AZ

2005-ci ilin İsrail - “Hizbullah” müharibəsində də İran belə etmişdi- İsrailə böyük tələ...

Image

İsrail ordusu Livandakı “Hizbullah” hərəkatının hərbi hədəflərinə qarşı yeni irimiqyaslı zərbə dalğasının başladığını elan edib. Bu fonda isə Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi, savaş miqyasının genişlənməsi müşahidə olunur. İsrailin baş naziri Benyamin Netanyahu ordunun “Hizbullah”a zərbələr endirməyə davam edəcəyini bildirir.

Hazırda İsrail ordusu oktyabrın 7-dən bəri Livandakı “Hizbullah" hədəflərinə ən əhatəli hava hücumlarını həyata keçirir. Ordunun sözçüsü kontr-admiral Daniel Hagari bildirir ki, İsrail hərbiyyəsi “Hizbullah”a qarşı hücumları sistemli şəkildə genişləndirir. Ölkənin cənubundakı hədəflərlə yanaşı, Şərqdə Beka vadisi və Şimalda Suriya sərhədindəki bəzi bölgələr havadan vurulur. Beləliklə, İsrail “Hizbullah”ın mövqelərinə 2006-cı ildən bəri ən ölümcül zərbələrini endirir. Artıq yüzlərlə insanın həyatına son qoymuş bu zərbələr həm də İsraillə “Hizbullah” arasında yeni müharibənin başlanğıcı deməkdir. Qeyd edək ki, İsrail oktyabr ayında Qəzza zolağında müharibəyə başlayandan bəri “Hizbullah” ABŞ və başqa ölkələr tərəfindən terrorçu təşkilat kimi tanınan HƏMAS-a dəstək olaraq İsrail üzərinə raket zərbələri endirib.

Amma “Hizbullah” üzvlərinin üstündə kütləvi şəkildə baş verən peycer partlayışlarının ardınca İsrailin bu təşkilata birbaşa raket zərbələri yeni münaqişənin başlanğıcına çevrilib. Bəhreyndəki Le Beck beynəlxalq konsaltinqinin kəşfiyyat bölümünün başçısı Maykl Horovits deyir ki, yeni münaqişəni zorakılığına görə 2006-ci il İkinci Livan müharibəsi ilə müqayisə etmək olar. Burada bir daha qeyd edək ki, İran tərəfindən dəstəklənən “Hizbullah” son aylarda bir sıra uğursuzluqlarla üzləşib. Belə ki, İsrail “Hizbullah”ın rəhbərliyinə və komandanlığına qarşı bir sıra sui-qəsdlər həyata keçirib. Lakin bəzi ekspertlərin fikrincə, bu uğursuzluqlara baxmayaraq, “Hizbullah”ı sıradan çıxarmaq mümkün olmayıb. Maykl Horovits isə deyir ki, on minlərlə silahlıdan ibarət ordusu və böyük silah cəbbəxanası nəzərə alınarsa, “Hizbullah”ı tamamilə oyundan çıxarmaq real hədəf kimi görünmür.

Qeyd edək ki, “Hizbullah” hava bombardmanlarına cavab olaraq İsrailin şimalını raket atəşinə tutub. Amma qrup hələ ki, İsrail ərazisinin dərinlikləri vura bilən orta və uzaqmənzilli raketərindən və dronlardan istifadə etməyib. “Hizbullah” israr edir ki, Qəzza müharibəsinə son qoyacaq atəşkəs razılaşması əldə edilməyənədək İsrail ərazisini vurmaqda davam edəcək. İsrail isə bəyan edir ki, məqsədi şimal sərhədlərinə nəzarətini bərpa etmək və buradan didərgin düşmüş minlərlə israillini evlərinə qaytarmaqdır. Horovitsin sözlərinə görə, İsrail düşünür ki, səylərini artırmaqla Livan cəbhəsini Qəzza cəbhəsindən ayıra bilər: “Hizbullah” buna mane olmağa çalışarsa, elə ağır itkilər verəcək ki, 11 aydır İsrailə qarşı davam edən hücumlarını zəiflətməli olacaq”. Lakin ekspertlərin fikrincə, İsrail “Hizbullah”a qarşı hücumlarını intensivləşdirməklə çox təhlükəli strategiya qəbul edib. Horovits bu barədə deyib: “Nəticə bu ola bilər ki, İsrail “Hizbullah” hələ cəbbəxanasının əhəmiyyətli hissəsindən istifadəyə macal tapmamış onu neytrallaşdıra bilər. İran və “Hizbullah”ı eskalasiyadan çəkindirmək də mümkündür. Amma bu, risqli oyundur”. “Hizbullah”ın əsas dəstəkçisi İran hələ ki, bu münaqişəyə birbaşa müdaxilədən çəkinib. Londonda mənzillənmiş politoloq Cəlali Haşemi bildirir ki, “Hizbullah”ın son hücumlara zəif reaksiyası və İranın münaqişəyə müdaxilədən çəkinməsi baş nazir Benyamin Netanyahunu daha da ürəkləndirib. İran və İsrail HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda qətli də daxil son aylarda bir neçə dəfə müharibə vəziyyətinə çatıblar. Tehran bu qətlə görə İsraili ittiham etsə də, birbaşa hərbi cavaba əl atmayıb. Britaniyada mənzillənmiş regional ekspert Əli Möhtadi deyir ki, İran 2006-cı il “Hizbullah”-İsrail müharibəsinə də birbaşa müdaxilədən çəkinmişdi və müttəfiqinə yalnız logistika və silah dəstəyi verirdi. Ekspertin fikrincə, Tehran bu dəfə də yalnız bu qədər dəstəklə kifayətlənəcək.   Onu da xatırladaq ki, “Hizbullah” Livanda 1975-ci ildə başlayan və 15 il davam edən vətəndaş müharibəsi zamanı yaranıb. Livandakı bir qrup şiə İrandakı teokratik idarəçilikdən ilhamlanaraq İsrail işğalına qarşı silahlı müqavimətə başlayıb. Ərəb ölkələrində nüfuzunu artırmaq niyyətində olan İran bu qrupa hər cür kömək edir.  Qruplaşma İran İnqilab Keşikçiləri Korpusunun dəstəyi ilə silahlı təşkilata çevrilərək “Hizbullah” adını götürüb. 1985-ci ildə nəşr olunan manifestdə “Hizbullah” məqsədini Qərb güclərini Livandan çıxarmaq və İsrail dövlətini məhv etmək olduğunu bəyan edib. O, İranın dini liderinə sadiqliyini bəyan edib. Bu arada İsrail mediasının məlumatına görə, ölkənin hökumət təhlükəsizlik kabineti Livana qurudan müdaxilə ehtimalını müzakirə edib. Amma bununla bağlı hələlik konkret qərar verilməyib. Hər halda, İsrailin təkcə uzaqdan zərbələrlə siyasətçilərin bəyan etdiyi məqsədə - “Hizbullah”ın hərbi imkanlarını yəhudi dövləti üçün məqbul olan son dərəcə aşağı səviyyəyə endirməklə ölkənin şimalında təhlükəsizliyi təmin etmək məqsədinə necə nail olacağı çox aydın deyil. Öz növbəsində ərəb mediası xəbər verir ki, Livan hərəkatı öz strategiyasını İsrail hərbçilərini Livan ərazisinin dərinliklərinə çəkmək üçün qurur, burada istehkam sistemi, yeraltı kommunikasiyalar və zirehli texnikanın atəşlə məhv edilməsi vasitələri onları gözləyir. Bunlar fonunda G7 ölkələrinin xarici işlər nazirləri İsraillə “Hizbullah” arasındakı müharibənin daha qlobal bir savaşa çevrilə biləcəyindən danışıblar. Onlar xəbərdarlıq ediblər ki, təhlükəli zorakılıq spiralı” güclənə və bütün Yaxın Şərqi ağlasığmaz nəticələrlə daha geniş regional münaqişəyə sürükləyə bilər. Böyük bir müharibənin baş verməsi, təkcə “Hizbullah” və İsrailin deyil, digər iştirakçıların da bu müharibəyə cəlb olunması ehtimalı getdikcə artır.

Nahid SALAYEV





Seçilən
10
36
baki-xeber.com

10Mənbələr