AZ

Qərbin SÜLH PLANI – Ukrayna torpaqları Rusiyaya bağışlanacaq?

Almaniya mövcud vəziyyətin saxlanması şərtilə Kiyevlə Moskva arasında sülhün əldə edilməsinə çalışır. “La Repubblica” qəzetinin yazdığına görə, Almaniya kansleri Olaf Şoltsun hazırladığı Ukrayna üzrə sülh planı hazırda Rusiya hərbçilərinin nəzarətindəki ərazilər üzrə “status-kvo”nun qorunub-saxlanılmasını nəzərdə tutur.

Məqalədə göstərilir ki, o, tərəfləri danışıqlar masasına məhz bu təkliflə cəlb etmək, bununla da münaqişənin həllinə nail olub tarixdə sülhpərvər kansler kimi qalmaq niyyətindədir:
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Gürcüstandakı diplomatını geri çağırdı


“Türingiya və Saksoniyadakı məğlubiyyətdən məyus olan O.Şolts sentyabrın 22-də Brandenburqda keçiriləcək səsvermədən sonra istefa təhlükəsi ilə üzləşə biləcəyini kifayət qədər yaxşı dərk edir. Buna görə də vəziyyətdən çıxış yolunu Ukrayna məsələsində barışdırıcı mövqe tutmaqda görür”.

Görünən qədərilə Qərb ölkələri artıq Ukrayna münaqişəsinin ən qısa zamanda dondurulmasına çalışırlar...

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, Qərb indilikdə Ukrayna ərazisinin bir hissəsinin Rusiyaya verilməsilə barışdığını ortaya qoymur. Deputatın fikrincə, burada rəsmi Berlinin özünü ortaya atmasının əsas səbəbi Moskvadakı Almaniya səfirliyi vasitəsilə Rusiya ilə danışıqlar aparıb məsələni guya yumşaldacaqları düşüncəsilə bağlıdır: 

“Amma məsələ o dərəcədə də sadə deyil. Şoltsun Ukrayna məsələsində belə bir planla çıxış etməsi ideoloji təbliğat xarakteri daşıyan bir addımdır. Alman kansleri bu variantla çalışır ki, müəyyən məsələlərlə bağlı ictimai rəydə özünü problemin həllinə nail olmaqda ciddi səy göstərən adam kimi təqdim etsin. Amma əslində o, artıq gecikib. Problemin həlli çox çətindir”. 

Həmsöhbətimizə görə, bu məsələdə ancaq ABŞ və Çin kimi dövlətlərin təsir mexanizmləri güclü ola bilər:

“Məhz onların səyləri nəticəsində nəticəyə yönəlik hansısa addımlar atıla bilər. Lakin hazırda həmin dövlətlər də müharibənin dayanmasında maraqlı görünmürlər. Çünki burada strateji maraqlar, silah satışından qazanc əldə etmək kimi məqamlar var. Bu baxımdan Şoltsun dediyi plan əsasında məsələnin həll ediləcəyini düşünmür. Problem uzanacaq və qarşıda daha ağır çətinliklərin şahidi olacağıq. Almaniya masştabında Ukrayna probleminin həlli perspektivi elə də asan görünmür”.

Rüfət Sultan, Bizim.Media 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
42
bizim.media

10Mənbələr