AZ

45 409 yeni iş yeri, lider Bakı - Bölgələr niyə geri qalır?

Bu ilin ilk yarısında Azərbaycanda 45 min 409 yeni iş yeri açılıb.

Yeni iş yerlərinin 79,4%-i və ya 36 min 58-i paytaxt Bakının payına düşüb.  Bakıdan sonra ən çox yeni iş yeri 5 iri şəhər və rayonda açılıb. Bu ardıcılllığa görə isə yeni iş yerləri  Abşeron rayonu, Sumqayıt şəhəri, Gəncə şəhəri,  Naxçıvan şəhəri, Şirvan şəhərində daha çox açılıb.
Nəzərə alsaq ki, hazırda bir çox bölgələrimizdə işsizlik problemi var. Xüsusi ilə rayon və kəndlərdə yaşayan əhali iri şəhərlərə gəlir. 

Bəs yeni iş yerlərinin çoxu niyə Bakı və iri şəhərlərdə açılır?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, hazırda ölkəmizin əsas iqtisadi potensialı Abşeron iqtisadi zonasında və Bakıda cəmləşib:

“Bu da həmin ərazilərdə yeni iş yerlərinin daha çox açılmasına səbəb olur. Bakı hazırda məskunlaşma üzrə ölkənin ən böyük şəhərlərindən biridir. 

Bundan başqa bir iş yerinin açılması həm də infrasrtuktur və bazar imkanları ilə bağlıdır. Buna görə də daha çox böyük şəhərlərimizdə yeni iş yerləri, yeni müəssisələr açılır. Bura həm özəl sektor, həm də dövlət sektorunda açılan yeni iş yerləri daxildir”. 

Bölgələrdə yeni iş yerlərinin açılması haqqında da danışan iqtisadçı bildirib ki, bununla bağlı dövlət tərəfindən müəyyən proqramlar qəbul edilib:

“Bakı ilə bölgələr arasında tarazlı inkişafın təmin edilməsi ilə bağlı strateji plan tərtib olunub. Təəssüf ki, bəzən bu tam nəticəsini vermir. Bu gün bəzi bölgələrimizdə müəssisələrin sayı azdır. Bunun da müxtəlif səbəbləri var. Səbəblərdən biri bölgələrimizdə bazarın məhdud olmasıdır. Buna görə də sahibkarlar daha çox iri şəhərlərə can atırlar. Çünki bu yerlərdə satış imkanları çox genişdir. Hesab edirəm ki, bölgələrdə sahibkarlar üçün daha böyük və imtiyazlı şəraitin yaradılmasına ehtiyac var”.

Eyyub Kərimli vurğulayıb ki,  gələcəkdə isə işğaldan azad olunmuş bölgələrdə iş yerlərinin daha da çox açılmasına ehtiyac olacaq:

“Bu da bölgələrdə açılan yeni işyerlərinin sayının artmasına təsir göstərəcək. Yaxşı olardı ki, gələcəkdə bölgələrdə sahibkarlar üçün böyük imtiyazlar tətbiq edilsin, onlara uyğun şərait yaradılsın. Bütün bu görüləcək tədbirlər isə yeni iş yerlərinin açılmasına öz müsbət təsirini göstərə bilər”. 

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
valyuta.az

10Mənbələr