AZ

"Çin Rusiyaya Ukrayna savaşı üçün dronlar tədarük edir" - "The Times"

 
"Çin ikili təyinatlı texnologiyaları verməklə Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici amilə çevrilib..."
 
Qərb Çinin Rusiyaya Ukrayna savaşı üçün silah tədarük etdiyinin sübutlarını əldə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri Qərb məmuruna istinadən məlumat verib.
 
Qeyd edilir ki, müttəfiqlər tərəfindən əldə edilən yeni hesabat onu göstərir ki, Çin şirkəti xüsusi yaradılan hərbi PUA-ları Ukraynada sınaqdan keçirilməsi üçün Rusiyaya göndərir.
 
Qərb məmurunun sözlərinə görə, müvafiq sövdələşmə otən ildə bağlanıb. O, Çin şirkətinin adını açıqlamayıb, lakin əlavə edib ki, "indi Çin şirkətlərinin Rusiyaya Ukraynada istifadə edilməsi üçün ölümcül silah tədarük etməsinin açıq-aydın sübutları var".
 
"Çin hökuməti bunu etiraf etməyə də bilər, amma özünün artan dəstəyini gizlətmək ona çətin olacaq".
 
Bu məlumata NATO münasibət bildirib və bəyan edib ki, "bu, dərin narahatlıq doğurur və müttəfiqlər bu məsələ ilə bağlı məsləhətləşmələr aparır".
 
"Çin Rusiya müdafiə sənayesinə dəstək üçün ikili təyinatlı texnologiyaları verməklə Rusiyanın Ukraynada müharibəsində həlledici amilə çevrilib. Çin hökuməti onun şirkətlərinin Rusiyaya ölümcül yardım edilməsinə görə məsuliyyət daşıyır.
 
Çin Avropada ikinci dünya savaşından sonra ən böyük münaqişəni qızışdırmağı öz maraqları və nüfuzuna xələl gətirmədən davam edə bilməz", - NATO bəyan edib.
 
Rusiya Çində dronlar istehsal edir - son məlumatlar
 
Xatırladaq ki, bu günlərdə "Reuters" agentliyi məlumat verib ki, Rusiya Çində Ukraynaya qarşı müharibədə istifadə etmək üçün uzaqmənzilli zərbə dronlarının işlənib hazırlanması və istehsalı üzrə silah proqramını işə salıb. 
 
Qeyd edilib ki, "Kupol" İjevsk elektrik mexanikləşdirilmiş zavodu (Rusiyanın "Almaz-Antey" dövlət silah şirkətinin törəmə şirkəti) Çində "Qarpiya-3" (G3) adlı yeni dron modelini işləyib hazırlayıb və uçuş sınaqlarını keçirib, habelə, guya, Çin zavodunda onların geniş istehsalını nizama salıb.
Seçilən
9
50
moderator.az

10Mənbələr