AZ

Qərbin “cəlbedici” vədləri fonunda gürcü xalqının praqmatik qərar qəbul etməsi mütləqdir ŞƏRH

Qərbin

Bakı, 18 oktyabr, AZƏRTAC

Cənubi Qafqazda qlobal güclərin maraqlarının toqquşduğu Gürcüstan seçim qarşısındadır. Belə ki, oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri regiondakı proseslərin hansı istiqamətdə aparılacağının dəqiqləşdirilməsi üçün həlledici məqam ola bilər. Gürcü xalqının iradəsi həm də Gürcüstan dövlətinin yaxın onilliklər ərzində qlobal və regional sistemdəki roluna da mütləq şəkildə təsir edəcək. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının suveren xarici siyasət strategiyasına uyğun olaraq Rusiya ilə əlaqələrin normalaşması və balanslı mövqe nümayiş etdirməsi kontekstində atdığı addımlar Gürcüstanın Qərbdəki müttəfiqlərini kifayət qədər hiddətləndirib. Onu da qeyd etmək lazımdır ki, Avropa İttifaqı (Aİ), hətta Aİ-yə üzv olmayan kənar aktorlar, o cümlədən Böyük Britaniya da daxil olmaqla bir çox aparıcı dövlətlər keçiriləcək parlament seçkilərini, bu ölkədə qəbul edilən yeni qanunları bəhanə edərək Gürcüstanla vizasız rejimi müvəqqəti dayandırmağı, Tbilisiyə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, seçkinin nəticələrinin mövcud hakimiyyətin lehinə olması ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Təbii ki, bu da uzun illərdir Gürcüstanda möhkəmlənmək üçün səy göstərən Qərbin maraqlarına uyğun deyil və onun aqressiv ritorikasının arxasında dayanan başlıca səbəb də məhz budur. Önəmli olan isə gürcü xalqının seçimidir. Qərbin “cəlbedici” vədləri fonunda gürcü xalqının soyuqqanlı və praqmatik qərar qəbul etməsi mütləqdir, əks halda regional təhlükəsizlik üçün ciddi təhdidlər yarana bilər.

“Xüsusilə də nəzərə alsaq ki, davam edən Rusiya-Ukrayna müharibəsi Gürcüstanda keçiriləcək seçkinin nəticələri ilə bağlı aydın təsəvvür yaratmağa imkan verir, ona görə də növbəti cəbhənin bu ölkədə açılması ssenarilərinin olması da istisna edilmir. 2008-ci il ssenarisinin təkrarlanması ehtimalı da kifayət qədər yüksək olduğunu da nəzərə aldıqda, Qərbin “şirin” vədləri gürcü xalqı üçün bütün cəlbediciliyini itirmiş olur. Heç də təsadüfi deyil ki, 26 oktyabr seçkilərinin Gürcüstan üçün önəmli hadisələrə vəsilə olacağı proqnozlaşdırılır. Tbilisi ya birtərəfli qaydada Qərbə inteqrasiya yolunu seçərək Rusiyanın, ya da suveren siyasi kursunu davam etdirərək Qərbin hədəfinə çevriləcək. Hər iki ehtimalda da təhdidlər istisna edilmir. Ancaq hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası xalq-dövlət birliyinə nail olaraq qələbə qazansa, bu təhdidlərlə mübarizə aparacaq gücə sahib ola bilər. Bu da regionun gələcəyi üçün kifayət qədər önəmlidir”, - deyə politoloq əlavə edib.

 

Seçilən
34
50
azertag.az

10Mənbələr