AZ

Gürcüstan hakimiyyətinin yürütdüyü siyasətə qarşı Qərbin təzyiqi durmadan artırŞƏRH

Gürcüstan

Bakı, 18 oktyabr, AZƏRTAC

Gürcüstan hakimiyyətinin yürütdüyü siyasətə qarşı Qərbin təzyiqi durmadan artır. Biz növbəti dəfə ikili standartın və ayırıcı xətlərin nümayiş olunduğunu görürük. Vaxtilə Qərbin oyunlarına alət olan Gürcüstana göstərilən “isti” münasibətdən indi əsər-əlamət qalmayıb. Görünür, Rusiyaya qarşı növbəti qurbanı vermək üçün bu ölkə üzərindən iş aparılır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Gürcüstan parlamentinə seçkilərin vaxtı yaxınlaşır. Bu baxımdan Qərbin Qafqaz regionundakı maraqları istər-istəməz aktuallaşır. Ancaq həmişə “demokratiya ocağı” kimi özünü təqdim edən Qərb, öz tərəfdarlarını hətta iğtişaşlar yolu ilə də olsa hakimiyyətə gətirməkdə maraqlıdır. Bu gün onların “adamları” sayılan “Milli hərəkat” partiyası və tərəfdaşları demokratik yolla hakimiyyətə gəlməkdən daha çox ölkəni iğtişaşlara və xaosa sürükləməkdə maraqlıdır. Çünki tapşırıqlar belə verilib. Əlbəttə, ölkədə xaosun baş verməsi heç bir halda yaxşı nəticə vəd etmir. Gürcüstanın ərazisində ikinci Ukrayna yaratmaq isə həm gürcü xalqına, həm də regiona mənfi təsir göstərəcək. Qonşu dövlətdə xaosun baş verməsi ölkəmizə də təsirsiz ötüşməyəcək. Gürcüstan həm bizim yaxın qonşumuzdur, həm dost dövlətdir, eyni zamanda, orada bizim kifayət qədər həmvətənimiz yaşayır”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, hazırkı hakimiyyətin məhz daha müstəqil və milli maraqlara uyğun siyasət yürütməsi Qərbi incik salıb. “Qoca qitə pəjmürdədir. Buna görə də Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırılıb. ABŞ və Avropa İttifaqı Şurası hər gün cürbəcür təzyiq vasitələri ilə Gürcüstana, seçicilərə təsirini artırmaqdadır. Bu baxımdan yaxşı olar ki, gürcü xalqı seçkidə öz seçimini doğru etsin, milli iradəyə, müstəqil Gürcüstanın gələcəyinə səs versin. Xarici qüvvələrin boş vədlərinə inanmamaqla ancaq Gürcüstanın inkişafına öz münasibətlərini bildirsinlər. Bizim üçün də əsas məsələ qonşu dövlətdə stabilliyin və əmin-amanlığın olmasıdır”, - deyə deputat diqqətə çatdırıb.

Seçilən
32
50
azertag.az

10Mənbələr