AZ

"İran Rusiyanı ona görə ballistik raketlə təmin edir ki, Moskva vasitəsilə..." - Politoloq gizlinləri açdı

İrandan Rusiyaya 220-yə yaxın “Fath-360” ballistik raketin göndərilməsi dünya mediasının gündəmindən düşmür. Bildirilir ki, sentyabrın 4-də “Port Olya 3” gəmisi raketlərlə birlikdə Xəzər dənizi vasitəsilə Rusiya limanına gəlib. Lakin hər iki tərəf bunu təkzib edir. Buna baxmayaraq, sözügedən raketlərin görüntüləri də yayılıb.

 

Maraqlıdır, İranın bu addımının səbəbləri nələrdir?  

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri xatırladıb ki, Qərb İrana qarşı konkret sanksiyalar tətbiq edib və Tehran bundan əziyyət çəkir:

 

“Bunun nəticəsi olaraq, zaman-zaman İranda cəmiyyətlə hakimiyyət arasında ciddi qarşıdurmalar yaşanır və bu konteksdə sosial etirazlar müşahidə olunur. Bu baxımdan İran süni bir “üçlük” yaradıb ki, bu da Qərbə dirəniş koalisiyası kimi fəaliyyət göstərir. Söhbət Rusiya və Çinin də daxil olduğu “üçlük”dən gedir. Paralel olaraq, İran Çin dövlətinə daha çox öz neftini satır, eyni zamanda Pekinin Tehranın iqtisadiyyatına, infrastrukruna, xüsusilə də dəniz limanlarına investisiya qoymasına imkan yaradır. İran həmçinin Rusiyanı Ukrayna ilə müharibə kontekstində pilotsuz dronlar, artilleriya sursatları və ballistik raketlərlə təmin edir. Bunun müqabilində o, müəyyən maliyyə əldə edir. Bu ölkələrin vasitəsilə İran Qərb sanksiyalarından müəyyən mənada qaça və qaçaq şəkildə öz neftini müxtəlif maraq dairələrinə sata bilir. Doğrudur, Tehran bunu açıq etiraf etmir, hətta dəfələrlə Rusiyaya heç bir silah göndərmədiyi istiqamətində təkziblər gəlib. Lakin üstündə fars əlifbası ilə yazılar olan vurulmuş dronlar Ukrayna küçələrində minlərlədir. Onların video və fotoları var. Buna rəğmən, İran da, Rusiya da silahların verilməsi məsələsini təkzib edir”.

 

Natiq Miri qeyd etdi ki, son addımlarla İran dövləti üçün yeni sanksiyaların tətbiqinə yol açılır:

 

“Artıq proses başlayıb. Böyük Britaniya və ABŞ-də İrana yeni sanksiyaların tətbiqi ilə bağlı hazırlıqlar görülür. Həmçinin İranda yeni seçilmiş prezident Məsud Pezeşkianın Qərblə danışıqlar aparmaq siyasətinə də kölgə düşür. İranda bunu istəyərək edən güc mərkəzləri var və onların başında SEPAH durur. Bu gün İranın özündə hakimiyyət daxilində ciddi qarşıdurma və gərginlik var. Bu, SEPAH-la hökumət arasındadır. İran cəmiyyətinin, iqtisadiyyatının inkişafına əngəl olan ən böyük amil də məhz odur. Qaçaq yollarla silahların, eyni zamanda neftin, hətta narkotikin satılmasından “milyardlarla” qazanc əldə edən SEPAH komandirləri var, onlar heç bir zaman Qərblə gərginliyin, sanksiyaların bitməsindən razı deyillər. Burada qərar verəcək tərəf isə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneidir. Əgər o, səmimi olaraq İranın inkişafını istəyirsə, hökumətə bu yöndə dəstək verməli və Məsud Pezeşkianın siyasətinə yardım etməlidir. Yox əgər Xamenei SEPAH-hökumət qarşıdurmasından yararlanaraq bir manevr siyasəti ortalığa qoyacaqsa, bu, İranda ciddi problemlərə yola açacaq. Açığı Pezeşkianı İranın gələcəyi üçün son şans kimi dəyərləndirirəm. Bu qarşıdurma davam edərsə, hətta istisna etmirəm ki, Pezeşkian vaxtından əvvəl istefa verə bilər. Bu da düşünürəm ki, İranın gələcəyi üçün qaranlıq günlər vəd edəcək”.

 

Günay Rəsulqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
25
sfera.az

10Mənbələr