AZ

III İsrail - Livan müharibəsinin astanasında...

Partlayan peycerlər Livana haradan və necə gətirilib?

Yaxın və Orta Şərqdə bir aydır ki, hökm sürən nisbi sakitlik yenidən pozulub. “HƏMAS” lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Livan - İsrail münasibətlərindəki gərginlik daha da artıb. Livan ərazisindən iyulun 27-si Məcdəl Şəmsin bombalamasının “cavabı” hələ də səngimək bilmir. Bu dəfə Livanda “peycer” partlaması nəticəsində ölən və yaralananlar olub. İranın Beyrutdakı səfiri Müctəba Əmani də də şəxsi peycerinin partlaması nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib.

Səfirliyin sosial media hesabındakı yazılı açıqlamada bildirilib ki, Əmaninin səhhəti getdikcə yaxşılaşır. Səfirlik diplomatın görmə vəziyyəti ilə bağlı mətbuatda gedən xəbərlərin həqiqətə uyğun olmadığı bildirib. İranlı diplomatın həyat yoldaşı Nərgiz Kadiriyan da sosial media hesabında bildirib ki, səfir Əmani şəxsi peycerinin partlaması nəticəsində yüngül xəsarət alıb. Xatırladaq ki, bəzi sosial media hesablarında partlama nəticəsində səfirin görmə qabiliyyətini, hətta gözlərini itirdiyi bildirilirdi. “Mehr”in məlumatına görə, partlamada səfirliyin iki əməkdaşı da yaralanıb.

Partlayışın səbəbləri araşdırılır

Artıq bəzi media resursları baş verənləri “kütləvi kiberhücum” kimi qiymətləndirir. Xəbəri ilk yayanlardan olan “Reuters” və “Əl-Cəzirə” yaralananların çox olduğunu iddia edib. Livanın Əl Manar telekanalı isə Livan prezidenti vəzifəsini icra edən Nəcib Mikatinin baş verənlərlə bağlı məlumatlandırıldığını bəyan edib. “The Wall Street Journal” mənbələrə istinadən yazır ki, partlamış peycerlər “Hizbullah”ın son günlər əldə etdiyi texniki vasitələrdir. Qəzetə bildirilib ki, “yüzlərlə yaraqlıda” belə qurğular var və “zərərli proqram”lar da peycerlərin istiləşməsinə və partlamasına səbəb ola bilərdi. Bəzi cihaz sahibləri peycerlərin qızdığını hiss edib və partlamamışdan əvvəl onlardan xilas olublar.

İsrail Müdafiə Qüvvələri (IDF) məsələ ilə bağlı RBC-yə şərh verməkdən imtina edib.

“Gold Apollo” təkzib edir - istehsalçı başqa şirkətdir...

Baş verənlərin ardından Hizbullah bu hücumu cavablandıracağını vəd edib. ABŞ-ın “New York Times” nəşri Livana gətirilən Tayvan istehsalı olan peycerlərə partlayıcıların yerləşdirilmə ehtimalını irəli sürüb. NYT-nin “hədəf” olaraq göstərdiyi şirkət isə “Gold Apollo” şirkətidir - peycerləri istehsal etdiyi bildirilən bu şirkət isə iddiaları təkzib edib. Onlar bu texniki vasitələrin Avropada onların markasından istifadə etmək hüququ olan şirkət tərəfindən hazırlandığını deyib. “Gold Apollo” şirkəti tərəfindən edilən yazılı açıqlamada bildirilib ki, “AR924” model peycerlərin istehsalında şirkət heç bir səlahiyyətlərə malik deyil: “Biz yalnız marka səlahiyyəti veririk. Məhsulun dizaynında və ya istehsalında iştirakımız yoxdur.” Açıqlamada, cihazların istehsalının yalnız marka lisenziyasından istifadə etməyə icazə verdikləri “BAC” adlı şirkətə aid olduğu göstərilib.

ABŞ əlinin olmadığını deyir - Ostin müdaxilə etdi...

Siyasi analitiklər baş verənləri bölgədə aylardır davam edən gərginliyin növbəti fazası hesab edir. “Washington Post” qəzetinin yazdığına görə, hücum Qəzzada atəşkəs razılaşması və israilli girovların azad edilməsi şanslarını heçə endirib. Məsələ ilə bağlı İsrailin adının hallanması isə rəsmi Təl - Əvivin ən yaxın müttəfiqini, ABŞ-ı da hərəkətə gətirib. Belə ki, Pentaqonun sözçüsü general-mayor Pat Rayder baş verənlərlə bağlı brifinqdə bildirib ki, ABŞ-ın bu partliyaşlarla heç bir əlaqəsi yoxdur. Rayder partlayışdan sonra ABŞ-ın bölgədəki hərbi mövqeyində dəyişiklik olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib ki, ABŞ-ın Yaxın Şərqdəki mövqelərində heç bir dəyişiklik yoxdur. Rayder həmçinin müdafəi naziri Lloyd Ostinin gərginliyin geniş regional münaqişəyə çevrilməməsi üçün prosesə müdaxilə etdiyini bildirib. O, İsrail ilə Hizbullah arasında davam edən münaqişələri minimuma endirməyin ən yaxşı yolunun diplomatiya olduğuna inandıqlarını bildirib.

Addım-addım üçüncü müharibəyə doğru...

Bu partlayışların iyul ayının sonunda gərginləşən münasibətləri müharibə astanasına daşıyacağı bildirilir. Xatırladaq ki, İsrail Colan təpələrinin atəşə tutulmasına cavab olaraq Livana raket zərbələri endirmişdi - Livanın cənubundakı “Hizbullah” təşkilatının hədəflərinə bir sıra hücumlar həyata keçirilmişdi. Əl-Hayam və Kfar-Kila şəhərlərinə, eləcə də Tir dairəsindəki Abbasiyyə və Burj əl-Şimali şəhərlərinin kənarlarına hava zərbələri baş tutmuşdu.

Sonradan tərəflər arasında uzlaşmanın əldə olunması üçün aparılan danışıqların müsbət yöndə istiqamətlənəcəyinə ümid yaransa da, artıq problem daha geniş vüsət alıb - siyasi təhlilçilərin fikrincə, baş verənlər müsəlman ölkələri tərəfindən birmənalı qarşılanmır. Misir, İraq, İordaniya və Fələstinin Livanla həmrəy olduqlarını bəyan etmələri, yardım təkliflərini irəli sürmələri qarşı tərəfə həm də bir siqnaldır. Başqa sözlə, III Livan-İsrail müharibəsinin miqyası əvvəlkilərdən daha fərqli ola bilər.

Xatırladaq ki, İsrail ilə Livan arasında siyasi-hərbi gərginliklər artıq uzun illərdir davam edir. Hətta 1975-1990-cı illər aralığında Livanda baş vermiş vətəndaş müharibəsi belə son hədəf olaraq İsrailə qarşı istiqamətlənmişdi. 1990-cı il proseslərinin ardından 1991-ci ilin martında Livan Parlamentinin çıxardığı əfv qanunu ilə bütün siyasi günahkarlar sərbəst qalmışdı. 1991-ci ilin may ayında isə əksəriyyəti Hizbullah xadimlərindən ibarət olan silahlı qüvvələrlə Livan Ordusu təkrar yaradılmışdı.

2006-cı ilin  iyulun 12-dən avqustun 14-nə kimi davam edən İkinci Livan müharibəsi də Hizbullahın hərbi qanadı ilə İsrail Silahlı Qüvvələri arasında Livan torpaqları və İsrailin şimalında davam etmiş olan silahlı qarşıdurma kimi tarixə düşmüşdü. Böhran Livanda yerləşmiş “Hizbullah” təşkilatının 12 iyul 2006-cı ol tarixində iki İsrail əsgərini qaçırması və səkkizini öldürməsiylə başlamışdı. Əsgərlərin qaçırılmasına əlavə olaraq Cənubi Livandakı Hizbullah xadimlərinin İsrail torpaqlarına “Katyuşa” mərmiləri göndərməsi isə İsrail tərəfindən Livanın döyüş hərəkəti ( “act of war”) kimi şərh edilmişdi. Bunun üzərinə İsrail Livana hava və quru hücumları etmiş və ölkənin limanlarını dənizdən mühasirəyə almışdır. İsrailin bu davranışına qarşılıq olaraq Hizbullah Cənubi Livandan İsrailin şimalına etdiyi mərmi hücumlarını şiddətləndirmişdi. Bir aydan çox davam edən qarşıdurmaların ardınca Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 1701 saylı qərar uyğun olaraq 14 avqustda tərəflər hücumlarını dayandırmışdı.

“Peycer hücumu” ilk fakt deyil...

Qeyd edək ki, peycerlərlə həyata keçirilən bu kimi aksiyalara tarixdə bir neçə dəfə təsadüfi olunub. Financial Times-ın hesabatına görə, bir sıra ölkələrin xüsusi xidmət orqanları izləmə, casusluq etmə və hətta sui-qəsd həyata keçirmək üçün müxtəlif dövrlərdə telefon, peycer və bu kimi vasitələrdən istifadə ediblər. Məsələn, 1972-ci ildə Fələstin Azadlıq Təşkilatının Paris təmsilçisi Mahmud Həmşərinin Fransadakı mənzilində istifadə etdiyi telefonun baza blokuna partlayıcı yerləşdirilmişdi. Dekabrın 8-də Həmşəri telefon zənginə cavab verərkən partlayıcı işə düşmüşdü. 1996-cı ilin yanvarında isə İordan çayının qərb sahilindəki İzzəddin əl-Qəssam Briqadaları Batalyonunun rəhbəri Yəhya Ayyaş mobil telefonun “köməyi” ilə zərərsizləşdirilmişdi.

Ayyaşın öldürülməsi o zaman mövcud olan böhranı daha da ağırlaşdırmışdı. HƏMAS fevral və mart aylarında doqquz gün ərzində dörd cavab hücumu həyata keçirmişdi və nəticədə İsrailin üç şəhərində 59 nəfər həlak olmuşdu.

S.İSMAYILZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
50
yeniazerbaycan.com

10Mənbələr