AZ

İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biridir VİDEO

Zəngilan, 6 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Məqsəd həmin ərazilərdə yüksək potensiala malik bərpaolunan enerjidən istifadə etməklə o yerləri ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Zəngilanda yeni istifadəyə verilən mərkəzlər də görülən işlərin tərkib hissəsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəngilanda yeni istifadəyə verilən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.

“Azərişıq” ASC-nin region üzrə rəis müavini Rəşad İbrahimov açıqlamasında bildirib ki, Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib. Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib-hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi verilişində fasilələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən ala bilərlər. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə işin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, yaşıl enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.

X   X   X

“Sarıqışlaq” su elektrik stansiyasının (SES) yaradılması atmosferə atılan 13 min ton karbon qazının qarşısını almaq gücündədir. Bu su elektrik stansiyası Oxçuçayın üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir və buna qədər digər 3 SES - “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” su elektrik stansiyaları dövlətimizin başçısının iştirakı ilə istismara verilib.

“AzərEnerji” ASC “Yaşıl Enerji” MMC-nin direktoru Ramiz Vəliyev müsahibəsində bildirib ki, yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq tikilən “Sarıqışlaq” SES-də eyni vaxtda derivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşın zalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütün işlər tam normativ qaydalara uyğun həyata keçirilib. Flora və faunanın qorunması üçün xüsusi qurğular quraşdırılmaqla yaradılan baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılmaqla derivasiya boruları çəkilib və borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılması təmin edilib. “Sarıqışlaq” SES-də tikilən maşın zalında çayda su azalarkən özünü avtomatik dayandıra bilən 2 ekoturbin quraşdırılıb ki, bu turbinlər Oxçuçayın ekoloji axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin edir. Su elektrik stansiyasında 110 kV-luq açıq paylayıcı qurğu tikilib. Bu qurğu nəinki “Sarıqışlaq” SES-də, eyni zamanda, “Şayıflı” SES-də istehsal olunan yaşıl enerjinin sistemə ötürülməsi funksiyasını icra edir. Burada həm yarımstansiya, həm də bütövlükdə su elektrik stansiyası rəqəmsal avadanlıqlarla təchiz edilərək avtomatik idarəetmə sistemi ilə təmin olunub. “Sarıqışlaq”da il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazının qarşısının alınması nəzərdə tutulur. “Sarıqışlaq” SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük silsilədir. Yerli mütəxəssislər tərəfindən layihələndirilməklə, tam yeni tikilmiş 42 MVt gücündə kaskad tipli bu 4 stansiya qoyuluş gücünün 70 faizdən çox hissəsi ilə çalışır. Burada istehsal olunan enerjinin bir hissəsi daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerji sisteminə yönləndirilir. Bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir. Ümumilikdə isə bu günədək “AzərEnerji” tərəfindən Qarabağda və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 su elektrik stansiyasında hava şəraitindən asılı olan digər bərpaolunan enerji mənbələrindən fərqli olaraq, 24 saat fasiləsiz yaşıl enerji istehsal edilir.

Seçilən
4
4
azertag.az

10Mənbələr