Nyu-Meksiko ştatının Rosvel şəhərində həftəsonu yağan güclü yağışlar daşqınlara səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, Nyu-Meksiko polisi daşqınlar nəticəsində ən azı iki nəfərin öldüyünü açıqlayıb.
Məlumata görə, Nyu-Meksiko Milli Qvardiyası tərəfindən 300-dən çox insan xilas edilib, onlardan 38-i müxtəlif xəsarətlərlə xəstəxanalara aparılıb.
Daşqın şənlik keçirilən şəhər mərkəzini də basıb. Suyun səviyyəsinin qalxdığına görə musiqi qrupu və qonaqlar dama çıxmaq məcburiyyətində qalıb, səhər xilasedicilər gələnə qədər orada gözləyiblər. Fəlakətə görə Nyu-Meksiko qubernatoru Mişel Lujan-Qrişam fövqəladə vəziyyət elan edərək, zərərçəkənlərə kömək üçün dövlət büdcəsindən 1 milyon dollar ayırıb.
Qeyd olunur ki, orta hesabla, Rosvel ildə 30 santimetrdən çox yağıntı almır, lakin sinoptiklər bu qeyri-adi hadisəni Arizona üzərində dövr edən tsikllə əlaqələndiriblər.