərhələsinə vəsiqə qazanıb. 85 komandanın tərkibində iştirak edən 680 nəfərin 264-ü bitərəf, 416-sı isə YAP üzvü olan gənclərdir.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan qazandığı möhtəşəm uğurlar və yaratdığı yeni reallıqlarla bu gün dünyanın diqqət mərkəzindədir. Cənubi Qafqazda yeni təhlükəsizlik və işbirliyi mühiti formalaşdıran Azərbaycan dövləti beynəlxalq müstəvidə etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq məkanı kimi tanınır.

YAP Sədrinin müavini vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanmaqla bərabər, bəşəriyyəti düşündürən, xalqlar və dövlətlər üçün olduqca aktual çağırışlara da adekvat cavab verir. O diqqətə çatdırıb ki, yaşıl enerji gündəliyi əsasında iqlim dəyişikliyinə qarşı qlobal mübarizə sahəsində ardıcıl fəaliyyətin həyata keçirilməsi də bu kontekstdə xüsusi qeyd edilməlidir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Bu prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması və yaşıl enerji gündəliyinin reallaşdırılması istiqamətində sistemli tədbirlər görülür. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar Azərbaycanın sözügedən istiqamətdə fəaliyyətinin yüksək qiymətləndirildiyini, ölkəmizə beynəlxalq müstəvidə böyük etimadın olduğunu bir daha təsdiqləyir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə deyib ki, bu gün Azərbaycan sürətli inkişaf dövrünü yaşayır və bu da yaradıcı və intellektual gənclər üçün öz təşəbbüslərini reallaşdırmaqda yeni imkanlar yaradır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında dinamik bir il kimi xarakterizə olunur.

“COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməyimiz ölkəmizin ətraf mühitin qorunması, iqlim dəyişmələrinin fəsadlarının qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”, - deyə o əlavə edib.

Sonra I, II, III yerləri tutmuş Yasamal, Gəncə və Nəsimi komandalarının oyunçuları müvafiq diplomlar, medallar və xatirə hədiyyələri, qalib komanda isə əlavə olaraq kubok ilə təltif olunub.

Seçilən
7
9
yeniazerbaycan.com

10Mənbələr