AZ

Dərs saatlarını dəyişək! - Tıxac problemi həll olunacaq?

Payaxt Bakının tıxac probleminin həlli ilə bağlı çoxsaylı tədbirlər görülsə də, hələ də səhər və iş çıxışı saatlarında yollarda ciddi sıxlıq müşahidə olunur. İctimaiyyət arasında tıxac probleminin həlli ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Məsələn, bəziləri universitetlərin regionlara köçürülməsini, digərləri ümumiyyətlə paytaxtın dəyişdirilməsini təklif edir. Ancaq ekspertlər tıxac probleminin həllinin kompleks yanaşma tələb etdiyini düşünür. 

 

Bu yaxlarda elm və təhsil naziri Emin Əmrullayevin ali təhsil müəssisələrində dərs saatlarının dəyişdirilməsi ilə bağlı fikir səsləndirib. Nazirin sözlərinə görə, universitetlər dərs saatlarının dəyişdirilməsi tıxac və sıxlığı azalda bilər.

 

Qeyd edək ki, əvvəllər də bu təklif səsləndirilib. Bir çox ekspert deyir ki, universitetlərdə dərs saatlarının iş yerləri ilə eyni vaxtda başlayıb, eyni vaxtda bitməsi tıxacların artmasına səbəb olur.

 

Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Anar İsgəndərov Modern.az-a bildirib ki, Bakı şəhərində sıxlıq təkcə tələbələrlə və ali məktəblərlə bağlı deyil:

 

“Ümumiyyətlə Bakı şəhəri vaxtilə şəhər kimi inkişaf edəndə heç kimin ağlına gəlmirdi ki, bu qədər insanı qoynuna alacaq. Məlumdur ki, Bakı şəhəri deyiləndə əvvəllər 22.5 hektarlıq "İçərişəhər" nəzərdə tutulurdu. Sonralar neftin insan həyatına daxil olması və kapitalist münasibətlərin inkişafı üçün əsas vasitəyə çevrilməsindən sonra on minlərlə Cənubi Azərbaycanlı qəsbkarların, Çar Rusiyası ərazisində təhkimçiliyin ləğvindən sonra oradakı insanların bu əraziyə gəlişi ilə şəhər əhalisi artdı. Amma şəhəri küçələri o zaman faytonlar üçün nəzərdə tutulmuşdu. Bu gün, 21-ci əsrdə isə təkcə Bakıda yox, dünyanın kifayət qədər şəhərlərində bu sıxlıq var”.

Millət vəkili qeyd edib ki, tələbələrin dərs saatlarını dəyişməklə müəyyən inkişafa nail olmaq olar, ümumilikdə isə problem olduğu kimi qalır:

 

“Hər il Bakıya görün nə qədər avtomobil daxil olur. Digər tərəfdən də Bakının küçələrinin özü tələblərə cavab vermir. Əhali artır, tələbat artır, avtomobil artır, amma küçəni genişləndirmək mümkün deyil. Ona görə də universitetlərdə hətta orta məktəblərdə dərs saatlarının dəyişdirilməsi sıxlığı aradan qaldırmayacaq. Sadəcə ola bilsin ki, bu sahədə müəyyən qədər işlərə fayda versin".

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova isə bildirib ki, bu, çox maraqlı və aktual bir məsələdir:

 

“COP29 kimi böyük beynəlxalq tədbirlər zamanı şəhərdəki nəqliyyat sıxlığını azaltmaq üçün universitetlərdə dərs saatlarının dəyişdirilməsi effektiv bir strategiya ola bilər. Belə bir tədbirin mümkünlüyünü və potensial təsirlərini nəzərdən keçirsək texniki cəhətdən də mümkündür. Universitetlər öz tədris cədvəllərini müvəqqəti olaraq dəyişdirə bilərlər. Bu pik saatlarda şəhər mərkəzinə gedən tələbə və müəllimlərin sayını azaldaraq, nəqliyyat sıxlığını yüngülləşdirə bilər”.

 

G.Əkbərova qeyd edib ki, alternativ çıxış yolları da ola bilər:

 

“Onlayn dərslərə keçid ən aktual alternativ yollardan biridir. Bunun üçün müəllim və tələbə heyəti artıq COVID vaxtından qalan bir təcrübəyə malikdir. Cənab nazir Emin Əmrullayevin bu mövzuya toxunması göstərir ki, hökumət bu variantları ciddi şəkildə nəzərdən keçirir. Lakin belə bir qərarın qəbul edilməsi üçün bütün maraqlı tərəflərlə geniş müzakirələr aparılmalı və potensial təsirləri diqqətlə qiymətləndirilməlidir. Nəticə olaraq, bu çıxış yolları mümkündür və potensial olaraq faydalı ola bilər, lakin diqqətli planlaşdırma və icra tələb edir”.

 

Elm və təhsil eksperti Elnur Aydın da düşünür ki, Bakı şəhərində fəaliyyət göstərən universitetlərdə dərs saatlarının dəyişdirilməsi sıxlığın azaldılmasına təsir edə bilər:

 

“Universitetlərin dərs saatlarının dəyişdirilməsi ilə şəhərdaxili sıxlığın azaldılması probleminə sistematik yanaşmaq lazımdır. Dərs saatlarının tez və ya daha gec saatlara keçirilməsi insanların eyni vaxtda hərəkət etməsinin qarşısını müəyyən qədər alar. Cənab nazirin bu mövzuda çıxış etməsi də göstərir ki, bu barədə düşüncələr var. Dərs cədvəllərinin yenidən planlaşdırılması, tələbələrin, müəllim heyətinin buna uyğunlaşdırılması problemin həllinə dəstək verər”.

 

Ekspert bildirib ki, ali məktəbdə tədrisin mümkün hissəsini onlayn rejimə keçirmək də sıxlığı azalda bilər. Bu yanaşma tələbələrin hər gün universitetə gəlməsini minimuma endirər:

 

“Həmçinin tələbələri velosiped, skuterlərlərlə hərəkətə təşviq etmək lazımdır. Bunun üçün zolaq və dayanacaqların təmin olunmasına ehtiyac var. O cümlədən universitetlər xüsusi avtobus marşrutları təşkil edilə bilər. Bu marşrutlar sıxlığı azaltmağa və nəqliyyat axınını daha səmərəli idarə etməyə kömək edər. Bu istiqamətdə atılacaq addımlar şəhərdəki nəqliyyat sıxlığını və tələbə axınını sistemli və daha səmərəli idarə etməyə kömək edər”.

Seçilən
3
50
modern.az

10Mənbələr