AZ

Yeni təxribata hazırlıq - Avropa İttifaqı Ermənistanda oturub Azərbaycanda nə axtarır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hər vəchlə Cənubi Qafqazda sülh prosesinə əngəl törətməyə çalışan, bunun üçün Ermənistanı alət, Azərbaycanı isə hədəf seçən Avropa İttifaqının Ermənistandakı missiyası növbəti dəfə Azərbaycana qarşı təxribat hazırlayır. Dövlət sərhədimizin yaxınlığına gələn səkkiz nəfər Aİ missiyasının üzvü və erməni hərbçiləri müşahidə cihazları ilə ərazilərimizi müşahidə ediblər. Təbii ki, bu addımın arxasında Avropa İttifaqının, daha dəqiq desək, kollektiv Qərbin məkrli planlarının gizləndiyi artıq heç kimdə şübhə doğurmur.
Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası öz fəaliyyəti və tərkibinə görə mülki missiya olmaqdan çıxıb və indi daha çox hərbi missiyanı yerinə yetirir:
"Ümumiyyətlə isə belə bir missiyaya ehtiyac var idimi? Təbii ki, yox. Nə indi, nə də əvvəllər belə bir missiyaya heç bir zaman ehtiyac olmayıb. 2022-ci ilin dekabrından başlayaraq formalaşdırılan bu təsisatın, prinsip etibarilə, təxribat törətməyə hesablandığı əvvəlcədən də məlum idi. Bu missiyanın əsas məqsədi Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması barədə saxta məlumatlar yaymaq, ölkəmizi müharibə tərəfdarı qismində haqsız yerə hədəfə gətirməkdən ibarətdir. Başqa sözlə desək, bu missiyanın indiyə qədər olan fəaliyyəti mahiyyətindən daha çox, Ermənistanı sülhdən uzaqlaşdırmağa hesablanıb".
"Hər kəs razılaşar ki, sərhəd boyu gəzinti edib, sonra da hesabatlarda neçə kilometr yol qət etdiklərini yazmaq, durbinlə Azərbaycan ərazilərinə baxmaq bir iş deyil. Odur ki, heç Ermənistanın özündə belə, bu təsisatın fəaliyyətinə münasibət birmənalı deyil. Amma rəsmi İrəvan susmaq məcburiyyətindədir. Çünki Aİ regiona İrəvanın onlardan gözləntisi olduğu üçün gəlməyib. Bu gəliş Fransa başda olmaqla kollektiv Qərbin Cənubi Qafqaz maraqlarının təmin olunması müstəvisindəki fəaliyyətinin bir hissəsi idi. Qərbin Cənubi Qafqazdakı maraqları isə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və sabit sülhün təmin edilməsi deyil", - deyə politoloq vurğulayıb.
Bayramov əlavə edib ki, Aİ müşahidəçiləri elə Ermənistana gəldikləri gündən etibarən sülh quruculuğu fəaliyyətindən başqa hər şeylə məşğul olublar:
"Buraya həm Ermənistanın yeni təxribatlara şirnikləşdirilməsi, həm də ətraf dövlətlərlə bağlı kəşfiyyat məlumatlarının toplanmasına qədər istənilən məqamı aid etmək olar. Konkret olaraq, Aİ müşahidə missiyasının səkkiz üzvünün erməni hərbçilərinin müşayiəti ilə dövlət sərhədimizin yaxınlığında müşahidə aparmasına gəldikdə isə bu, böyük ehtimalla yeni təxribata hazırlıq məqsədi daşıyır. Biz indiyə qədər də dəfələrlə belə müşahidələrdən sonra konkret sərhəd istiqamətində erməni təxribatlarına şahidlik etmişik. Odur ki, indi də diqqətli olmağa ehtiyac var".
Mövzunu Oxu.Az-a dəyərləndirən siyasi şərhçi Oqtay Qasımov da hesab edir ki, Avropa İttifaqının mülki adlandırılan, lakin kəşfiyyatçılardan ibarət missiyasının Azərbaycan sərhədlərinə gəlməsi yeni bir məsələ deyil:
"Onlar burada fəaliyyətə başladıqları gündən etibarən zaman-zaman belə hərəkətlərə yol veriblər. Bu da hər zaman Azərbaycan tərəfindən haqlı etirazlarla qarşılanıb. Bir xeyli müddətdir ki, onlar bu fəaliyyətlərinə ara vermişdilər. Lakin dünən baş verən hadisə bir daha göstərdi ki, Avropa İttifaqının missiyasının bölgəyə məhz bu məqsədlə göndərilməsinə Qərb nail olub".
"Onların məqsədi isə heç də Azərbaycanla Ermənistan arasında sülh və sabitliyin bərpa olunması deyil. Əksinə, onlar bölgədə yeni gərginlik ocağı yaratmaq və prosesləri qızışdıraraq eskalasiya həddinə çatdırmağı düşünürlər. Çünki bölgədə sülh olacağı təqdirdə onların burada hansısa bir missiyası və fəaliyyətinə ehtiyac qalmayacaq. Bu baxımdan, məhz bölgədə qalmaq üçün onlara gərginlik ocağı lazımdır. Buna görə də Avropa İttifaqının mülki missiyası Azərbaycanla sərhədə gələrək məlum binokl fəaliyyətini həyata keçirirlər", - analitik qeyd edib.
O bu hadisənin ən ciddi şəkildə qınanılmalı və bununla bağlı Avropa İttifaqına sərt xəbərdarlığın edilməli olduğunu əlavə edib:
"Çünki bu cür hərəkətlər bölgədə konstruktiv siyasətə xidmət etmir. Ona görə də bu, onların diqqətinə çatdırılmalı və bütün məsuliyyətin də onların üzərində olduğu qeyd edilməlidir".
Mərahim Nəsib
Seçilən
14
50
oxu.az

10Mənbələr